BPC sədri: “Bu günə qədər yüzlərlə layihə həyata keçirmişik” – MÜSAHİBƏbackend
Manşet
742

BPC sədri: “Bu günə qədər yüzlərlə layihə həyata keçirmişik” – MÜSAHİBƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən ilin fevralında təsis olunan və müxtəlif biznes sahələrində uğur qazanan iş adamlarını öz ətrafına toplayan Azərbaycan Biznes Partnyorları Klubu (BPC) ölkəmizin aparıcı kollektiv ticari birliklərindən biridir. BPC-nin ərsəyə gəlməsində və məşhurluq qazanmasında əvəzsiz rolu olan Gülpəri Bayramova eyni zamanda “Agromix” şirkətinin təsisçisi və direktorudur.

Gənc olmasına baxmayaraq, ciddi biznes uğurlarına nail olan Gülpəri xanım “Made in Azerbaijan” brendinin və yerli ixracın təşviqində də fəal iştirak edir. Təsadüfi deyil ki, bu uğurlu fəaliyyətinə görə, dəfələrlə Azərbaycanda və beynəlxalq miqyasda müxtəlif təltiflərə layiq görülüb, fəaliyyəti yüksək dairələrin diqqətini çəkib.

Onunla söhbətimizdə rəhbəri olduğu Azərbaycan Biznes Partnyorları Klubunun (BPC) fəaliyyəti, gələcək planları və digər mövzular ətrafında müzakirələr apardıq.

– Qısa müddətdir yaranmasında baxmayaraq, Azərbaycan Biznes Partnyorları Klubu (BPC) biznes elitasında kifayət qədər populyarlıq qazandı. BPC-nin fəaliyyəti hazırda nə yerdədir və qarşıda hansı layihələriniz nəzərdə tutulub?

– 2023-cü ilin fevral ayından etibarən fəaliyyətə başlasaq da, ötən müddət ərzində 100-dən artıq kiçik və orta biznes subyektini öz ətrafımızda toplaya bildik. Hansı ki, buna qədər BPC-nin rəhbərliyində təmsil olunan iş adamları anoloji fəaliyyətlərini digər ticari birliklərdə davam etdirirdilər. Sonradan qərara gəldik ki, güclərimizi birləşdirək. Həmin zaman üçün qarşımızda duran əsas sual bu idi – Azərbaycan Biznes Partnyorları Klubunu digər təşkilatlardan fərqləndirəcək əsas cəhətlər nə olacaq? Təbii ki, yerli istehsalın artırılması və “Made in Azerbaijan” brendinin təşviqini əsas fəaliyyət istiqaməti olaraq götürdük. Koronavirus pandemiyası, beynəlxalq münasibətlər sistemindəki gərginliklər ərzaq təhlükəsizliyi də daxil olmaqla, daxili istehsalın artırılmasını və ixcracın stimullaşdırılmasını labüd edirdi. Azərbaycan hökuməti də bu istiqamətdə səylərini gücləndirib və bu bizə motivasiya verir. Eləcə də İqtisadiyyat Nazirliyinin, digər aidiyyatı dövlət qurumlarının kollektiv biznes və peşə birliklərinin fəaliyyətinə artan diqqət və dəstəyi də digər ticari birliklər kimi, bizim də qarşımızda geniş imkanlar açır.

Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, Azərbaycan Biznes Partnyorları Klubu (BPC) ötən dövr ərzində kifayət qədər populyarlıq qazanmağa müvəffəq olub. Bu barədə kütləvi informasiya vasitələrində və sosial media hesablarımızda ictimaiyyətə vaxtaşırı məlumatlar təqdim edirik. Məhz elə buna görə də, bu mövzunun üzərində çox dayanmaq istəmirəm. Əsas diqqətimiz qarşıdakı layihələrin həyata keçirilməsinə yönəlib. Dünyanın müxtəlif ölkələrindən olan biznes portnyorlarımızla yeni və ortaq layihələrin həyata keçirilməsi üzərində işləyirik. Bu sırada postsovet ölkələri ilə yanaşı, Türkiyə, İran kimi qonşu dövlətlər, habelə Avropa, ərəb ölkələri ilə yeni əməkdaşlıq formatları nəzərdə tutulub. Məqsədimiz qarşılıqlı ticarət dövriyyəsinin artırılmasına, münasibətlərin yüksəldilməsinə, konseptual sənədlərin və yol xəritələrinin hazırlanmasına və birgə tədbirlərin keçirilməsinə nail olmaqdır. BPC olaraq bu günə qədər yüzlərlə layihə həyata keçirmişik.

– “Made in Azerbaijan” brendinin təvşiqi Azərbaycan dövlətinin elan etdiyi prioritet istiqamətlərdən biridir. Sizin də əsas fəaliyyət yönlərinizdən biri budur. BPC beynəlxalq tərəfdaşlarla münasibətlərini hansı səviyyədə tənzimləyir?

– Cənab Prezident İlham Əliyev 2016-cı ilin oktyabrında yerli qeyri-neft məhsullarının “Made in Azerbaijan” adı altında xarici bazarlarda genişmiqyaslı təbliğini nəzərdə tutan Fərman imzaladı. Bu Fərman “Made in Azerbaijan” brendinin ölkə xaricində tanıdılması və ixracın stimullaşdırılması məqsədilə 10 fərqli mexanizmini, dəstək tədbirlərini əhatə edir. İxrac missiyaları, Azərbaycan ərazisinə alıcı missiyalarının təşkili, beynəlxalq sərgi və yarmarkalarda vahid ölkə stendi ilə iştirak, beynəlxalq sərgi və yarmarkalarda fərdi qaydada təmsil olunmaq, bazar araşdırmaları, beynəlxalq sertifikatların alınması, xarici ölkələrdə fəaliyyət göstərən dükanlar şəbəkələrində “Made in Azerbaijan” rəflərinin yerləşdirilməsi, xarici ölkələrin ictimai kluarlarında və beynəlxalq KİV-də təbliğat, tədqiqat-inkişaf proqram və layihələri, eləcə də digər istiqamətləri əhatə edən bu ali sənəd dövlətin elan etdiyi prioritet istiqamətlərdən biridir.

Azərbaycan Biznes Partnyorları Klubu (BPC) olaraq qeyd olunan istiqmətlər üzrə fəaliyyətimizi davam etdiririk. Yerli sahibkarların xarici bazarlara çıxışı istiqamətində bnir çox uğurlu layihələr icra etmişik. Müxtəlif dövlətlərdə yerli iş adamları ilə birlikdə dialoqlarda iştirak etmişik və çox uğurlu da nəticələri olub. Təsadüfi deyil ki, BPC-nin üzvü olan iş adamları bu imkandan yararlana biliblər. Beynəlxalq sərgi və yarmarkalarda iştirakımıza dair çoxlu nümunələr mövcuddur. Bu sırada Səudiyyə Ərəbistanı Krallığında, Rusiyada, Türkiyədə və digər ölkələrdə keçirilən tədbirləri qeyd edə bilərik. BPC sədri olaraq dəfələrlə ABŞ və Avropa mediasında Azərbaycan həqiqətlərinin yayılması, ölkəmizin ixrac potensialı ilə bağlı məqalələrim dərc olunub. Deməkdə məqsədim odur ki, bütün qeyd olunan istiqamətlər üzərində ayrı-ayrılıqda işləyirik və bu çoxvektorlu istiqamətdə fəaliyyətimiz bundan sonra da davam edəcək.

– Azərbaycanda qadın sahibkarlığının inkişafı keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. BPC-nin sədri və biznes-ledi olaraq necə düşünürsünüz? Sizcə, qadın sahibkarlığının inkişafı istiqamətində daha hansı addımlar atılmalıdır?

– Qadınların iqtisadiyyatda rolunun artırılması həm də BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 17 hədəfindən biridir. Son 20 ildə isə iş dünyasında qadınların rolu və çəkisinin intensiv artdığı göz önündədir. Xanımların sahibkarlıq fəaliyyətini artırmaq, onların hüquqlarının qorunması və layiqli əməyin təmin olunması, müasir dövrün və əmək bazarının tələblərindən irəli gələn istiqamətlər üzrə maarifləndirici layihələrin həyata keçirilməsi Azərbaycanda bu sahədə atılan addımlardan sadəcə bir neçəsidir. Qadınların hüquqlarının qorunması onların iqtisadi müstəqilliyi ilə bilavasitə bağlıdır. Bu səbəbdən qadın sahibkarlığının inkişafı müstəsna əhəmiyyət kəsb edir və olduqca aktual mövzudur. Qadınlar arasında sahibkarlığın inkişafı bütövlükdə cəmiyyətin inkişafına təkan edir. Azərbaycanda qadın sahibkalığının inkişafı üçün münbit şərait, əlverişli hüquqi baza mövcuddur, dövlət tərəfindən sahibkarlıqla məşğul olanlara diqqətlə yanaşılır, onların iqtisadi potensiallarının artırılması, hüquqi, texniki və maliyyə yardımlarının göstərilməsi istiqamətində mühüm addımlar atılır. Son iki ildə isə Azərbaycanda sahibkar qadınların sayı iki dəfə artıb. Bu kifayət qədər yüksək göstəricidir.

Lakin bununla yanaşı, bəzi addımlar da var ki, onların da həyata keçirilməsinə, icra və işlək mexanizmlərinin formalaşdırılmasına xüsusi ehtiyac var. Mən burada cins fərqinin qoyulmasının əleyhinəyəm. Maliyyə təsisatlarının özəl sektorla münasibətlərini yeni mərhələyə daşıması, kredit əlçatanlığının təmin olunması və faiz dərəclərinin azaldılması bu sırada xüsusi yer tutur. Əgər biz doğrudan da özəl sektorun, ələxsus da, kiçik və orta biznes subyektlərinin fəaliyyətində əsaslı dönüşə nail olmaq istəyiriksə, bu sahədə ciddi islahatlar aparmalıyıq. Yerli istehsalın artırılması və “Made in Azerbaijan” brendinin təşviqi innovativ biznes ideyalarının işlək olması ilə birbaşa əlaqədardır. Bu layihələri həyata keçirmək üçün isə sahibkarlara güzəştli kreditlər təqdim olunmalıdır. Ümid edirəm ki, zamanla bu problemlər də öz həllini tapacaq.

– Aqrar sektor meyvə və tərəvəzin ən bol, ən bərəkətli dövrünə – yay fəslinə qədəm qoyur. “Agromix” brendi bu mövsümdə alıcılarını hansı sürprizlərlə sevindirməyi qərarlaşdırır?

– “Agromix” şirkəti cəmi 5 ildir fəaliyyət göstərməsinə baxmayaraq, bazarda aparıcı oyunçulardan biridir. Daimi öz üzərimidə işləmək, fəaliyyətimizi genişləndirmək, yeni biznes kanalları yaratmaq əsas fəaliyyət strategiyamızdır. Bu məqamda qeyd edim ki, yaxın dövrdə “Agromix”in fəaliyyətə başlamasının 5 illik yubileyini qeyd edəcəyik. İxracla əlaqədar əlaqələrimizi gücləndirmək niyyətindəyik. Rusiyaya, ərəb ölkələrinə meyvə və tərəvəz məhsullarının ixracını, İran, Türkiyə, Gürcüstan, Avropa və Cənubi Afrika ölkələrindən isə idxalını artırmağı nəzərdə tuturuq. Artıq bütün hazırlıqlar yekunlaşmaq üzrədir və yaxın aylarda bu istiqamətdə fəaliyyətimizdə yeniliklər olacaq. Eyni zamanda tərəvəz məhsullarının istehsalı və qablaşdırılmasını həyata keçiririk ki, bu da öz növbəsində istehlakçılar tərəfindən böyük maraqla qarşılanır. Paytaxtın marketlər şəbəkələrini gündəlik meyvə və tərəvəz məhsulları ilə təhciz etməkdə davam etdirik. “Agromix” fəaliyyətini dövrün tələblərinə uyğun formada həyata keçirir və qarşıdakı dövrlərdə fəaliyyətimizdə çox ciddi yeniliklər olacaq.

– Müsahibə üçün, təşəkkür edirik. 

Marja.az