“Maestro School”un yetirmələri ilkə imza atdı – dünya olimpiadasında qalib oldular  (FOTOLAR)backend
Banner
769

“Maestro School”un yetirmələri ilkə imza atdı – dünya olimpiadasında qalib oldular  (FOTOLAR)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paytaxtın aparıcı proqlamlaşdırma məktəblərindən olan “Maestro School”un iki şagirdi dünyanın nüfuzlu Beynəlxalq STEM Olimpiadasının elm, texnologiya, mühəndislik və riyyaziyyat üzrə qalibi olublar. Onlar müvafiq olaraq bu mötəbər intellektual yarışmada ikinci və üçüncü yerləri bölüşdürüblər. Üç mərhələdən ibarət olan və yekun mərhələsi 2024-cü ilin iyul ayında Haaqa şəhərində keçiriləcək olimpiada məktəblilər arasında dünyanın ən nüfuzlu yarışmalarından biridir.

Onlayn formatda baş tutan olimpiadada dünyanın müxtəlif ölkələrindən 9 mindən artıq məktəbli iştirak edib və Cənubi Qafqazın tarixində ilk dəfə olaraq “Maestro School”un yetirmələri – 9-cu sinif şagirdi Mirrəhim Mirvəlişli və 10-cu sinif şagirdi Səid Hüseynli müvafiq olaraq ikinci və üçüncü yeri qazanıblar. Mirrəhim bir, Səid isə iki ildir “Maestro School”da təhsil alırlar. Bundan əlavə, adıçəkilən məktəbin 7 şagirdi qızıl, 16 şagirdi gümüş, 26 şagirdi isə bürünc mükafata layiq görülüblər.

Xatırladaq ki, “Maestro School” proqramlaşdırma məktəbi 2022-ci ilin aprelindən fəaliyyət göstərir. Uşaqlar və böyüklər üçün proqramlaşdırma və robototexnika məktəbidir və keyfiyyətli İT təhsili ilə təmin edir. Tədris sistemini davamlı olaraq inkişaf etdirən və müasir İT protokollarına uyğun təşkil edən “Maestro School” öz fəaliyyətini ən aktual biliklər, kompleks təlim proqramları, müəllim-praktiklər və effektiv tədris metodikası əsasında təşkil edilir. Məktəbdə uşaqlar və böyüklər üçün proqramlaşdırma, böyüklər üçün proqramlaşdırma, mobil proqram tərtibatçısı, robototexnika, Uİ&UX Dizayn, VR/AR Tərtibatı, Front – End, Back – End, SQL proqramları tədris olunur.

“Maestro School” proqramlaşdırma məktəbinin təsisçisi Mədinə Paşayeva rəhbərlik etdiyi tədris ocağının yetirmələrinin dünyada fərqlənməsi və Azərbaycanda bir ilkə imza atması, müasir İT tədris metodikası, gələcək planları və digər mövzular ətrafında danışıb.

– Mədinə xanım, yetirmələriniz Mirrəhim və Səidin 9 min yeniyetmənin qatıldığı ən nüfuzlu beynəlxalq olimpiadada ikinci və üçüncü yerləri qazanması ciddi rezonans doğurdu. Hansı ki, bu nəinki ölkəmizdə, Cənubi Qafqazda bir ilkdir. Əvvəlcə bu barədə danışardıq. Belə bir mötəbər uğura imza atacağınızı gözləyirdinizmi?

– Əslində biz 2022-ci ilin aprel ayında “Maestro School”u təsis edərkən mərhələli inkişaf kursuna sadiq olacağımızı bəyan etmişdik və əsas strateji planlarımızdan biri də beynəlxalq rəqabət qabiliyyətli tədris metodikasına sahib olmaq, sürətlə yenilənən İT protokollarına uyğunlaşmaq idi. Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, üç ilə yaxın müddət ərzində böyük inkişaf yolu keçdik və bu gün əldə etdiyimiz nəticələr nəinki ölkəmizdə, dünya miqyasında etiraf olunur. Peşəkar tədris metodikasına və komandasına sahib olmaqla biz qısa müddətə uğur qazanmağa müvəffəq olduq.

Məlumat üçün deyim ki, fəaliyyətə başladığımız ilk ildə, yəni 2022-ci ildə artıq biz beynəlxalq miqyasda nəticələr əldə etməyə başlamışdıq. Məkətbimizin şagirdləri 2022-ci ildə Rumıniyada təşkil olunan robottexnika üzrə uşaqlar arasında beynəlxalq olimpiadada 800 iştirakçı arasından fərqlənə bilmişdilər. Uşaqlar arasında keçirilən beynəlxalq robototexnika olimpiadasında dörd yetirməmiz – Əli Matanov, Əziz Sultan, Yusif Ağayev, Tahsin Şaliyev yüksək nəticə nümayiş etdirdilər. 2023-cü ildə isə “Maestro School” komandası Fransanın paytaxtı Parisdə keçirilən Beynəlxalq STEM Grand Final Olimpiadasında iştirak edərək, 9 qızıl, 23 gümüş, 7 bürünc, 3 fərqlənmə olmaqla ümumilikdə 42 medalla ölkəmizə qayıtdı. Bu yarışmada yalnız “Maestro School”, Azərbaycanı16 şagirdindən ibarət heyətlə təmsil edirdi.

Qalibiyyət siyahısını genişləndirmək də olar. Son olaraq Mirrəhim və Səidin dünyanın ən nüfuzlu elm, texnologiya, mühəndislik və riyyaziyyat üzrə STEM Olimpiadasında kodlaşdırma üzrə ikinci və üçüncü yerləri bölüşüdürməsi çox böyük nailiyyətdir. Şagirdlərimizin uğurları bizi qürurlandırmaqla yanaşı, bir daha təsdiq edir ki, tədris metodikamız doğrudan da spesifikdir və “Maestro School” nəinki ölkəmizdə, Avropada belə fərqlənən tədris müəssisələrindən birinə çevrilib. O ki qaldı sualınızın sonuncu hissəsinə, bu nəticəni gözləməklə bağlı məqama, bəli, biz bu nəticəni gözləyirdik. Bu ilin iyul ayında Niderlandın Haaqa şəhərində keçiriləcək üçüncü mərhələdə də ciddi uğurlar qazanacağımıza inanırıq.

Bu məqamda haşiyəyə çıxaraq onu da bildirim ki, daha bir nüfuzlu yarışmada – “Robotex Turkiyə” olimpiadasında da qalib gəlmişik.  “Robotex Turkiyə” 2018-ci ildə Türkiyədə təsis olunub və 2019-cu ildən etibarən Türkiyə əsaslı yarışlar təşkil edir. Tək Türkiyədə deyil; Azərbaycan, Kipr, Makedoniya, Bosniya-Herseqovina, Monteneqro, Serbiya, Rusiya, Qazaxıstan, Özbəkistan, Türkmənistan və türkcənin danışıldığı digər bölgələrdə fəaliyyətini genişləndirməkdə davam edir. Bütün türk cümhuriyyətləri “Robotex Türkiyə” ilə bağlı tədbirlər təşkil edir. 2-3 mart 2024 tarixlərində Bakıda Avropa İttifaqı tərəfindən dəstəklənən, robototexnika sahəsində tanınan dünyaca məhşur “Robotex Beynəlxalq Yarışması” keçirildi. “Maestro School”un 21 nəfərdən ibarət şagird heyəti 7 komanda olaraq yarışmaya qatıldı. Nəticədə “Maestro School”un  4 komandası birincilik, 1 komandamız ikincilik, 1 komandamız isə üçüncülük qazandı. Beləliklə, 18 nəfərlik şagird heyətimizlə birgə Antalyada baş tutacaq Robotex Türkiyə yarışmasının yarımfinal mərhələsində iştirak etmək haqqı qazandıq.

– Əldə etdiyiniz nəticələr deməyə əsas verir ki, “Maestro School” ölkəmizin ən nüfuzlu İT məktəblərindən biridir. Məktəbinizi digər tədris müəssisələrindən fərqləndirən əsas səciyyəvi xüsusiyyətlər hansılardır?

– Qeyd edim ki, “Maestro School”un tədris komandasında ölkəmizdə və xaricdə yüksək İT təhsili almış, eyni zamanda rəqəmsal pedaqogikanın incəliklərinə bələd olan, daim öz üzərində işləyən, müasir dəyişiklikləri yaxından təqib edən mütəxəssislər təmsil olunur. Digər fərqli bir cəhətimiz dayanıqlı biznes platforması olaraq qısa müddətə gəlir götürmək deyil, uzunmüddətli hədəflərə fokuslanmağımızdır. Nəzərə alanda ki, hər bir müəssisənin inkişaf mexanizmi fərqlidir və gələcək strategiyamız düzgün alqoritmlərə əsaslanmalıdır, mütəmadi konsiliumlar, hər bir şagirdə fərdi yanaşmağımız tədris siyasətinin əsasında dayanır.

Uşaqlar üçün proqramlaşdırma, böyüklər üçün proqramlaşdırma, mobil proqram tərtibatçısı, robottexnika, Uİ&UX Dizayn, VR/AR Tərtibatı, Front – End, Back – End, SQL proqramları ilə yüzlərlə şagird və tələbəmizə tədris veririk. Bu məqamda haşiyəyə çıxaraq bildrim ki, İT bilikləri təkcə bu sahənin mütəxəssisləri olmaq üçün vacib deyil. Elə bil dövrə gəlmişik ki, artıq rəqəmsallaşma olmadan dünyanı təsəvvür etmək mümkün deyil. Bütün sahələrdə İT bilikləri mütləqdir və çox mühüm üstünlükdür, bu mənada böyüklər də məktəbimizin İT tədris metdodikasından layiqincə bəhrələnə bilirlər. Beynəlxalq miqyasda isə yeniyetmələrin fəaliyyətini stimullaşdırırıq və bu siyasət bundan sonra da davam edəcək.

– Rəqəmsal texnologiyaların inkişafı dövlətimizin elan etdiyi prioritet istiqamətlərdən biridir və rəqəmsal idarəçiliyə keçid dövründə spesifik məktəblərin, İT məktəblərin fəaliyyəti də diqqətdən yayınmır. Ümumilikdə, bu sahənin inkişafını necə görürüsünüz?

– Qeyd edim ki, bizim fəaliyyətə başlamağımızda Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən innovativ islahatlar, rəqəmsal idarəetmə sisteminin gücləndirilməsi barədə sərəncam və fərmanlar mühüm rol oynadı. Təsadüfi deyil ki, hələ 2021-ci ildə cənab Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyinin tərkibində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi təsis edilməsi barədə fərman imzaladı. Çoxları üçün mücərrəd görünən bu termin elmi-texnoloji inkişaf, xüsusilə, rəqəmsallaşmanın sürətlənməsi fonunda gündəmə gəldi. Müasir dünyamızın ayrılmaz tərkib hissəsi olan rəqəmsallaşma həyatımızın bütün sahələrində vacib elementə çevrilməklə yanaşı, yaxın gələcəyin peşələri arasında lider mövqeyinə yüksəlib.

Məhz elə bu səbəbdən də övladlarının gələcəyi ilə bağlı planlar quran valideynlər onları virtual təhsilə yönəldirlər. Bu xüsusda rəqəmsal təhsilin əhəmiyyəti artır və bu istiqamətdə fəaliyyət göstərən ixtisaslaşmış tədris ocaqlarına ciddi ehtiyac var. “Maestro School” olaraq üç ilə yaxın müddətdə fəaliyətimiz zamanı bir daha əmin olduq ki, Azərbaycanda rəqəmsal texnologiyaların inkişafına dövlət dəstəyi və əhali qrupları arasında xüsusi maraq var. Təbii ki, bu sahənin inkişafı uzun bir yoldur və cəmiyyət olaraq görəcəyimiz işlər hələ çoxdur. Bu sahənin təmsilçiləri olaraq İT sahəsində dövlət siyasətinin həyata keçirilməsində yaxından iştirak etmək, bu sahəyə öz töhfəmizi vermək niyyətindəyik və inanırıq ki, belə də olacaq. Rəqəmsal texnologiyaların inkişafı istiqamətində proqram sənədlərin, strateji inkişaf planların hazırlanmasında fəal iştirak etməyə hazırıq.

– Hər bir təsisatın, ələxsus da özəl müəssisənin inkişafında rəhbər amili mühüm əhəmiyyət kəsb edir. Mədinə Paşayevanı isə Britaniya təhsilli mütəxəssis olaraq biznes elitası təkcə “Maestro School” layihəsindən deyil, eləcə də peşəkar menecer, kouç, ictimaiyyətçi olaraq da tanıyır…

– Bakalavr və ilk magistr təhsilimi Azərbaycanda, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçillik Akademiyasını hüquqşünaslıq ixtisası üzrə alsam da, sonradan Böyük Britaniyanın “Mançester” Universitetində Qlobal MBA proqramı çərçivəsində Biznesin idarəedilməsi üzrə magistr dərəcəsini qazandım. Düzdür, Azərbaycanda qazandığım təhsil kifayət qədər yüksək idi, lakin yetərli deyildi. Eyni zamanda biznes idarəçiliyi sahəsində də təhsil almaq arzumu reallaşdırdım. Uzun müddət neft sahəsində rəhbər vəzifələrdə çalışsam da, sonradan yolumu biznes sahəsindən saldım. “Kinqstaun” Kollecində Korporativ və İndividual Kouçinq üzrə (Advanced Diploma in Personal, Leadership and Executive coaching) təhsilini davam etdirərək, kouçinq tədrisi sahəsində də fəaliyyət göstərdim. “APMG” International Dəyişiklərin idarəedilməsi üzrə beynəlxalq akkreditasiyadan keçib, ABŞ-ın “Yel” Universiteti nəzdində İdarəetmə Məktəbində qadın liderlik proqramının məzunu oldum.

Düşünürəm ki, Azərbaycanda sosial sahibkarlığın, startap layihələrin dəstəklənməsi siyasəti davam etdirilməli və daha da gücləndirilməlidir. Təvazökarlıq xaricində də olsa, qeyd edim ki, bu sahədə də kifayət qədər uğurlu fəaliyyətimiz mövcuddur. Ümumilikdə isə Azərbaycanın gələcəyini çox nikbin görürəm. Bunun üçün kifayət qədər ciddi əsaslar var. 44 günlük vətən müharibəsində və lokal antiterror əməliyyatı nəticəsində əldə edilən tarixi Zəfər, müstəqil diplomatik siyasət kursunun beynəlxalq münasibətlər sistemində gətirdiyi üstünlüklər, vətənpərvər nəslin yetişməsi, hansı ki, biz bunu İkinci Qarabağ müharibəsi zamanı aydın gördük, müasir dəyərlərə malik olan gənclər ordusunun ərsəyə gəlməsi, eləcə də ardıcıl, çoxvektorlu və instusional islahatlar siyasəti ölkəmizi regionun lider, dünyanın isə önəmli dövlətlərindən birinə çevirib. Əminliklə söyləmək olar ki, yaxın gələcəkdə Azərbaycan bütün sahələrdə dünyadakı yerini möhkəmləndirəcək və inkişafda olan ölkə olaraq keyfiyyətcə yeni mərhələyə keçidimizi şərtləndirəcək.