Gürcüstanda parlament seçkiləridir – Yenilənirbackend
Parlament
392

Gürcüstanda parlament seçkiləridir – Yenilənir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Gürcüstanda parlament seçkiləri keçirilir. Səsverməyə yerli vaxtla saat 8:00-də start verilib.

“Apress.az” xəbər verir ki, Parlamentin 150 yeri uğrunda 19 siyasi partiya və koalisiya rəqabət aparır.

Builki seçkilər ilk dəfə tam proporsional qaydada, 5%-lik seçki bariyeri ilə keçirilir. 11-ci çağırış parlamentdə yer tutmaq üçün partiyalar nəzərdə tutulan baryeri keçməlidir.

Seçkilərdə MSK-ya partiya siyahılarını təqdim edən 18 subyekt iştirak edir, onlardan sosial sorğulara görə, 5 %-lik baryeri aşaraq deputat mandatı almaq üçün beşinin şansı realdır.

Bunlar hakim “Gürcü Arzusu” Partiyası və müxalif “Vahid Milli Hərəkat” Partiyası, “Dəyişikliklər Koalisiyası”, “Güclü Gürcüstan” və “Gürcüstan uğrunda” partiyalarıdır.

Onlardan 2012-ci ildən hakimiyyətdə olan hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası dördüncü dəfə qalib gəlməyə çalışacaq.

Gürcüstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçicilərin ümumi sayı 3 milyon 508 min 294 nəfərdir.

Bildirilib ki, Gürcüstan vətəndaşları üçün 3111 seçki məntəqəsi fəaliyyət göstərir. Bunlardan 3044-ü Gürcüstandadır.

Xaricdəki seçki məntəqələrinə gəlincə, 42 ölkənin 53 şəhərində 67 seçki məntəqəsi yaradılıb.

Gürcüstanda parlament seçkilərini 102 yerli və 64 beynəlxalq təşkilat müşahidə edəcək. Saat 20:00-da (Bakı ilə eyni vaxtda – red.) seçkilərə  yekun vurulacaq.

Qeyd edək ki, parlament seçkilərini Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, Gürcüstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev, deputatlardan Nizami Səfərov, Kəmaləddin Qafarov, Hikmət Məmmədov, Elşən Musayev, Sahib Alıyev, Anar Məmmədov və Tural Gəncəliyev müşahidə edəcək.

***

Gürcüstan Prezidenti Salome Zurabişvili Tbilisidə parlament seçkilərində səs verib.

O, Gürcüstan liderləri arasında səsvermədə iştirak edən ilk şəxs olub.

“Mən yeni Gürcüstana, 22 il əvvəl gəldiyim Gürcüstana, əcdadlarımın dua etdiyi Gürcüstana səs verdim”, – Zurabişvili jurnalistlərə açıqlamasında deyib.

***

Gürcüstanda parlament seçkilərini 1700-dən çox beynəlxalq, 23 mindən çox yerli müşahidəçi və 2800-dən çox KİV nümayəndəsi izləyir.

Bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

MSK dairə və məntəqə seçki komissiyalarını qanunvericiliklə müəyyən edilmiş qaydalara ciddi riayət etməklə seçkilərin müşahidəsi və işıqlandırılmasının ən mühüm prosesinə dəstək verməyə çağırıb.