Xasiyyət Rüstəmova: ” Vətən sevgisini sizləri tanıyandan sonra daha çox hiss etdim”
Gədəbəy rayonunda, Heydər Əliyev Mərkəzində Özbəkistanda çap olunmuş “44 gün” kitabının təqdimatı keçirilib. Tədbirdə kitabın müəllifi, Özbəkistanın şöhrət medallı şairəsi, “Kitab dünyası” qəzetinin baş redaktoru Xasiyyət Rüstəmova, Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev, tibb elmləri namizədi, dossent Rəşid Mahmudov, Milli QHT Forumu idarə heyətinin üzvü, türkoloq Əkbər Qoşalı, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar və digər tanınmış simalar iştirak ediblər.
Tədbiri giriş sözü ilə İ.Mustafayev açıb: “Bu kitab 44 günlük savaşa həsr olunmuş ən qiymətli kitablardan biridir. Bu kitab haqqında burada geniş məlumat veriləcək. Gələn hər kəsi ev sahibi olaraq salamlayıram. Tədbirin təşkilatçılarına təşəkkürümü bildirirəm. 44 gün xalqımız üçün çox xoş bir rəqəmə çevrilib. Ordumuz torpaqlarımızı azad etdi. 44 gün bəzi xalqların tarixində uğurlu rəqəm sayılmasa da, bizdə belə olmadı. Savaş gedən günlərin hər bir günü bizim üçün böyük bir tarixdir. Sonda qonağımıza bir daha təşəkkürümüzü bildirirəm”.
Daha sonra Gədəbəy haqqında hazırlanmış videoçarx nümayiş etdirilib.
Ardınca kitabın təqdimatı üçün söz Ə.Qoşalıya verilib. O çıxışında bunları deyib: “Burada iştirak edən hər kəsi salamlayıram. Bu il 50 illiyini qeyd etdiyimiz Xasiyyət xanım özbək ədəbiyyatının günəşidir. Onun kitabları Avropa, Asiyada, türk dünyasında nəşr olunub. Amma etiraf edək ki, onun Azərbaycana verdiyi dəyər daha yüksəkdir. Bəzən olub ki, qardaş dediyimiz ölkələrdə həqiqətlərimizi çatdırmaqda problemlərlə üzləşmişik. Amma Xasiyyət xanımın timsalında bizim həqiqətlər onun rəhbəri olduğu qəzetdə, yaradıcılığında daim ifadə olunub. Əminəm ki, Xasiyyət xanım həm də gələcəyi yazır. Xasiyyət xanım haqq-ədaləti müdafıə edən şairədir. O 44 günlük savaşımızda bizə misilsiz dəstək oldu. Bizdə bir söz var, heç nə unudulmur heç nə yaddan çıxmır. Xasiyyət xanım bizə ölkəsindən ultimatum göndərdi ki, mən hökmən Şuşaya getməliyəm. Onun arzusu yerinə yetdi. O eyni zamanda dilbər güşələrimizdən biri olan Gədəbəydə oldu. Xasiyyət xanımın yaradılacağında Azərbaycana münasibət davamlıdır. 44 gün ərzində Xasiyyət xanım məqalələr yazdı, hiss-həyəcanını ifadə edirdi. Xasiyyət xanımın indiki Azərbaycan səfərini də bir hadisə adlandırıram. Ən gözəl söz müəllif və onun əsəridir”.
Tədbirin bu hissəsində DGTYB-nin Xasiyyət xanıma və İ.Mustafayevə hədiyyələri təqdim olunub. Eyni zamanda, İbrahim müəllim icra hakimiyyətinin hədiyyələrini özbəkistanlı şairəyə təqdim edib.
Akademik Valeh Cəfərov çıxışında hər kəsi salamlayıb: “Gözəl tədbir üçün hər kəsə təşəkkür edirəm. Xasiyyət xanım, gözəl Gədəbəyimizdə sizin yubileyinizi təbrik edirəm. Bu torpaqlardan bir qarış naqislərə verilməyib. Hamımız 44 günümüzlə fəxr edirik. Biz vətənə, dövlətə, prezidentimizə olan sevgimizlə qalib gəldik. Təkcə ermənilərlə deyil, onların arxasında dayanan məlum dövlətlərlə də vuruşduq. Onun üçün 44 gün çəkdi. Əks halda həmin naqisləri 10 günə yerlə yeksan edərdik. Sizə bu kitab üçün sonsuz minnətdarlığımı bildirirəm. Bu kitab iki xalqın bir-birinə olan sevgisidir”.
Rəşid Mahmudov çıxışında bunları dedi: “2012-ci ildə demişdim ki, Ərdoğan, Türkiyə və Azərbaycan, sizləri Avropa Birliyinə qoymazlar. Qarabağ alınanda demişdim ki, yarımçıq Qarabağ mənə lazım deyil. Amma indi deyirəm ki, lazımdır. Xasiyyət xanım, sizi təbrik edirəm. Allah xalqımızı qorusun. Gələn dəfə burada qırğızı da görmək istəyirəm. Sonda biz Turan dövlətini yaradacağıq”.
Şəmkir Regional Mədəniyət idarəsinin rəisi Zöhrab Adıgözəlov bildirdi ki, biz birliyimizlə qalib gəldik: “Bu müharibədə kimin dost və ya düşmən olduğunu gördük. Bir özbək xanımının sərhəd bölgəsinə gəlib kitabının təqdimatında iştirak etməsi böyük hadisədir. Təşəkkür edirik”.
Şair Elşən Əzimə də söz verildi: “Çox önəmli bir gündür. Qardaş özbək xalqının tanınmış yazıçısının Vətən müharibəsinə həsr etdiyi əsərinin təqdimatını Gədəbəydə keçiririk. Bu kitab, sevgi üçün Xasiyyət xanıma minnətdaram”.
Aşıq Məktəbinin direktoru Etibar Əliyev bildirdi ki, Azərbaycanla Özbəkistan arasında bir könül körpüsü var.
DGTYB başqanı İntiqam Yaşara da söz verilib: “Çox əlamətdar bir günə toplaşmışıq. Sumqayıtdakı çıxışım zamanı da dedim ki, Özbəkistanda Xasiyyət xanımın nəfəsi dəyən hər yerdə Azərbaycan gördüm. Bu kitabın ərsəyə gəlməsində əziyyəti keçən hər kəsə təşəkkür edirəm”.
Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri Əziz Əlibəyli tədbirdə siyasi aspektlərdən çıxış etdi: “Ədəbiyyat siyasi çalardan ibarətdir. Azərbaycan və türk dünyası arasındakı əlaqələrdə daha çox siyasi çalarlar olduğu üçün bu məsələyə xüsusi toxundum. Sonda bir zarafat edim ki, Intiqam Yaşarın rəhbəri olduğu təşkilatda subaylar mən bilən daha çox. Arzu edərdim ki, türkdilli ölkələrlə elçilik əlaqələri qurulsun, bu gənclərin timsalında. Xasiyyət xanım da bu elçilik əlaqələrinin qurulmasında yaxından iştirak etsin, təkcə Özbəkistanla bağlı deyil, digər türkdilli ölkələrlə bağlı da olsun”.
Aşıq Nemət Qasımlı da çıxışında qonaqları salamladı. Onun bacısı Məlahət xanım isə belə bir tədbirdə iştirak etməkdən böyük qürur hissi keçirdiyini söylədi.
Heydər Əliyev Mərkəzinin rəhbəri Pərviz Bayramov özündən əvvəlki çıxışların hər birinə qoşulduğunu bildirdi.
Sonda səbəbkar-Xasiyyət Rüstəmova çıxış etdi: “İlk dəfə bu torpaqdayam . İntiqam Yaşarın yurdu mənim yurdumdur. Onun qonaqpərvərliyindən dolayı hər kəsə təşəkkür edirəm. Vətənin nə olduğunu sizləri tanıyandan sonra daha çox anladım. Əkbər müəllimlə görüşdən sonra Qarabağın nə olduğunu bir daha anladım. Vətən sevgisini sizləri tanıyandan sonra daha çox hiss etdim”.
Xasiyyət xanım “44 gün” kitabından öz şeirini səsləndirdi.
Tədbiri son çıxışla İ.Mustafayev bağlı elan edərək, iştirak edən hər kəsə öz təşəkkürlərini çatdırdı