“Ətirli gül” küləyə ram olmur – Azərbaycanda “şimal və cənub küləyi” əsir…backend
Siyasət
665

“Ətirli gül” küləyə ram olmur – Azərbaycanda “şimal və cənub küləyi” əsir…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
10 noyabr üçtərəfli bəyanatının imzalanması ilə Azərbaycan torpaqlarında yerləşdirilən Rusiya sülhməramlı kontingentinin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi, ölkəmizin diplomatik miqyasda artan rolu fonunda bu missiyadan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməsi “Rus sülhməramlıları sülhü qoruyur, yoxsa erməniləri” mövzusunda müzakirələrə yenidən aktuallıq qazandırıb.
Kreml imperiya maraqlarının “son qalası” hesab etdiyi postsovet məkanını nəzarətdə saxlamaq, ABŞ və Qərbin davamlı embarqoları qarşısında əyilən qamətini düzəltmək üçün qarşısında ağ bayraq qaldırmayan qonşu dövlətləri separatizm elementləri ilə təhdid edir. Azərbaycan ərazisindəki yaşayış məntəqələrimizin adlarının uydurma erməni toponimləri ilə qeyd olunması, o cümlədən “Dağlıq Qarabağ ərazisi” ifadəsinin işlənməsi Rusiyanın üzərinə götürdüyü öhdəliklərə, 10 noyabr üçtərəfli bəyanatına və Azərbaycanla Rusiya arasında imzalanmış müttəfiqlik bəyannaməsinə ziddir.
Kremlin “dirijor çubuğu” yenidən işə düşüb. Tarixi fəlakətlər, tökülmüş qanlar kimsəyə dərs olmayacaq qədər bu gün də davam edir. Nə təhdid ritorikası bitir, nə də yalanın kökü kəsilir. Torpağımıza, mədəniyyətimizə sahib olmaq istəyən siyasi dairələr hər vəchlə ətrafında güclənən dövlətin mövcudluğunu qəbul etmək istəmirlər. Ermənistandan yana əsən “şimal və cənub küləkləri” Bakını geri çəkilməyə təhrik etmək niyyəti daşıyır. Lakin Bakı da axı “küləklər şəhəridir” və “ətirli gül” küləyə ram olmur. Zəif, yöndəmsiz Ermənistan isə həm Rusiyanın, həm İranın, həm də Fransanın işinə çox yarayır.