Deputatlara keçən ildən “miras qalan” qanun LAYİHƏLƏRİbackend
Cəmiyyət
159

Deputatlara keçən ildən “miras qalan” qanun LAYİHƏLƏRİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dekabrın 29-da Milli Məclisin payız sessiyasının son iclası keçirilib. İclasdan sonra deputatlar tətilə çıxıb.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, deputatlar yanvar ayının 1-dən 15-dək tətildə olacaqlar. Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılır.

Payız sessiyası parlament seçkilərindən təxminən 1 ay sonra, sentyabrın 30-da başlayıb. Bu sessiya çərçivəsində 18 plenar iclas, 130 komitə iclası, 1 dinləmə keçirilib, 84 qanun və 32 qərar qəbul olunub.

Apress.az-ın məlumatına görə, ötən il parlamentin yaz və payız sessiyalarının iş planına salınan, ancaq müzakirə edilməyən bir sıra qanunların bu il müzakirəyə çıxarılacağı gözlənilir.

Onlardan biri Ali təhsil haqqında qanun layihəsidir. Sözügedən qanun layihəsi bir neçə ildir hazırlıq mərhələsində olsa da, hələlik qəbul edilməsi mümkün olmayıb.

2021-ci ildə müzakirəyə təqdim olunan Ali təhsil haqqında qanun layihəsi 9 fəsil, 54 maddədən ibarətdir. Qarşıda duran əsas vəzifələrdən biri yenilikçi, yaradıcı, müstəqil düşüncəli, vətənpərvər şəxsiyyətin formalaşdırlmasıdır. Layihənin hazırlanması zamanı ölkəmizin təcrübəsi, mövcud olan normativ-hüququ aktlar, Avropa ölkələrinin ali təhsil sahəsində qanunları, beynəlxalq konvensiyaların müddəaları işçi qrupu tərəfindən geniş araşdırılıb, təhlil edilib.

Bu qanun Azərbaycanda ali təhsilin yenidən qurulması və Avropa təhsil məkanına ölkəmizdə əldə edilmiş təcrübənin, milli-mənəvi dəyərlərin, milli təhsil sistemimizin qorunması nəzərə alınmaqla tam uyğunlaşdırılması üçün hüquqi baza yaradır. Layihəyə əsasən, ali təhsil 4 səviyyəni müəyyən edəcək. Bu səviyyələr arasındakı keçidlər kreditlərin toplanması, təhsil müddətlərinin müəyyən edilməsi, əmək bazarının tələblərinə uyğun olaraq peşə standartlarının, peşə standartları əsasında isə ali təhsil proqramlarının hazırlanmasına imkan yaradacaq.

Hərbi qulluqçuların statusu haqqında yeni qanun layihəsi də ötən ilin həm yaz, həm də payız sessiyasının iş planına daxil edilib. Ancaq qanun müzakirəyə çıxarılmayıb. Qeyd edək ki, Hərbi qulluqçuların statusu haqqında hazırda qüvvədə olan qanun olsa da, yeni qanun layihəsinin hazırlanmasına ehtiyac yaranıb.

Ötən ildən “miras qalan” növbəti qanun layihəsi Beynəlxalq müqavilələr haqqındadır. Dekabr ayında məlumat verilib ki, qanun layihəsi artıq hazırlanıb. Layihəni işçi qaydada parlamentin Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsi hazırlayıb.

Yeni qanun layihəsi qanunverici orqanın payız sessiyası üçün işlər planına salınsa da, sənədin gələn ilin yaz sessiyası müddətində Hüquq siyasəti və dövlət quruculuğu, həmçinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında müzakirəyə çıxarılması nəzərdə tutulur.