Fevralın 25-dən 27-dək Səudiyyə Ərəbistanının Məkkə şəhərində “2-ci Məkkə Halal Forum” keçirilir.
Üç gün davam edəcək Foruma dünyanın müxtəlif ölkələrindən müvafiq dövlət qurumlarının nümayəndələri, halal sənayesini təmsil edən iş adamları, ekspertlər qatılıblar.
Tədbirdə həmçinin Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və şirkətlər də iştirak edirlər.
Forum çərçivəsində Məkkədə iştirakçı şirkətlərin məhsullarını təqdim etməsi üçün sərgi təşkil olunub. Azərbaycan Sahibkarlar Konfederasiyasının təşkilatçılığı, AZPROMO-nun dəstəyi ilə sərgidə “Azərbaycan pavilyonu” qurulub. Pavilyonda Azərbaycan bayrağı altında kənd təsərrüfatı, emal sənayesi, turizm və digər xidmət sektorlarını təmsil edən 15 stend fəaliyyət göstərir.
Qeyd edək ki, “Azərbaycan pavilyonu” sərgi iştirakçılarının böyük marağına səbəb olub. Xüsusən də Azərbaycan məhsulları, milli mətbəx nümunələrimiz ilə tanış olan xarici qonaqlara geniş məlumat verilib.
Məlumat üçün bildirək ki, Səudiyyə Ərəbistanı Krallığının Ticarət Nazirliyinin himayəsi altında, dünyanın müxtəlif ölkələrindən iştirakçıların bir araya gətirən Məkkə halal Forumu artıq ikinci ildir keçirilir. Forum, qlobal halal bazarın inkişafını dəstəkləmək və beynəlxalq əməkdaşlığı yüksəltmək məqsədi daşıyır. Forum çərçivəsində dəyirmi masa və müzakirələr, B2B görüşlər və canlı aşbazlıq şouları da nəzərdə tutulub
