Bakıda “HB Güvən” klinikasında ekspress testlərinin nəticələri TƏBİB sistemində qeydə alınmır. Nəticələrin TƏBİB sisteminə salınması üçün müştərilərdən 100 manat ödəmək tələb olunur.
Bu barədə Anews.az-a müraciət edən Famil Əhmədov ( ad şərtidir – red.) bildirir ki, bir neçə gün öncə adı çəkilən klinikaya Covid-19 testi vermək üçün müraciət edib. Klinikada ona bildiriblər ki, 70 manata edilən test TƏBİB-in sisteminə düşməyəcək, yəni nəticə pozitiv çıxsa belə bunu vətəndaş yalnız özü biləcək. Uyğun olaraq onun xəstə olması barədə məlumat ümumrespublika statistikasında da əksini tapmayacaq. Əgər xəstə test nəticəsinin TƏBİB-in sisteminə düşməsini istəyirsə bunun üçün 100 manat ödəməlidir.
Faktın nə qədər doğru olduğunu öyrənmək üçün HB Güvən klinikasına zəng etdik və klinikadan faktı təsdiqlədilər.
“Exspress formada yaxma testinin götürülməsinin qiymət 70 manatdır. Amma TƏBİB-in sisteminə düşmür. Yəni testin nəticəsi pozitiv olsada, bu TƏBİB-in sisteminə düşməyəcək. Sentyabrın 1-dən qadağalar qoyula bilər ki, harasa gedəndə peyvənd sertifikasiyası tələb olunsun. Xəstəlik keçirən şəxslər isə peyvənd vurdurmaya bilərlər, amma sistemdə pozitiv nəticə qeyd olunmadığı üçün sizdən peyvənd sertifikasiyası tələb olunacaq. Çünki əvvəl pozitiv nəticə barədə sistemdə heç bir məlumat olmamış olur. Belə olan halda isə qadağa qoyulan yerlərə də vətəndaşlar gedə bilməyəcək”, – deyə, klinikadan bildirdilər.
Bir neçə başqa özəl klinikalarla ekspres testlərin necə həyata keçirilməsi ilə də maraqlandıq. Klinikalardan bildirdilər ki, Covid-19 üçün verilən bütün testlərin nəticələri TƏBİB-in sisteminə daxil edilir və respublika üzrə statistikaya salınır.
Məsələ ilə bağlı TƏBİB-lə əlaqə saxladıq. TƏBİB rəsmisi Kənan Kərimov açıqlamasında özəl klinikalarda test məsələsinin TƏBİB-ə bağlı olmadığını dedi. “Kimin nəzarət etdiyini bilmirik, çünki bizim nəzarətimizdə deyil”, – deyə Kənan Kərimov bildirdi