Korsika adası Aralıq dənizinin şimal hissəsində yerləşir və Apenin yarımadasından Korsika boğazı, Sardiniya adasından isə Bonifaco boğazı vasitəsilə ayrılır. Fransa imperatoru Napoleon Bonapart Korsikadakı Ayaçço şəhərində doğulub. 1764-cü ildə imzalanmış Kompyen konvensiyası və 1768-ci ildə ratifikasiya edilmiş Versal müqaviləsinə görə, Fransanın tabeliyinə keçib. 1796-cı ildə isə qəti olaraq ona birləşdirilib.
Başqa dövlətlərin daxili işlərinə qarışmaq, onları zorla öz iradəsinə tabe etdirmək və bütün bunların fonunda dünyaya hökmranlıq etmək arzusunda olan Fransa daha bir mürtəce qərara imza atıb. 350 min əhalisi olan Korsikada ana dili rəsmən qadağan olunub. Bastia inzibati məhkəməsi yerli parlamentdə müzakirələrin Korsika və fransız dilləri olduğunu bildirən prosedur qaydalarının müddəalarını ləğv edib. Məhkəmə hesab edib ki, bu müddəa Fransa Konstitusiyanın ikinci maddəsinə ziddir.
Parlamentdə Korsika dilinin qadağan edilməsi ada sakinlərini qəzəbləndirib. Muxtariyyət tərəfdarı olan ada sakinləri bu qərarı şərt şəkildə tənqid edirlər. Adanın seçilmiş məmurları apellyasiya şikayəti veriblər. Məmurlar Korsika dilinin yaşaması və inkişafı üçün fransız dili ilə yanaşı, onlara da rəsmi status verilməsinin zəruri olduğunu bəyan edirlər. Fransanın mütərəqqi siyasi partiyaları bunu biabırçı qərar və Fransa tarixi üçün ləkə kimi qiymətləndirirlər.
Onların iddiasına görə, Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü ilə 2021-ci ildə Fransa Milli Assambleyasında “separatizmlə mübarizə və respublikanın prinsiplərinə hörmət haqqında” və “terror hücumlarının qarşısının alınması” adlı qanun layihələrinin qəbulundan sonra bu, etnik vətəndaşların elementar hüquqlarının pozulmasına yönəlib.
Dilinə və mədəniyyətinə, habelə coğrafi baxımdan İtaliyaya yaxın olan Korsika Fransanın qanyar ictimai-siyasi bölgələrindən olub. Ada sakinləri dəfələrlə müstəqillik və muxtariyyət tələbi ilə çıxış etsələr də, hər dəfə onların bu cəhdinin qarşısı Fransa hökuməti tərəfindən qəddarlıqla alınıb. Ötən əsrin son 25 ilində Korsika siyasi qətllərin mərkəzinə çevrilib. Əhalisinin sayı az olsa da, bu müddət ərzində 8 min korsikalı məmur, deputat, diplomat və ictimai xadim sui-qəsdlərin qurbanı olub.
Fransa müstəqmələkəçilik siyasətini davam etdirir. “Demokratiya müdafiəçisi” adı altında müxtəlif dövlətlərdə öz imperiya maraqlarını təmin etməyə çalışır. Nə qədər qəribə olsa da, müasir dəyərlərin bəşəriyyətə inteqrasiya olunduğu XXI əsrdə də bu yırtıcı fəaliyyətini davam etdirirlər. 44 günlük vətən müharibəsində Azərbaycanın əldə etdiyi tarixi Zəfərdən sonra Cənubi Qafqaza da soxulmaq istəyir.
Fransanın siyasi hakimiyyətinə yaxınlığı şübhə doğurmayan Ermənistan prezidenti Nikol Paşinyanın “çağırışı” ilə regionda “sülhü və sabitliyi təmin etmək” üçün bölgəmizə “sülhməramlı missiya” göndərmək niyyətindədirlər. Hətta avropalı qonşularını da bu çirkin ssenariyə alət etməyə çalışırlar və təəssüf ki, müəyyən mənada buna nail olublar da.
Lakin unudurlar ki, Azərbaycan onlar üçün nə Korsika deyil, nə də Brittani. Onlar Cənubi Qafqazda Ermənistanın timsalında psevdo-Korsikalar, psevdo-Brittanilər qura bilərlər. Çünki Ermənistan tarixən forpost dövlət olub. Amma Azərbaycan özü öz müqəddəratını həll etməyə qadir və qabil bir suveren bir dövlətdir. Və bu qədim məmləkətin hər bir zərrəsi canlı orqanizm kimi çalışır. Yad hüceyrələri dərhal uzaqlaşdıracaq gücdə və iradədədir…
Müəllif: Azər Niftiyev