Dekabrın sonunda Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi sammiti keçiriləcək.
Apress.az xəbər verir ki, bu barədə jurnalistlərə Birliyin baş katibi Sergey Lebedev bildirib.
“Noyabrın 28-də Astanada KTMT dövlət başçılarının görüşü, dekabrın sonunda isə MDB dövlət başçılarının ənənəvi qeyri-rəsmi görüşü baş tutacaq”, – Lebedev deyib.
MDB ölkələrinin liderləri arasında digər beynəlxalq platformalarda təmaslara gəlincə, Lebedev BRICS-in Kazanda keçirilən sammitini xatırladıb, burada bir çox ikitərəfli görüşlər, o cümlədən Azərbaycan prezidenti ilə Ermənistanın baş naziri arasında görüş keçirilib.
Baş katib onu da qeyd edib ki, MDB onun tərkibinə daxil olan bütün dövlətlərin maraqlarına uyğun yaşayır və inkişaf edir. O əlavə edib ki, kollektiv Qərbin apardığı siyasətə baxmayaraq, MDB ölkələrinin iqtisadiyyatı zərər görməyib, qarşılıqlı ticarətin həcmi artır.
Bundan əvvəl Rusiya dövlət başçısı Vladimir Putin belə qeyri-rəsmi sammitləri biznes gündəliyinin – regional və beynəlxalq məsələlərin müzakirə olunduğu “dostluq dairəsində” söhbətlər kimi xarakterizə edib.