Erməni təbliğat maşını Sumqayıt hadisələrinin 35 illiyini “qeyd etməyə” hazırlaşır. Heç kimə sirr deyil ki, 1988-ci ilin fevral ayının 28-də baş vermiş bu hadisələr SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin erməni millətçiləri ilə birlikdə Azərbaycana qarşı təşkil etdiyi və həyata keçirdiyi təxribatların tərkib hissəsi idi. Əsas məqsəd isə antiazərbaycan təbliğatı aparmaq, çürüməkdə olan sovetlər rejimini xilas etmək, gələcək işğala və 20 yanvar qırğınına zəmin hazırlamaq idi.
Prezident İlham Əliyevin göstərişi əsasında SSRİ Baş Prokurorluğu tərəfindən istintaqı aparılaraq sonradan dayandırılmış beş cinayət işinin icraatı təzələnərək vahid icraatda birləşdirildi və istintaqın aparılması aidiyyatı orqanlara həvalə edildi. İstintaq qrupu müəyyən etdi ki, bu hadisələr təxribatçı qüvvələr tərəfindən ssenariləşdirilib və erməni separatçıları tərəfindən həyata keçirilib. Erməni millətindən olan zərərçəkənlər təsdiq edirlər ki, təxribatçılar Eduard Qriqoryanın təlimatı əsasında hərəkət ediblər.
“Böyük Ermənistan” xülyası daşnakları 200 illik zaman kəsimində və tarixin müxtəlif mərhələlərində azərbaycanlılara qarşı soyqırımlar həyata keçirməyə sövq edib. 1905-1907, 1914-1916, 1918- 1920, 1948-1953 və 1988-ci ildən bu yana baş verən hadisələr erməni faşizminin, vəhşiliyinin bariz nümunəsidir. 1992-ci il fevral ayının 26-na keçən gecə Xocalı şəhəri erməni silahlıları tərəfindən yerlə-yeksan edilib, uşağa, qadına, qocaya baxmadan dinc əhali məhv edilib. Rəsmi rəqəmlərə görə 613, reallıqda isə 2000-dən artıq soydaşımız qətlə yetirilib.
44 günlük vətən müharibəsində əldə olunan tarixi Zəfər “Böyük Ermənistan” xülyası ilə alışıb-yanan şovinist erməni millətçilərinə sarsıdıcı zərbə oldu. İqtisadi fəlakət, sosial məhrumiyyətlər fonunda inildəyən və çıxış yolunu mühacirətə üz tutmaqda görən vətəndaşlarını saxta tarix, uydurma nağıllarla ovsunlamağa çalışan, lay-lay çalan Ermənistanın ideoloji-siyasi rəhbərliyi Müzəffər Ali Baş Komadanın və rəşadətli Azərbaycan Ordusunun “Dəmir Yumruğ”u qarşısında əbədiyyətə qovuşdu.
Artıq fərqindədirlər ki, “Böyük Ermənistan”, “məzlum xalq” kimi populist və məzmunsuz şüarlar işə yaramır. Ermənistanın sadəcə bir yolu var – Azərbaycanla, Türkiyə ilə sülhə və barışığa nail olmaq. Məhz elə bunun nəticəsidir ki, Ermənistan seçiciləri müharibədə məğlub olmuş rəhbərə – Paşinyana yenidən etimad göstərdilər. Əslində onlar Paşinyana yox, müharibənin əleyhinə səs verərək, sülhdən yana olduqlarını bütün dünyaya nümayiş etdirdilər. Bir halda ki, artıq Ermənistan vətəndaşları da sizin saxta təbliğatınıza alət olmaq niyyətində deyil, tarixi təhrif etməyə, təxribatçı əməllərinizə son qoyun!
“Böyük Ermənistan”a yox, böyük dünyaya açılın. Məhz işğalçılıq siyasətinizin nəticəsidir ki, bütün regional iqtisadi layihələrdən kənarda qalmısınız. Yenidən o səhvləri təkrarlamayın. Əmin olun ki, dövr dəyişib, şərait başqadır və belə bir dövrdə “ideoloji nifrətin” əsiri olmaq Azərbaycanı və Türkiyəni yox, sizi məhvə sürükləyəcək.
Başınızın üzərində “sülh göyərçinləri” gəzdirin, “Dəmir Yumruq” yox…
Müəllif: Azər Niftiyev