“FM Consulting”in rəhbəri: “Qiymətləndirmə sektoru üçün daha bir yenilik gözlənilir”backend
İqtisadiyyat
235

“FM Consulting”in rəhbəri: “Qiymətləndirmə sektoru üçün daha bir yenilik gözlənilir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrində əmlakın qiymətləndirilməsi zamanı şəffaflığı, effektivliyi artırmaq, standartların tətbiqi məqsədilə vahid məlumat bazasından geniş istifadə olunur. Bu, qiymətləndiriciər üçün bazar dəyərini dəqiq müəyyən etməyə şərait yaradan unikal bir vasitədir”.

Bu sözləri “FM Consulting” qiymətləndirmə şirkətinin təsisçisi və direktoru, əmlak eksperti Nahid Həsənov söyləyib.

Onun sözlərinə görə, Azərbaycanda da vahid məlumat bazasının formalaşdırılmasına ciddi ehtiyac var: “Misal üçün, Avropada qiymətləndirmə üzrə vahid məlumat bazaları, xüsusilə də daşınmaz əmlak bazarında ümumi informasiya mənbəyi kimi istifadə olunur. Bu bazalar mülkiyyətin bazar dəyəri, bazar trendləri və müqayisəli satış məlumatlarını özündə ehtiva edir. Bu sistemlər qiymətləndiricilərin işini asanlaşdırmaqla yanaşı, investorlar və maliyyə qurumları üçün də etibarlı informasiya mənbəyinə çevrilir. Bu təcrübədən ABŞ, Böyük Britaniya, Avstraliya, eləcə də Şərq ölkələrində geniş istifadə olunur. Zamana və xərclərə qənaət, hüquqi tənzimləmə, şəffaflıq və etibarlılıq üçün vahid məlumat bazasıının formalaşması müstəsna əhəmiyyət kəsb edir. Hansı ki, beynəlxalq təcrübədə bir qayda olaraq qiymətləndirmə subyektləri və mütəxəssisləri bu bazadan istifadə edirlər”.

Əmlak eksperti qeyd edir ki, rəhbəri olduğu “FM Consulting” şirkəti ölkəmizdə qiymətləndiricilərin vahid məlumat bazası üzərində işləyir: “Nüfuzlu qiymətləndirmə mütəxəssisləri ilə birlikdə Azərbaycan Qiymətləndiricilərinin İşçi Qrupunu təsis etmək və ilkin fəaliyyət modeli olaraq qiymətləndiricilərin vahid məlumat bazasını formalaşdırmaq niyyətindəyik. Hazırda bu istiqamətdə ciddi iş gedir. Azərbaycanda qiymətləndirmə sektorunun yenidən dizayn olunduğu, müasir standartlara uyğunlaşdığı, “Qiymətləndirmə fəaliyyəti haqqında” yeni qanunun qəbul olunduğu, qiymətləndiricilərin tənzimləmə siyasətini həyata keçirəcək Qiymətləndiricilər Palatasının formalaşdığı bir şəraitdə belə bir addımın atılması strateji əhəmiyyət daşıyır” – Həsənov vurğulayır.

Əlavə edir ki, yaxın günlərdə Qiymətləndiricilər Palatasının formalaşması gözlənilir və qiymətləndirmə mütəxəssisləri olaraq Palatanın fəaliyyətinə töhfə vermək niyyətindədirlər: “Əminik ki, Qiymətləndiricilər Palatasının yeni rəhbərliyi ilə birlikdə bu mütərəqqi prosesi həyata keçirəcək və yekunlaşdıracağıq” – deyə, müsahibimiz fikrini tamamlayır.