Məmurların klinika biznesi: Kimlərin nəyi var – SİYAHIbackend
Araşdırma
1239

Məmurların klinika biznesi: Kimlərin nəyi var – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sahibkarlıq şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət götürməsini özündə ehtiva edən fəaliyyət növüdür. Hər bir Azərbaycan vətəndaşı sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər. “Sahibkarlıq fəaliyyəti haqqında” qanunda belə deyilir. Lakin bəzi istisnalarla. Qanuna görə, dövlət məmurları, Milli Məclisin deputatları və digər bu qəbildən olan şəxslər sahibkarlıq fəaliyyəti qadağandır.

Lakin buna baxmayaq, bu gün ölkədə biznes fəaliyyəti ilə məşğul olan kifayət qədər məmurlar var. Düzdür, onlar bu fəaliyyətlərini rəsmi şəkildə həyata keçirmirlər, özlərinə yaxın şəxslərin adlarına rəsmiləşdirirlər. Əksər hallarda isə öz şəxsi statusundan və təsir imkanlarından bu biznes şəbəkələrini böyütmək üçün istifadə edirlər. Bu kimi hallara son qoyulması ilə bağlı ən yüksək səviyyədə, dövlət başçısı tərəfindən dəfələrlə xəbərdarlıq edilsə də, sahibkar-məmurlar bundan nəticə çıxarmırlar.

Hokm.az müasir dövrdə ən gəlirli biznes sahələrindən hesab olunan özəl klinikaların fəaliyyəti ilə bağlı araşdırma aparıb. Daha doğrusu paytaxtda fəaliyyət göstərən və məmurlara bağlılığı şübhə doğurmayan klinikaları müəyyən etməyə çalışıb.

Bakının iki böyük tibb mərkəzinin – “German Hospital”ın və “Astoriya Tibb Mərkəzi”nin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, Prezident Adminstrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə məxsus olduğu deyilir. İddialara görə, hər iki klinikanı AMEA rəhbərinin kürəkəni, Milli Məclisin sabiq deputatı İlham Əliyev idarə edir. Onun adıçəkilən tibb mərkəzləri ilə yanaşı, digər sahibkarlıq subyektlərinin olduğu da deyilir. “Topaz” MTK “Qala-R.L” MTK, “NLT” MMC, “Premium Store” MMC, “NLT” MTK, “Servis” MTK, “Grand Palace” MTK, “Astoriya” MTK şirkətləri bu qəbildəndir.

Paytaxtın digər iki böyük klinikası – “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanova məxsusdur. C.Qurbanov bir qədər fərqli texnologiyadan istifadə edir. O, ümumi klinika işlətməkdənsə, ixtisaslaşmış tibb mərkəzləri yaratmağa üstünlük verir. Məhz elə bu səbəbdəndir ki, ona məxsus olduğu deyilən “Referans klinikası” laborator müayinələr, “Lor Hospital” isə qulaq, burun, boğaz və baş-boyun mərkəzi olaraq fəaliyyət göstərir.

Paytaxtın Xətai rayonunda yerləşən “Medika Hospital”ın Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə məxsus olduğuna dair məlumatlar var. İddialara görə, bir müddət öncə Nizami rayonunda ikinci filialı açılan klinikaya komitə sədrinin qayınları – Tarquliyevlər rəhbərlik edirlər.

Prezident Adminstrasiyası Dövlət Nəzarəti şöbəsinin müdiri Kərəm Həsənovun da “Mediland Hospital”adlı klinikası var. Onun Əmlak məsələləri üzrə Dövlət Komitəsinə rəhbərlik edən zaman bu hospitalı təsis etdiyini, hazırda isə deputat qardaşı Malik Həsənovun klinikaya nəzarət etdiyi bildirilir.

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun həyat yoldaşının da Səbail rayonu ərazisində klinikası fəaliyyət göstərir. Məlumatlara görə, tibb ocağı – “Koreya Şərq Təbabəti klinikası” adlanır. Həyat yoldaşı Ruhəngiz Heydrovanın rəhbəri olduğu SEBA ilə Kyung Hee Universiteti arasında müqavilə əsasında bu tibb mərkəzi fəaliyyət göstərir.

 “Azərsu” ASC-nin sabiq sədri Qorxmaz Hüseynov da özəl tibb sektorunda pay sahibi olan məmurlardandır. Belə ki, “Diaqnoz” Tibb Mərkəzinin məhz “Azərsu” “şef”inə məxsus olduğu deyilir. Uzun müddətdir klinikaya həyat yoldaşı rəhbərlik edir.

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi işləmiş Arif Qaraşov paytaxtın Nəsimi rayonunda yerləşən “Medical Plaza”nın faktiki sahibidir. Belə ki, klinikanın qanuni təmsilçisi Qaraşova Rəmziyə Sahib qızıdı. R.Qaraşova isə Arif Qaraşovun həyat yoldaşıdır.

“Real” Tibb Mərkəzi isə Xətai rayon İcra Hakimiyyətinin sabiq başçısı Razim Məmmədova məxsusdur. Hazırda bu klinikanın direktoru onun qızıdır. Bununla yanaşı sabiq icra başçısının eyni adda tikinti firmasının da mövcud olduğu barədə xəbərlər dolaşır.

Binqədədi rayonundakı “Elmed” klinikası Cəbrayıl rayonunun sabiq icra başçısı Mahmud Quliyevə məxsusdur. Belə ki, klinikanın direktoru onun qardaşı oğlu Ramin Quliyevdir. Bu klinikanın əsasən cərrahi əməliyyatlar üzrə ixtisaslaşdığı deyilir.

Ölkənin ilk tibb mərkəzlərindən olan “Oksigen klinikası” Milli Məclisin sabiq deputatı, “Odlar Yurdu” Universitetinin rektoru Əhməd Vəliyevə məxsusdur. Bu klinika Bakının çox az özəl tibb müəssisələrində həyata keçirilən doğuş və qeysəriyyə əməliyyatları həyata keçirmək lisenziyasına malikdir. Qiymətlər isə olduqca bahadır.

Mikayıl Mirzəzadə

HOKM.az