Gülpəri Bayramova: “İnnovasiya və texnoloji həllər aqrar sektoru tamamilə yeniləyir”backend
İqtisadiyyat
767

Gülpəri Bayramova: “İnnovasiya və texnoloji həllər aqrar sektoru tamamilə yeniləyir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Kənd təsərrüfatı sektoru hər bir ölkənin iqtisadiyyatında strateji əhəmiyyət daşıyır və bu sahədə müasir yanaşmalar diqqətlə təhlil olunamlıdır. İqlim dəyişikliyi, rəqəmsallaşma, urbanizasiya və qlobal tələblərin artması ilə birlikdə bu sektor da öz inkişaf istiqamətlərini və strategiyalarını yenidən nəzərdən keçirir”.

Bu sözləri Azərbaycan Biznes Partnyorları Klubunun (BPC) sədri, “Agromix” şirkətinin təsisçisi və aqrar ekspert Gülpəri Bayramova söyləyib.

O qeyd edib ki, müasir dövrdə aqrar sahədə innovasiya və texnoloji həllər ənənəvi kənd təsərrüfatını tamamilə yeniləyir və daha davamlı, məhsuldar sistemlər yaradır: “Dünya təcrübəsinə nəzər salsaq görərik ki, kənd təsərrüfatı sektorunda rəqəmsallaşma və texnologiyaların tətbiqi mühüm dəyişikliklərə səbəb olur. Ağıllı texnologiyalar məhsuldarlığı artırmağa, resurslardan daha səmərəli istifadə etməyə və riskləri azaltmağa imkan verir.  İqlim dəyişikliyi və təbii resursların tükənməsi aqrar sektorda dayanıqlılıq məsələsini ön plana çıxarır. Kənd təsərrüfatında dayanıqlı texnologiyalar və metodlar torpaq eroziyasını azaldır, su və enerji kimi resurslardan səmərəli istifadə etməyə kömək edir. Orqanik kənd təsərrüfatı, bioloji dövr sistemləri və permakultura kimi yeni metodlar daha ekoloji dost yanaşmalar təklif edir. Bu trendlər həm ətraf mühitin qorunmasını təmin edir, həm də istehlakçıların ekoloji təmiz məhsullara olan tələbatını qarşılayır”.

Onun sözlərinə görə, noyabrda Azərbaycanda keçiriləcək COP29 tədbiri aqrar sektorun inkişafı baxımından da strateji əhəmiyyət kəsb edir: “Bu tədbirdən sonra Azərbaycanın beynəlxalq miqyasda iqtisadi baxımdan da əhəmiyyəti artacaq və bu da öz növbəsində ölkəmizə investisiya qoyuluşlarına təkan verəcək. Yaşıl enerji sahələrinə qoyulacaq investisiyalar üçün cəlbedicilik yüksələcək. Tədbir çərçivəsində dayanıqlı sosial rifahın artırılması və ətraf mühitin qorunmasının prioritet kimi irəli sürülməsi yaşıllaşdırma və ekoloji layihələrin genişlənməsinə gətirib çıxaracaq ki, bundan kənd təsərrüfatı sektoru da yüksək faydalar əldə edəcək”, – Gülpəri Bayramova bildirir.

Əlavə edir ki, aiddiyatı qurumlar və özəl sektor COP29 fonunda kənd təsərrüfatının tərəqqisinə yeni yanaşamlar tətbiq etməlidir: “Azərbaycanın beynəlxalq miqyasda əhəmiyyəti yüksəlir ki, bu, iqtisadi, eləcə də kənd təsərrüfatı sektoruna da təsirsiz ötüşmür. Heç şübhəsiz ki, bu amili nəzərə almalı və sektorun inkişafı üçün yaranan mövcud şəraitdən lazımi səviyyədə bəhrlənməliyik”.