2021-ci ilin fevralında kənd təsərrüfatı mallarının ixracı 58,2 milyon dollara yüksəlib. Fevraldakı artım hesabına ilk 2 aylıq ixrac 110,5 milyon dollar olub və ötən ilin eyni dövrünə nisbətən 1,56 faiz artıb. Ötən ilin yanvar-fevralında kənd təsərrüfatı mallarının ixrac dəyəri 108,8 milyon dollar idi.
Sfera.az gömrük məlumatlarına istinadən xəbər verir ki, əsas kənd təsərrüfatı məhsullarından meyvə-tərəvəz ixracı 3,7 milyon dollardan çox artaraq 66,74 milyon dollara yüksəlib. Yanvar-fevral ayları ərzində ən çox xurma (37,1 milyon dollar), fındıq (19,3 milyon dollar) və pomidor (14,2 milyon dollar) ixrac edilib.
Müqayisə üçünbildirək ki, ötən ilin yanvar-fevralında pomidor ixracı 24,7 milyon dollar, fındıq ixracı 22,6 milyon dollar, xurma ixracı 14,1 milyon dollar olmuşdu.
Bu ilin ilk 2 ayında pomidor ixracı 42,5 faiz və fındıq ixracı 14,6 faiz azalıb, xurma ixracı 2,63 dəfə artıb.
İkinci ən çox ixrac edilən kənd təsərrüfatı məhsulu pambıq mahlıcı olub. Yanvar-fevralda 37,4 milyon dollarlıq pambıq mahlıcı satılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7 milyon dollar və ya 23 faiz artıb.