Dünya liderləri və siyasətçiləri ABŞ-da keçirilən prezident seçkilərində qələbəsini elan edən respublikaçı namizəd Donald Trampa təbrik mesajları ünvanlayıblar.
Apress.az-ın məlumatına görə, bir çox ölkənin lideri Trampı təbrik edib.
Fransa Prezidenti Emmanuel Makron, Macarıstanın Baş naziri Viktor Orban, Litva Prezidenti Gitanas Nauseda, Latviya Prezidenti Edqars Rinkeviç, Ukrayna Prezidenti Volodimir Zelenski, İsrailin Baş naziri Benyamin Netanyahu, Serbiya Prezidenti Aleksandr Vuçiç, Avstriya kansleri Karl Nehammer, NATO-nun baş katibi Mark Rutte, El Salvador prezidenti Nayib Bukele və İtaliya baş nazirinin müavini Matteo Salvini Trampı təbrik ediblər.
Makron “sülh və firavanlıq naminə” respublikaçı ilə işləməyə hazır olduğunu bildirib. Macarıstanın baş naziri əmindir ki, Trampın qələbəsi “bütün dünya üçün çox lazımdır”. Netanyahu Donald Trampın Ağ Evə qayıtmasını “tarixi”, Zelenski isə təsirli hesab edib. Zelenski qeyd edib ki, o, “prezident Trampın həlledici rəhbərliyi altında güclü Amerika Birləşmiş Ştatlarının erasını gözləyir” və həmçinin Ukraynaya davamlı dəstəyi səbirsizliklə gözləyir.
Avstriya kansleri ABŞ-ı mühüm strateji tərəfdaş adlandırıb, o, “qlobal problemləri birlikdə uğurla həll etmək üçün” transatlantik əlaqələri daha da gücləndirməyə ümid edir. Latviya prezidenti də analoji ümidi dilə gətirib.
Vuçiç bildirib ki, Serbiya sabitlik, firavanlıq və sülh naminə ABŞ ilə əməkdaşlığa sadiqdir. İtaliyanın baş nazirinin müavini Matteo Salvini Donald Trampın qeyri-qanuni miqrasiya ilə mübarizə və vergilərin azaldılması planlarını, həmçinin “Xristian dəyərləri və sülhə qayıdış, ifadə və fikir azadlığı” ilə bağlı planlarını bölüşdüyünü bildirib.