Azərbaycanın Dünya İqtisadi Forumuna töhfəsibackend
Cəmiyyət
128

Azərbaycanın Dünya İqtisadi Forumuna töhfəsi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya İqtisadi Forumunun (DİF) 2025-ci il toplantısı İsveçrənin Davos şəhərində öz işinə başlayıb.

Apress.az xəbər verir ki, sayca 55-ci olan Forum bu il “Ağıllı əsr üçün əməkdaşlıq” devizi altında keçirilməklə hökumət, biznes və vətəndaş cəmiyyətinin ən yüksək səviyyəli liderlərini, eləcə də tanınmış elmi və mədəni düşüncə sahiblərini bir araya gətirir. Bu ilki toplantı etibarlı qlobal dialoq və əməkdaşlıq platforması kimi müxtəlif maraqlı tərəfləri birləşdirməklə mürəkkəb dövrdə əlaqələri gücləndirmək, gələcəyə yönəlmiş baxışlar və həllər təqdim etmək məqsədini daşıyır. Eyni zamanda, Forum çərçivəsində “Mürəkkəblikdə liderlik” adlı xüsusi istiqamət müzakirəyə çıxarılacaq.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İqtisadi təhlil şöbəsinin müdiri Günay Quliyeva bildirir ki, “Ağıllı əsr üçün əməkdaşlıq” başlığı altında keçirilən builki Davos Forumu qlobal problemlərin həlli istiqamətində beş əsas mövzunu əhatə edir. Bunlar qlobal iqtisadi artımın yeni mənbələrinin müəyyən edilməsi və daha dayanıqlı iqtisadiyyatların qurulmasına yönəlmiş “İnkişafın yenidən təsəvvürü”, sənaye liderlərinin texnoloji dəyişikliklər və yeni sənaye dinamikaları ilə uzunmüddətli prioritetlərini tarazlaşdırmalarına kömək edən “Ağıllı dövrdə sənayelər”, insan kapitalının inkişafını və ona investisiyanı təşviq edərək dayanıqlı cəmiyyətlərin qurulmasına dəstək verən “İnsanlara investisiya”, iqlim və təbiət problemlərinin həlli üçün innovativ tərəfdaşlıqların qurulmasını, maliyyələşdirmənin artırılmasını və qabaqcıl texnologiyaların tətbiqini əhatə edən “Planeti qorumaq” və  beynəlxalq arenada və cəmiyyət daxilində etimadın bərpası üçün yeni əməkdaşlıq yollarını araşdıran “Etimadın yenidən qurulması” mövzularıdır.

Günay Quliyeva əlavə edir ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında Dünya İqtisadi Forumunun mühüm tərəfdaşlarından birinə çevrilib. 2020-ci il yanvarın 21-də Davosda imzalanan niyyət protokolu əsasında ölkəmiz Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinə qoşulub və qlobal innovasiya proseslərində fəal rol oynamağa başlayıb. Bu təşəbbüs çərçivəsində İqtisadiyyat Nazirliyinin tabeliyində 2022-ci ildə fəaliyyətə başlayan Dördüncü Sənaye İnqilabı Mərkəzi (4SİM) həm qlobal miqyasda, həm də yerli iqtisadi transformasiya layihələrinin həyata keçirilməsində əhəmiyyətli rol oynayıb.

Qeyd edək ki, Prezident İlham Əliyev hazırda Davosdadır və artıq Forumun bir neçə mühüm müzakirəsində iştirak edib. Bununla yanaşı, 23 yanvar tarixində keçiriləcək “Caspian Crossroads and Currents” adlı paneldə də dövlət başçısının iştirakı nəzərdə tutulur. Bu panel çərçivəsində regionun strateji əhəmiyyətini artıran əsas iqtisadi və siyasi məsələlər gündəliyə gətiriləcək. Prezident İlham Əliyevin indiyədək Forum çərçivəsində apardığı müzakirələr regional əməkdaşlıq, enerji təhlükəsizliyi və iqtisadi inkişaf məsələlərinə dair dərin analitik baxışların təqdim olunmasına mühüm töhfə verib və onun növbəti çıxışı da beynəlxalq ekspertlər tərəfindən böyük maraqla gözlənilir.

İİTKM-in şöbə müdiri məlumat verib ki, Forum ərəfəsində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) ilə əməkdaşlıq çərçivəsində Dünya İqtisadi Forumunun (DİF) “Strateji Zəka” (Strategic Intelligence) platformasında rəsmi məzmun təchizatçısına çevrilib. Bu əməkdaşlıq çərçivəsində Mərkəzin veb saytı Platformanın texniki tələblərinə uyğunlaşdırılıb, müvafiq bölmələr yaradılıb və Mərkəzin əməkdaşları tərəfindən hazırlanmış ölkə və qlobal əhəmiyyətli məzmunlar müvafiq bölmələrə yerləşdirilib.

DİF-nin “Strateji Zəka” Platforması dayanıqlı inkişaf və iqlim dəyişikliyi, iqtisadi artım və inkişaf, texnoloji inkişaflar və yeniliklər, qlobal sağlamlıq problemləri, cəmiyyətin transformasiyası və idarəetmə kimi qlobal problemləri əhatə edir. Bu təşəbbüs Azərbaycanın qlobal intellektual şəbəkələrə inteqrasiyasını gücləndirəcək, innovasiya sahəsində yeni imkanlar yaradacaq və ölkəmizin mövqeyini əks etdirən məzmunların daha geniş beynəlxalq auditoriyaya çatdırılmasını təmin edəcək.

Qeyd edək ki, Dünya İqtisadi Forumu 1971-ci ildə Klaus Şvab tərəfindən təsis edilib, qlobal sənaye liderləri arasında əməkdaşlıq mühitinin gücləndirilməsi, məsuliyyətli idarəetmənin təşviqi və qlobal çağırışlara innovativ həllərin təqdim edilməsi məqsədini daşıyan nüfuzlu beynəlxalq platformadır. İsveçrənin Cenevrə şəhərində yerləşən mənzil-qərargahı ilə Forum 1000-dən çox qabaqcıl şirkətin üzvlüyünü özündə birləşdirərək dünya miqyasında iqtisadi inkişafın əsasını təşkil edən ideyaların formalaşdırılmasında mühüm rol oynayır.

Günay Quliyeva vurğulayır ki, Dünya İqtisadi Forumunun 2025-ci il toplantısı qlobal problemlərə kollektiv həll yolları axtarışında əhəmiyyətli bir mərhələdir. Azərbaycan bu tədbirdə aktiv iştirakı ilə öz mövqeyini möhkəmləndirərək beynəlxalq əməkdaşlığa töhfəsini davam etdirir.