Ölkəmizdə humanizm, haqq-ədalət prinsiplərinə əsaslanan məqsədyönlü siyasəti bu gün Ədliyyə Nazirliyinin Penitensiar Xidmət orqanlarının peşəkar kadrları tərəfindən uğurla həyata keçirilir. Məhz bu siyasətin nəticəsidir ki, hər bir məhkuma xüsusi qayğı, diqqət göstərilir, onlara həssaslıqla yanaşılır. Cəzaçəkmə və müalicə müəssələrində fəaliyyət göstərən işçi heyəti öz vəzifələrinin öhdəsindən layiqincə gəlirlər. İşini sevən, öhdəsinə düşəni vicdan və məsuliyyətlə yerinə yetirən kadrlar vəzifələrində daim şəffaflığı, təkmilləşməni önə çəkirlər.
Bu gün inamla deyə bilərik ki, adıçəkilən sahədə aparılan islahatlar çərçivəsində penitensiar xidmətin fəaliyyəti inkişaf etdirilərək yeni-yeni uğurlar qazanılır. Bu baxımdan məhkumların hüquqlarının qorunması, saxlanma şəraiti, tibbi və digər təminatlarının yaxşılaşdırılması üzrə görülən tədbirlər daha da gücləndirilib. Penitensiar xidmətin tibbi müalicə müəssələrində yaradılan şərait, məhkumlara diqqət və qayğı dediklərimizin sübutudur. Müalicə müəssələrində məhkumların səhhəti, sağlamlığı üçün gözəl şərait yaradılıb: müasir tibbi avadanlıqlar, bu avadanlıqlarla işləməyi bacaran peşəkar tibb personalı, məhkumlarımızın keşiyində durur, onların sağlamlığının daim qayğısına qalırlar. Bir sözlə, məhkumların sağlıq durumu, səhhəti ilə bağlı problemlər daim diqqət mərkəzindədir.
Cəzaçəkmə və müalicə müəssisələrində saxlama şəraiti və rəftar, saxlanılan şəxslərin hüquqlarının təmin olunması yüksək səviyyədə həyata keçirilir. Həmçinin müəssisənin müalicə korpusları və şöbələri günün tələblərinə cavab verən şəraitə tam uyğunlaşdırılmışdır. Burada palatalar, otaqlar vaxtaşırı dezinfeksiya edilir, səliqə-sahman yaradılır, gigiyenik-sanitar qaydalara ciddi əməl olunur. Tibbi müayinədən keçən məhkumların sağlıq durumunda yaranan problemlə bağlı fərdi qaydada, yüksək səviyyədə müalicələri davam etdirilir. Bundan əlavə məhkumların operativ olaraq müalicə müəssisələrinə müşayiəti, davranışları ilə bağlı onlara tənbeh tədbirlərinin tətbiq olunması, psixoloji problemləri olan şəxslərlə bağlı profilaktik tədbirlər də həyata keçirilir.
Müəssisə rəhbərliyi və həkim personalı mütəmadi şəkildə xəstələrin vəziyyəti və onların saxlanma şəraiti ilə maraqlanır. Müəssisədə tibbi yardımın təşkili, dərman təminatı, qidalanma, xəstələrin gəzintisi öndə gələn məsələlərdəndir ki, bu da yüksək səviyyədə təşkil olunmuşdur; hər hansı bir problem yerindəcə araşdırılaraq mümkün olduğu qədər tez bir zamanda öz həllini tapır.
Daima Ədliyyə Nazirinin müavini Ceyhun Həsənov tərəfindən cəzaçəkmə və müalicə müəssələrinə başçəkmələr həyata keçirilir. Ceyhun Həsənov fərdi qaydada məhkumları qəbul edib, onların şikayət və problemlərini dinləyir, görüş zamanı qaldırılan məsələlər araşdırılır. Qəbulda olmuş hər bir şəxsə hüquqi məsləhətlər verilir. Məhkumları narahat edən problemlərin həlli üçün müvafiq tədbirlər görülür.
Milli Preventiv Qrupunun nümayəndələrinin, eləcə də qrupun tərkibində olan həkim üzvünün iştirakı ilə başçəkmələr zamanı tövsiyələr verilir və bütün bunların icrası ilə bağlı araşdırmalar aparılır.
Həmçinin tibbi personal və məsul əməkdaşlarla hüquqi maarifləndirici söhbətlər aparılır, milli və beynəlxalq qanunvericiliyə, o cümlədən Avropa Penitensiar Qaydalarına müvafiq şəkildə tibbi xidmətin əlçatanlığının effektiv təmininə nəzarətin gücləndirilməsi, müəssisəyə qəbul məsələləri ilə bağlı müraciətlərdə yer alan çətinliklərin aradan qaldırılması və saxlanma şəraitinin təkmilləşdirilməsi ilə əlaqədar müvafiq tövsiyələr verilir.
Ölkəmizdə ədliyyə sisteminin müasirləşdirilməsi ilə bağlı aparılan islahatlar çərçivəsində penitensiar xidmətin fəaliyyəti daim təkmilləşdirilir, cəza siyasəti humanistləşdirilir, məhkumların hüquqlarının qorunması, saxlanma şəraitinin, tibbi və digər təminatlarının yaxşılaşdırılması üzrə ardıcıl tədbirlər görülür.
İzzət Qəriboğlu