BPC sədri beynəlxalq təşkilata üzv oldu – “SheTrades Global”da təmsil olunacaqbackend
İqtisadiyyat
735

BPC sədri beynəlxalq təşkilata üzv oldu – “SheTrades Global”da təmsil olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Biznes Partnyorları Klubunun (BPC) sədri Gülpəri Bayramova dünyanın nüfuzlu təşkilatlarından olan “SheTrades Global”ın üzvlüyünə qəbul edilib. Azərbaycandan yeganə üzv olan BPC sədri ilə bağlı qərar qurumun Regional Mərkəzi tərəfindən qəbul edilib.

“SheTrades Global” beynəlxalq platforması qadın sahibkarlar arasında inteqrasiyanı gücləndirmək və qarşılıqlı ticarət mübadiləsini artırmaq istiqamətində fəaliyyət göstərir. Afrika, Asiya, Cənubi Amerika, Karib dənizi və Avropada 12 Regional Mərkəzi fəaliyyət göstərən “SheTrades Global” 85 ölkədən minlərlə qadın sahibkarı öz ətrafında birləşdirir. Gülpəri Bayramovanın üzvlüyü ilə bu ölkələrin sayı Azərbaycanın timsalında 86-ya çatıb.

Beynəlxalq ticari münasibətlər sistemində qadınların məşğulluğunun artırılmasına, biznes təşəbbüslərinin həyata keçriilməsinə,  daha ədalətli biznes ekosisteminin yaradılmasına yönələn platforma biznes-ledilər üçün potensial alıcılar, investorlar və tərəfdaşlarla dialoq imkanı yaradır. “SheTrades Global”ın Efiopiya, Böyük Britaniya, Türkiyə, Braziliya, Ruanda, Meksika və Çində keçirilən sammitlərinə 85-dən çox ölkədən nümayəndələr daxil olub və qadın sahibkarlar üçün 80 milyon dollardan çox yeni biznes yaradıb.

Xatırladaq ki, Gülpəri Bayramova gənc yaşlarından biznes fəaliyyəti ilə məşğuldur. Paytaxtın iri marketlər şəbəkəsini meyvə-tərəvəz məhsulları ilə təhciz edən, eləcə də emal, idxal və ixrac fəaliyyəti ilə məşğul olan “Agromix” şirkətinin təsisçisi və direktorudur. 2023-cü ilin fevralından Azərbaycan Biznes Partnyorları Klubunun (BPC) İdarə Heyətinin sədridir. Yerli istehsalın və “Made in Azerbaijan” brendinin təşviqi, xarici bazarlara çıxış missiyası ilə fəaliyyət göstərən BPC ölkəmizin nüfuzlu sahibkarları tərəfindən ərsəyə gətirilib. Hazırda BPC-də 100-dən artıq yerli şirkət kollektiv şəkildə təmsil olunur. Qurum azərbaycanlı sahibkarların Serbiya, İordaniya, Küveyt, Səudiyyə, Belarus, Özbəkistan, Türkiyə və digər dövlətlərlə ticari təmaslarının formalaşmasına müvəffəq olub.