“Ola bilsin, koronavirusa yoluxan şəxslər sağaldıqdan 6 ay sonra yox, 3 ay sonra peyvənd olunsun”.
Bunu Sfera.az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin müəllimi, cərrah Rauf Qasımov bildirib. Həkimin sözlərinə görə, koronavirusdan sağalan şəxs minimum 3 ay müddətində xəstəliyə təkrar yoluxmur:
“Koronavirusa yoluxan şəxslər sağaldıqdan sonra ən azı 3 ay sonra virusa yoluxmur. Bu baxımdan 3 aya qədər olan müddətdə peyvənd olunmağın mənası yoxdur. Lakin orta hesabla koronavirusa yoluxub, sağalan şəxslər 6 ay sonra təkrar virusa yoluxa bilir. İlkin olaraq qanda immunoqlobinlər yoxlanılır.
Peyvənddən və koronavirusa yoluxmadan sonra immunoqlobinlər yüksəlir və bundan sonra 6 ayadək immunoqlobin ya zəifləyir ya da sıfıra enir. Lakin bu standart hal deyil. Bəzi insanlarda 9 ayadək immunoqlobinlər yüksək olaraq qalır. Bu, xəstəliyin ilkin vaxtlarında immunoqlobinin hansı yüksəklikdə olmasından və
hansı səviyyədə aşağı düşməsindən asılıdır”.
R.Qasımov bəzi şəxslərdə immunoqlobinin formalaşmadığını da istisna etməyib:
“Bəzi insanlarda 3 ayadək immunoqlobin enə bilir, bəzilərində isə peyvənddən xəstəliyə yoluxandan sonra immunoqlobin formalaşmır. Bu da qoruma sisteminin olmamasında xəbər verir. Lakin immunoqlobini 0-a bərabər olan insanlar belə elmə məlum olmasa da ən azı 3 ayadək xəstəlikdən qoruna bilir. Ola bilsin ki, gələcəkdə hər kəs peyvənd olunduqdan sonra yoluxma sayı çox olsa, yoluxmadan və peyvənddən 3 ay sonra vaksinasiya tətbiq oluna bilər. İndi isə 6 ay limitinin olması normaldır, bu əksər ölkələrdə belədir”.