Gülpəri Bayramova beynəlxalq forumda spikerlik edib – FOTOLARbackend
Sahibkar
697

Gülpəri Bayramova beynəlxalq forumda spikerlik edib – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən  Bakı Konqres Mərkəzində Qlobal Sahibkarlıq Həftəsinə həsr edilmiş “Üfüqdə Yeni Fürsətlər: Qadın Sahibkarlara Yaşıl İşıq” adlı V Forum keçirilib. Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) təşkilatçılığı ilə baş tutan tədbirdə dövlət rəsmiləri, Milli Məclisin deputatları, beynəlxalq təşkilatların nümayəndələri, xarici qonaqlar, qadın sahibkarlar iştirak ediblər.

“Agromix” şirkətinin təsisçisi, aqrar ekspert Gülpəri Bayramova forumun “İdeyadan biznesə, biznesdən karyeraya” panelində spiker olub. Xanım sahibkar rəhbəri olduğu şirkətin ərsəyə gəlməsindən, mövcud fəaliyyətindən bəhs edib. Qeyd edib ki, bu gün Azərbaycanda qadın məşğulluğunun artırılması və qadın sahibkarlığının inkişafı dövlətin iqtisadi siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir: “Qadınların iqtisadiyyatda rolunun artırılması həm də BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 17 hədəfindən biridir. Son dövrlər biznes mühitində qadınların rolunun və çəkisinin artdığı göz önündədir. Azərbaycanda qadınların sahibkarlıq fəaliyyətini artırmaq, onların hüquqlarının qorunması və layiqli əməyin təmin olunması, müasir dövrün və əmək bazarının tələblərindən irəli gələn istiqamətlər üzrə maarifləndirici layihələr həyata keçirilir. Qadınların hüquqlarının qorunması onların iqtisadi müstəqilliyi ilə birbaşa bağlıdır. Bu səbəbdən qadın sahibkarlığının inkişafı böyük əhəmiyyət kəsb edir və aktualdır”.

Gülpəri Bayramova Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) fəaliyyətə başlamasını dövlət-özəl sektor münasibətlərində keyfiyyətcə yeni mərhələnin başlanğıcı adlandırıb: “KOBİA kiçik və orta biznes subyektlərinə davamlı dəstək göstərir. Azərbaycanda assosiativ ticari birliklərin sayı artır və onlar iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına öz dəstəyini nümayiş etdirirlər. Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) qadınların əmək məşğulluğunun artırılması, qadın sahibkarlar arasında faydalı və qarşılıqlı əlaqələrin qurulması, kordinasiyalı fəaliyyətin təşkili, dövlət qurumları ilə peşəkar münasibətlərin formalaşması və dialoquna ciddi töhfələr verir. “Üfüqdə Yeni Fürsətlər: Qadın Sahibkarlara Yaşıl İşıq” – adından da göründüyü kimi, xanım sahibkarlar arasında həmrəyliyi təmin etməyə və gələcək perspektivlərə həsr olunan bir tədbirdir. Ümidvaram ki, bundan sonra qadın sahibkarlar arasında münasibətlər daha da inkişaf edəcək”.

“Cənab Prezident İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın özəl sektorun inkişafına, habelə qadın sahibkarlığının tərəqqisinə dəstəyi sahibkarlar üçün motivasiya mənbəyidir” deyən G.Bayramova əlavə edib ki, 44 günlük vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfər ölkəmizdə və regionda yeni reallıqlar yaradıb: “İşğal altında olan torpaqlarımızın yenidən inşası, “ağıllı şəhər” və “ağıllı kənd” layihələri həm yerli, həm də xarici investorların ölkəmizə marağını artırıb. Əlverişli coğrafi şəraitdə yerləşən Azərbaycanın qarşısında yeni iqtisadi imkanlar açılır və ölkə sahibkarları olaraq bizlər də bu prosesedə fəal iştirak etməliyik” – deyə xanım sahibkar fikrini yekunlaşdırıb.