Ali təhsil müəssisələrinin magistratura pilləsinə qəbul imtahanlarında iştirak etmək istəıyən bakalavrlardan sənəd qəbulu davam edir.
Qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsi ilə aparılır. İmtahanda iştirak etmək üçün ərizələrin qəbulu yanvarın 13-dən başlayıb və 27 yanvar saat 23:59-dək davam edəcək.
Dövlət İmtahan Mərkəzindən Apress.az-a bildirilib ki, 21 yanvar saat 09:30-a olan məlumata əsasən, 7902 bakalavr ərizəsini təsdiq edib (Azərbaycan bölməsi – 7143; rus bölməsi – 759).
Sənəd qəbulunda iştirak etmək istəyənlər (şəxsi kabineti olmayanlar) ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği “Şəxsi kabinet”indəki hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış ola bilərsiniz.
Daha sonra bakalavr “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edir.
Qeyd edək ki, imtahan 2025-ci il fevralın 16-da keçiriləcək.