Cənubda günəş doğacaq – “molla rejimi” geri çəkilir…backend
Siyasət
852

Cənubda günəş doğacaq – “molla rejimi” geri çəkilir…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubda günəş doğacaq – “molla rejimi” geri çəkilir…

“Molla rejimi” təlaş içərisindədir. Aylardır davam edən kütləvi etirazları repressiv üsullarla boğmağa çalışan rəsmi Tehran konstitusiya dəyişiliklərinə hazırlaşır. Prezident İbrahim Rəisi ölkədə davam edən etirazlar fonunda 1979-cu ildə qəbul edilmiş konstitusiyasının bəzi maddələrinin dəyişdirilməsinin mümkünlüyünü bildirib. İnsanların hüquq və azadlıqlarını məhdudlaşdırmağa yönəlik fəaliyyəti ilə məşhurlaşan əxlaq polisi adlı mürtəce qurumu da ləğv ediblər. Güneyli soydaşlarımızın da aparıcı rol aldığı ardıcıl mübarizə öz məntiqi hədəfinə çatmaq üzrədir.

Buşehr, Kərəc, Ərdəbil, Qorqan, Zahidan, Gülan, Gülüstan, Kürdüstan, Ərdəbil, Təbriz və digər vilayətlərdə davam edən aksiyalar, Asiya çempionatının final mərhələsinə məcburi hicabsız qatılan Elnaz Rokabinin ailə evinin dağıdılması, 6 yaşlı Beyta Kiyaninin hərbçilərin açdığı atəş nəticəsində bir gözünü itirməsi, daha 21 nəfərə edam cəzasının verilməsi və digər bu qəbildən olan repressiv hücumlar fars rejiminin diktatorlara xas “özünüqoruma instinkti”nin son qığılcımlarıdır.

İranda 1300-ə yaxın tibb işçisi ölkəni tərk etməyə hazırlaşır. Bununla yanaşı, kütləvi şəkildə müəllimlərin, iş adamlarının da mühacirətə üz tutacağı bildirilir. Görünən odur ki, fars rejimi yolun sonuna doğru sürətlə irəliləyir və İran prezidentinin kontitusiya dəyişikliyi ilə bağlı vədləri də məhz bundan qaynaqlanır. “Molla rejimi” bu yolla etirazları yatıra bilsə, sözündən çıxacaq və heç bir konstitusiya islahatları aparmayacaq. Fəalların müqaviməti yetərli səviyyədə olmasa, bu “islahatlar” “respressiv aparat”ın daha da gücləndirilməsinə xidmət edəcək. Yox əgər öz müqəddəratı üçün real təhlükə görməkdə davam etsələr, o zaman bu dəyişikliyə gedəcək və bununla da öz mümkün çöküşünü daha da sürətləndirəcəklər.

// Azər Niftiyev