Dollarla verilən kreditlərə tələb artır, faizlər yüksəlirbackend
İqtisadiyyat
293

Dollarla verilən kreditlərə tələb artır, faizlər yüksəlir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Son illərdə dollarla götürülmüş kreditlərdə orta faiz dərəcəsinin enməsi müşahidə edilir. 2019-ci ilin yanvarında dollarla olan kreditlərdə orta faiz 8,05 olduğu halda, 2021-ci ilin aprelin 1-də 5,1 faizə enib. 
APress.az bildirir ki, dollarla olan kreditlərdə ən çox ucuzlaşma fiziki şəxslərə verilən kreditlərdə qeydə alınıb. 2019-cu ilin əvvəlində əhalinin dollarla kredit borcu üzrə faizlər 14,67 idi. 2020-ci ildən borclanma faizləri düşdüyündən hazırda dollar kreditləri üzrə ümumi borc faizi 6,3-dür. Son 27 ayda dollarla kreditlərin 2,32 dəfə ucuzlaşması qeydə alınıb.
Dollarla kreditlərin ucuzlaşması hüquqi şəxslərə verilən vəsaitlərdə də müşahidə olunur. Müqayisə edilən müddətdə hüquqi şəxslərin dollarla kredit borcları 6,13 faizdən 4,92 faizə enib.
Təhlil göstərir ki, dollarla olan kredit borclarında orta faiz dərəcələrinin enməsinə yeni ayrılan kreditlər üzrə faizlərin düşməsi təsir edib. 2019-cu ilin əvvəlində dollarla yeni kreditlər 5,2 faizlə ayrılırdısa, 2021-ci ilin əvvəlində 3,4 faizlə ayrılıb. Yeni verilən kreditlərin ucuzlaşması ümumi kreditlər üzrə faizlərin düşməsinə səbəb olub.
Amma onu da qeyd edək ki, son aylarda bütün kreditlərin, o cümlədən dollarla verilən kreditlərin bahalaşması, yəni faizlərin yüksəlməsi dinamikası var. Bu ilin əvvəlində dollarla yeni kreditlər 3,4 faizlə verilmişdisə, fevralda 5,1 faizlə, martda 5,83 faizlə verilib.
Dollarla yeni verilən kreditlər üzrə faizlərin artmasını tələbin artması, kredit faizlərinin aşağı olması və dollar/manat kursunun sabit qalması səbəb olub.
Son aylarda banklar kreditləri artırsa da verilən kreditlər tələbdən azdır. Buna görə də banklar daha yüksək faizə razı olan müştərilərə kredit ayırır.
Digər tərəfdən dollar/manat kursu sabit qaldığından borcalanlar daha aşağı faizlə verilən dollar kreditlərini götürməkdə tərəddüd etmirlər. Hazırda dollarla verilən kreditlərdə faizlər manatla verilən kreditlərdəki faizlərdən 3 dəfə aşağıdır. Bu o deməkdir ki, dollarla götürülən kreditlər üzrə faizlərə xərclənən vəsait manatla müqayisədə 3 dəfə az olur. Buna görə də fiziki şəxslər, xüsusən qısa müddətə olan biznes kreditlərini dollarla götürməyə üstünlük verir ki, bu da tələbi artırır.
Məzənnə sabit qaldıqca, dollarla olan kreditlərə tələb artacaq. Bu halda dollarla kreditlərdə faizlərin bir qədər də yüksəlməsi mümkündür.
Sfera.az