Apress.az saytında “…haralardadır?” rubrikası geniş ictimaiyyətə tanış olan ictimai, siyasi, mədəniyyət, incəsənət, idman, ədəbiyyat xadimlərinin hazırda harada olduğunu xəbər verir.
Yaşlı və orta nəsildən olan jurnalistlər Baş Prokurorluğun Mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sultanovu yəqin ki, unutmayıblar.
Həmkarlarımız xatırlayarlar, Eldar Sultanov mətbuat katibi kimi iqtidar və ya müxalifət mətbuatına fərq qoymayıb, ona ünvanlanan suallara hansısa şəkildə cavab verməyə çalışıb. Yəni o, mediaya açıq mətbuat katibi kimi yadda qalıb. Başqa sözlə, hamını yola verməyə, Baş Prokurorluqdan incik salmamağa çalışıb.
Bəs ötən il təqaüdə göndərilən keçmiş mətbuat katibi haralardadır?
Modern.az saytının əməkdaşı Eldar Sultanovu arayıb-axtarıb və onunla danışmağa müyəssər olub.
60 yaşını geridə qoyan eks-mətbuat katibi səhhətinin qaydasında, kefinin yaxşı olduğunu söyləyib. Eldar müəllim jurnalistlərin onu hörmət və ehtiramla xatırlamalarına cavab olaraq bu münasibətlərin qarşılıqlı olduğunu vurğulayıb.
Təqaüddə olduğuna görə darıxmadığını deyən sabiq mətbuat katibi aradabir rayona, xüsusilə Gəncəyə, eləcə də ata-baba yurduna – Borçalıya gedib-gəldiyini də söyləyib.
Bəs vaxtilə – 2001-2006-cı illərdə Milli Məclisin o zamankı sədri, mərhum Murtuz Ələsgərovun köməkçisi işləmiş, 2008-ci ildən 2020-ci ilədək isə Baş Prokurorluğunun mətbuat xidmətinə rəhbərlik etmiş Eldar Sultanov xatirələrini qələmə almaq istəmir ki?
Müsahibimiz hələ ki, belə fikrinin olmadığını deyib.
Eldar Aslan oğlu Sultanov 1963-cü il martın 16-da Gürcüstanın Marneuli rayonunda anadan olub. 1969-1979-cu illərdə orta məktəbdə təhsil alıb.
Azərbaycan Aqrar Universitetinin İqtisadiyyat və Bakı Dövlət Universitetinin Hüquq fakültələrini bitirib. 1983-cü ildən dövlət qulluğunda, o cümlədən vergi orqanlarında çalışan E.Sultanov 2001-2006-cı illərdə Milli Məclis sədrinin köməkçisi işləyib.
2007-ci ildən isə prokurorluq orqanlarında xidmətə başlayıb. O, əvvəlcə Baş Prokurorluğun Təşkilat Analitik İdarəsinin prokuroru vəzifəsində çalışıb.
E.Sultanov 2008-ci ildən Baş Prokurorluğun Mətbuat xidmətinə rəhbərlik edib. Bu müddət ərzində o, Kütləvi İnformasiya Vasitələri ilə qarşılıqlı münasibətlərin daha da yaxşılaşmasına və yüksək əməkdaşlığa nail ola bilib.
Eldar Sultanovun mətbuat katibi işlədiyi dövr əsasən Baş prokuror Zakir Qaralovun vaxtına təsadüf edib.
2020-ci ilin iyununda E.Sultanov Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri postundan azad edilərək, digər vəzifəyə təyin edilib.
Yeni baş prokuror Kamran Əliyev müvafiq əmrinə əsasən, o, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin rəisi vəzifəsinə təyin edilib,
Azərbaycan Prezidentinin 30 sentyabr 2021-ci il tarixli sərəncamı ilə Eldar Sultanova III dərəcəli dövlət ədliyyə müşaviri (general-mayor) ali xüsusi rütbəsi verilib.
E.Sultanov sonuncu vəzifədə üç il işləyib və ardınca prokurorluqda qulluq keçməsinə xitam verilib.
2023-cü ilin martında 60 yaşı tamam olan E.Sultanov “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 32.2-ci maddəsinə əsasən, prokurorluqda qulluq etmənin son yaş həddinə çatdığına görə təqaüdə göndərilib.
Baş prokuror Kamran Əliyev martın 16-da Baş Prokurorluğun inzibati binasında onu qəbul edib, “Prokurorluğun fəxri işçisi” döş nişanı və hədiyyə təqdim edib.