Məhkum və həbs olunmuş şəxslərin hüquqlarının qorunması diqqət mərkəzindədirbackend
Cəmiyyət
1894

Məhkum və həbs olunmuş şəxslərin hüquqlarının qorunması diqqət mərkəzindədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkəmizdə son illərdə aparılan islahatlar çərçivəsində penitensiar xidmətin də fəaliyyəti təkmilləşdirilib, cəza siyasəti humanistləşdirilib, məhkumların hüquqlarının qorunması, saxlanma şəraitinin, tibbi və digər təminatlarının yaxşılaşdırılması üzrə ardıcıl tədbirlər görülüb, ictimai nəzarət gücləndirilib. Bütün bunlarla bərabər, cəzaların icrası ilə bağlı fəaliyyətin müasir dövrün tələblərinə uyğun qurulması diqqət mərkəzində saxlanılıb. Bu sahədə dövlət siyasətinin təzahürü olaraq həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında ayrıca qanun qəbul edilib, onların imtiyazları genişləndirilib.

Penitensiar sahədə fəaliyyətin müasir tələblər səviyyəsində qurulmasına da dövlət başçısı hər zaman həssaslıqla yanaşıb. Bu sahədə fəaliyyətin müasirləşməsi, infrastrukturun yenilənməsi, istehsal sahələrinin genişlənməsi, peşəkar kadr korpusunun formalaşdırılması, müəssisələrin etibarlı mühafizəsinin təşkili, şəffaflığın artırılması, korrupsiyaya şərait yaradan və digər neqativ halların qarşısının alınması və s. ilə bağlı konkret layihələr reallaşdırılıb.

Eyni zamanda, məhkumların cəmiyyətə reinteqrasiyası, yaşayış yerlərinə yaxın ərazilərdə cəza çəkmələri üçün paytaxtda və bölgələrdə müasir penitensiar infrastrukturun yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirilib.
Məhkumların əməyə daha geniş cəlb edilməsi də prioritet istiqamətdir. Bu məqsədlə cəzaçəkmə müəssisələrində yeni istehsalat sahələrininin yaradılması, bəzi mövcud istehsalat və fərdi əmək sahələrinin dəzgah və alətlərlə yenilənməsi, müxtəlif avadanlıqlar alınaraq müəssisələrə verilməsi diqqətdə saxlanılır. Bu, məhkumların məşğulluğunun artırılmasına, cinayətlə vurulmuş ziyanın ödənilməsinə, onların zərərli vərdişlərə meyl etməkdən çəkindirilməsinə xidmət edir.
Gerçəkləşdirilən bütün bu məsələlər nüfuzlu beynəlxalq qurumlarda da razılıqla qarşılanıb. Xarici ekspertlər tərəfindən Azərbaycanda penitensiar sistemin təkmilləşməsi, məhkumların hüquqlarının etibarlı qorunması sahəsində aparılan islahatlar yüksək dəyərləndirilib.
Bakının Zabrat qəsəbəsində yeni istintaq təcridxanası, Naxçıvan Muxtar Respublikasında və Şəkidə müasir penitensiar komplekslərin inşa olunması, hazırda isə Gəncə və Lənkəran şəhərlərində, habelə paytaxtın Umbakı qəsəbəsində belə müəssisələrin tikintisinin aparılması bunun bariz ifadəsidir.

Müasir penitensiar müəssisələrin istifadəyə verilməsi bu sahədə aparılan islahatlara əlavə töhfə olmaqla penitensiar sistemin fəaliyyətinin daha səmərəli həyata keçirilməsinə, məhkumların hüquqlarının etibarlı təminatına müsbət təsir göstərib.
Bütün bunlar deməyə əsas verir ki, Azərbaycanda insan hüquqlarının təmin edilməsi əməldə özünü göstərir. Yuxarıda qeyd olunanlar da bunun bariz nümunəsidir.

Ölkə başçısının qanunvericilik təşəbbüsü əsasında Cinayət Prosessual Məcəlləsində edilmiş dəyişikiliklərlə artıq cinayət işlərində videokonfransın keçirilməsi bu humanist institutun daha asan, çevik və məhkumların təhlükəsizliyi təmin olunmaqla tətbiqinə əlverişli imkan yaradıb. Başqa sözlə, 2020-ci ilin iyul ayından etibarən yeni qanunun qüvvəyə minməsi ilə əlaqədar Ədliyyə Nazirliyi tərəfindən zəruri tədbirlər görülərək, cinayət işləri üzrə məhkəmə proseslərinin videokonfrans formatında onlayn qaydada keçirilməsinə başlanılıb.
Onu da deyim ki, ölkə rəhbərinin 10 fevral 2017-ci il tarixli sərəncamı isə hüquq sistemində mütərəqqi islahatların daha intensiv davamına rəvac verməklə, bu sahədə sürətli təkamülün əsasını qoyub.

Sərəncamda ölkəmizin inkişafı və əldə edilən hərtərəfli uğurlar fonunda cəza siyasətinə, cinayət qanunvericiliyinə, məhkumların hüquqlarının təminatı məsələlərinə baxışın yenilənməsi, penitensiar sistemin fəaliyyətinin təkmilləşdirilməsi, bu sahədə dünyada mövcud olan mütərəqqi təcrübələrin tətbiqi önə çəkilib.

Möhtərəm Prezidentimizin insan haqlarının, o cümlədən məhkumların hüquqlarının daha etibarlı təmin olunmasına həssas münasibətinin növbəti təzahürü olan və proqram xarakteri daşıyan həmin sənəd ötən müddətdə strateji hədəfləri müəyyən etməklə məhkəmə, ədliyyə, prokurorluq və istintaq orqanları üçün bir “yol xəritəsi”nə çevrilib.
Ölkəmizdə cəza siyasətinin humanistləşdirilməsi, məhkumların və təqsirləndirilən şəxslərin hüquqlarının etibarlı təminatı hər zaman diqqətdə saxlanılır. Cənab Prezidentin ötən dövrdə imzaladığı qərarlarla yüzlərlə məhkumun əfv edilməsi də bunun bariz ifadəsidir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən hər zaman mərhəmət, insanpərvərlik məfkurəsindən çıxış edilərək, onun təşəbbüsü ilə qəbul edilmiş amnistiya aktları cinayət törətmiş şəxslərin islah olunması və cəmiyyətə yenidən inteqrasiyasına xidmət edib. Burada böyük məmnunluqla vurğulamaq istərdim ki, Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-Prezidenti vəzifəsinə təyin olunması da cəmiyyətdə böyük rəğbət və sevinc hissi doğuraraq, onun çoxşaxəli və əzmkar fəaliyyətinin ölkəmizin hərtərəfli inkişafına mühüm töhfələr verəcəyinə, o cümlədən insanların sosial vəziyyətinin yaxşılaşdırılmasına, elmin, təhsilin və səhiyyənin inkişafına hesablanmış mühüm layihələrin müvəffəqiyyətlə icrasına, humanizm, tolerantlıq ideya və prinsiplərinin, bu sahədə dövlət siyasətinin bundan sonra da uğurla inkişaf edəcəyinə qəti əminlik yaradıb.

Onu da xatırladım ki, respublikamızda məhkumların hüquqlarının etibarlı təminatı, bir sıra cinayətlərin dekriminallaşması, cəza siyasətinin humanistləşdirilməsi, azadlıqdan məhrum etməyə alternativ cəzaların tətbiqinin genişləndirilməsi məsələlərinə də xüsusi diqqət yetirilir.
Sonda bir məsələni də diqqətə çatdırmaq istərdim. Son vaxtlar Ədliyyə Nazirinin müavini – Penitensiar xidmətin rəisi, ədliyyə general-leytenantı Ceyhun Həsənovun rəhbərliyi ilə penitensiar xidmətin şəxsi heyəti arasında nizam-intizamın gücləndirilib, əməkdaşların məsuliyyət hissi yüksəldilib və etik davranış qaydalarına ciddi riayət olunması məqsədilə zəruri tədbirlər görülüb. Bütün bunlarla bərabər, məhkum və həbs olunmuş şəxslərin müraciətlərinə həssas yanaşmaya diqqət artırılıb.