Azərbaycanla sülh müqaviləsi bağlamağa çalışırıq – Paşinyanbackend
Cəmiyyət
200

Azərbaycanla sülh müqaviləsi bağlamağa çalışırıq – Paşinyan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqına (Aİ) üzvlük prosesinə başlamaq təşəbbüsü vətəndaş cəmiyyətindən gəlib. Bununla bağlı qanun layihəsi təqdim etdilər və hökumətimiz bunu təsdiqlədi. Parlamentimizin bu qanunu təsdiqləməsi ehtimalı yüksəkdir və biz Aİ ilə gələcək hüquqi yaxınlaşma prosesinə başlayacağıq.

Apress.az xəbər verir ki, bunu yanvarın 23-də Davosda Dünya İqtisadi Forumu çərçivəsində təşkil olunan panel müzakirəsi zamanı Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

“Niyə biz Avropa İttifaqına daha yaxın olmaq istədik? Çünki biz demokratik dövlətik. Bu halda demokratiyanın əsas axınında olmaq istəyirsən. İndi də biz Aİ ilə çox sıx əməkdaşlıq edirik. Açığını deyim ki, son illər Avropa İttifaqı ilə münasibətlərimizdə çox böyük dəyişikliklər və irəliləyişlər olub. Məsələn, biz uzun illərdir gündəmimizdə olan viza rejiminin liberallaşdırılması sazişi ətrafında danışıqlara indi başlamışıq. Və ümid edirəm ki, biz onu  ən qısa zamanda tamamlayıb sənədi imzalaya biləcəyik. İndi Ermənistan Avropa Sülh Aləti proqramına daxildi. Ölkəmizdə Avropa Mülki Müşahidəçilər Missiyası fəaliyyət göstərir ki, bu da çox vacibdir. Biz Ermənistan-Avropa İttifaqı hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq sazişinin icrası prosesindəyik və çox sıx əməkdaşlıq edirik”, – Paşinyan bildirib.

Aİ ilə iqtisadi əlaqələrə toxunan baş nazir qeyd edib: “Təbii ki, biz iqtisadi baxımdan da Avropa İttifaqına daha yaxın olmaq istəyirik. Amma digər tərəfdən, biz iqtisadi baxımdan regionumuzun ölkələri ilə daha yaxın olmaq istəyirik. Təəssüflər olsun ki, müstəqilliyimizin ilk günlərindən biz bir növ iqtisadi təcrid vəziyyətindəyik, çünki Türkiyə və Azərbaycanla sərhədlərimiz bağlı olub və bağlı qalır. Bu addımla təkcə regionumuzda deyil, bütün dünyada dəyişikliklər edirik”.

Paşinyanın sözlərinə görə ermənistan balanslaşdırılmış xarici siyasət yürütmək qərarına gəlib:

“Bu o o deməkdir ki, biz Avropa İttifaqı və Rusiya ilə münasibətlərimizdə balans yaratmağa çalışacağıq.

İranla əlaqələrimiz çox önəmlidir. Biz Türkiyə ilə diplomatik əlaqələr qurmağa çalışırıq. Biz Azərbaycanla sülh müqaviləsi bağlamağa çalışırıq. Və bu, əlbəttə ki, asan deyil. Ancaq digər tərəfdən, bunun mümkünsüz olduğunu düşünmürəm”.

Türkiyə ilə diplomatik əlaqələr qurulması barədə danışarkən o deyib: “Məndən soruşurlar ki, bu məsələdə optimistəm, yoxsa pessimist? Mən nə optimist, nə də pessimistəm. Mən praqmatikəm. Sadəcə başa düşürəm ki, problem həll olunana qədər işləmək lazımdır. Əsas və məncə, ən əsası sülh gündəmindən kənara çıxmamaqdır. Məqsədimizə diqqət yetirməli və təslim olmadan və ümidsizliyə qapılmadan işləməyə davam etməliyik. Bu halda biz beynəlxalq ictimaiyyətin dəstəyini alacağıq və ümid edirəm ki, bu dəstək veriləcək”.