İş adamından AZAL prezidentinin xanımına: “Bəzi məsələləri kəsdiyimiz çörəyə görə açıqlamıram…”backend
Cəmiyyət
343

İş adamından AZAL prezidentinin xanımına: “Bəzi məsələləri kəsdiyimiz çörəyə görə açıqlamıram…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi, həbsdə olan iş adamı İlqar İsmayılovun məhkəməsi davam edir. Ötən məhkəmə iclasında iş adamının vəkilləri onunla “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin prezidenti Cahangir Əsgərovun həyat yoldaşı, “Premium Bank”ın təsisçisi Zərifə Həmzəyeva arasındakı elektron poçt yazışmalarını təqdim edərək, sübutlar siyahısına əlavə olunmasını istəmişdi. Məhkəmədə elan edilən yazışmaların mətnindən aydın olurdu ki, İlqar İsmayılov “İdeal”da sonradan onun şəriki olan Zərifə Həmzəyevaya 1 milyon xalis gəlir əldə olunması haqda hesabat verir.

Bakı Ağır Cinayətlər Məhkəməsində İlqar İsmayılovun işi üzrə keçirilən budəfəki məhkəmə iclasında hakim Əli Məmmədov yazışmaların iş materiallarına əlavə olunması haqda vəsatəti müzakirəyə çıxarıb. Prokuror da, “Adore Company”ni (“İdeal” mağazaları sonradan bu şirkətə daxil edilib və iş adamının məhkəməsində zərərçəkmiş qismində bu şirkət tanınıb) təmsil edən vəkil Samir İsayev də yazışmaların sübut kimi qəbuluna etiraz edib. Prokuror bildirib ki, sözügedən yazışmaların İlqar İsmayılova verilən ittihama aidiyyəti yoxdur. Samir İsayev isə bu yazışmaların mötəbərliyinin şübhə altında olduğunu bildirib. Vəkil bildirib ki, yazışmalar təhrif olunub.

 

İş adamının vəkili İlhamə Həsənova isə əlavə edib ki, yazışmaların mənbəyini araşdırmaq üçün zərurət varsa, İlqar İsmayılovun kompüterini də məhkəməyə təqdim edə bilərlər.

 

Məhkəmə vəsatəti təmin edib. Hakimlər qərara alıb ki, sözügedən yazışmaları qəbul edib, sənədlərin tədqiqi mərhələsində və hökm çıxararkən onlara qiymət versinlər.

 

İlqar İsmayılov məhkəmədə ifadəsində bildirmişdi ki, Zərifə Həmzəyeva ilə şərik olduqları vaxt gəliri də bölürdülər, gəlirlərin çatdırılması məsələsində Fuad Əliyev aralarında vasitəçilik edirdi. Bu səbəbdən İlqar İsmayılovun vəkilləri həmin Fuad Əliyevin də məhkəmədə dindirilməsi barədə vəsatət qaldırıblar. Hakim bildirib ki, ittiham aktında adı olan əsas şahidlər dindiriləndən sonra əlavə şahidlərin dindirilməsi mərhələsində bu məsələyə baxıla bilər.

 

“Biz digər təsisçi (Zərifə Həmzəyeva nəzərdə tutulur) ilə 5 il 3 ay birlikdə işləmişik. Çörək kəsmişik. Mənim barışıq qapım həmişə açıqdır. Bəzi məsələlər var ki, məhz kəsdiyimiz çörəyə görə mən onları burada açıqlamaq istəmirəm. Mən 18 illik şirkətimdən heç vaxt heç nə mənimsəməmişəm. Mənim atam da fəhlə olub, bizə həmişə halal çörək yedirib. Mən “İdeal” əmtəə nişanını və əlimdən alınan 25 faiz təsisçilik payıma görə halallığımı istəyirəm…”, – İlqar İsmayılov məhkəmədə bildirib. İş adamı qarşı tərəfə razılaşma təklif edib.

 

Zərərçəkmişin vəkili Samir İsayev bu mesajı təmsil etdiyi tərəfə çatdıracağını bildirib.

 

İlqar İsmayılov 2011-2017-ci illərdə vəzifəsindən sui-istifadə edərək, 680 min manata yaxın vəsaiti mənimsəməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda məınimsəmə) və 308.2 (vəzifədən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb. Lakin o, ittihamları qəbul etmir.

 

İş adamı isə deyir ki, 2011-ci ildə “İdeal”ın 50 faizini AZAL prezidentinin xanımına satıb. Daha sonra özündə qalan 50 faizin 25 faizini də satmaq məcburiyyətində qalıb. Qalan 25 faizlik payını və əmtəə nişanını vermək istəmədiyinə görə 2017-ci ildə şərlənərək həbs edilib. 3 ay 10 gün həbsdə saxlandıqdan sonra məcburiyyət qarşısında şirkətdəki payından və əmttə nişanı hüququndan imtina etməsi haqda sənədləri imzalayıb. Bundan sonra həbsdən buraxılıb, az sonra barəsindəki cinayət işinə də xitam verilib. Başına gələnlər haqda bir müddət susub danışmasa da, 3 il sonra hüquqlarının bərpasını tələb etməyə başlayıb, müxtəlif dövlət orqanlarına şikayətlər yazıb, mediaya bu haqda müsahibələr verib. Bundan sonra yenidən həbs olunacağı barədə xəbərdarlıq edilib. Susmadığına görə bu ilin aprelində yenidən həbs olunub.

 

İlqar İsmayılov həbsinə və şirkətin əlindən alınmasına görə AZAL rəhbəri Cahangir Əsgərovu ittiham edir.

 

Zərifə Həmzəyevanın hüquqşünası İlqar İsmayılovu böhtana görə xüsusi ittiham qaydasında məhkəməyə versə də, məhkəmə iş adamının təqsirsiz olduğu qənaətinə gəlib.

 

“İdeal”ın idarəçiləri 2020-ci ildə “Sabina” mağazalar şəbəkəsini də alıb. Bu iki şirkət “Adore Company”ə daxil edilib.

 

AZAL prezidentinin xanımı həm də “Premium Bank”ın da əsas səhmdarı, kosmetik məhsullar istehsal edən “Gazelli Group”un rəhbəridir.