Dövlət qurumları sorğuları niyə cavablandırmır? – EKSPERTbackend
İqtisadiyyat
242

Dövlət qurumları sorğuları niyə cavablandırmır? – EKSPERT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dövlət qurumlarına verilən informasiya sorğularının cavablandırılması sahəsində vəziyyət çox bərbaddır. İşimlə bağlı olduğundan informasiya sorğularının cavablandırılması sahəsində vəziyyətin hər il bir az da pisləşməsini böyük təəssüf hissi ilə izləyirəm”. 

Bu barədə Valyuta.az-a açıqlama verən iqtisadçı-ekspert Qalib Toğrul bildirib ki, əvvəllər informasiya sahibləri tərəfindən sorğunun vaxtında cavablandırılmaması və sorğuda qoyulan suallara mahiyyəti üzrə cavab verilməməsi problem idisə, indi ümumiyyətlə cavablandırılmaması tendensiyası yayğınlaşıb.

“38 gün əvvəl 6 dövlət qurumuna təşkilat rəhbəri kimi göndərdiyim sorğuya yalnız ikisi 20 gündən sonra cavab verdi. Həmin iki dövlət qurumu qoyulan sualları başdansovdu, qismən cavablandırıb. Digər 4 qurumdan səs də çıxmayıb, özlərini elə aparırlar ki, sanki məktub almayıblar. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa görə, Ombudsman informasiya sahibi olan dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və vəzifəli şəxslərin “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələri yerinə yetirməsinə nəzarəti həyata keçirməlidir” – deyə ekspert vurğulayıb.

Ekspert, Ombudsmanın parlamentə məruzəsinin mətnini nə Ombudsmanın, nə də Milli Məclisin saytında tapa bildiyini diqqətə çatdırıb: “Ona görə bilmirəm, informasiyanın əldə edilməsi ilə bağlı nə düşünür. Amma Ombudsmanın təklifləri mətbuata çıxıb, orda informasiya əldə edilməsi sahəsində vəziyyətin yaxşılaşdırılması ilə bağlı təşəbbüs yoxdur”.