Ötən ilin fevralında Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Forumda Prezident İlham Əliyevin şəhid general-mayor Polad Həşimovun qızı, Azərbaycan Tibb Universitetinin tələbəsi Aybəniz Həşimova ilə dialoqu zamanı söylədiyi “Milli Qəhrəmanımız Polad Həşimov öz canını Vətən uğrunda fəda edib. O, göstərdi ki, nəyin bahasına olursa-olsun, biz torpaqlarımızı azad etməliyik. Onun qanı yerdə qalmamalı idi və qalmadı. Biz onun qisasını döyüş meydanında aldıq” fikirləri Azərbaycan dövlətinin qəhrəmanlarımıza verdiyi yüksək qiymətin ən ali səviyyədə bəyanı idi.
Prezidentin çıxışından sitat: “Müharibədən əvvəl Qəbələ şəhərində olarkən yoldan keçirdim, bir çox tədbirlər var idi. Gördüm bir binanın üstündə onun portreti asılıb. Mən maşını dayandırdım, gəldim, onun portreti önündə Azərbaycan xalqına həm onun haqqında, həm də gələcək planlarımız haqqında fikirlərimi çatdırdım” – sitatın sonu.
Elə mövzular var ki, o mövzular mənəvi istehkamdı və onlara heç bir halda toxunmaq, hər hansı məqsədlər üçün istifadə etmək olmaz. Polad Həşimov qəhrəmandır, Azərbaycanın azadlığı uğrunda canını fəda edən, xalqımızı döyüş ruhuna kökləyən unudulmaz bir qəhraman! Anası Səmayə Həşimova da qəhrəman anadır! Polad kimi ləyaqətli bir övladı dünyaya gətirən, ona tərbiyə verən bir ana! Qarşısında baş əyirik! Məramı ucadır!
Səmayə xanımın həbsdə olan Bəxtiyar Hacıyevlə bağlı hər hansı çağırış edib-etmədiyini dəqiq bilmirəm. Hətta bu olubsa da, bir qayğıkeş ana məramının təzahürüdür. Ancaq bunu siyasi hadisəyə çevirmək, mənəvi istehkamları dağıtmaq, bundan siyasi məqsədlər üçün istifadə etmək olmaz. Bu, yolverilməzdir. Bəxtiyar Hacıyevin özü üçün də bu, yararlı bir siyasi texnologiya deyil.
Və ən dəhşətlisi odur ki, bundan siyasi maraqlarını həyata keçirmək üçün məqam gözləyənlər, şəxsi ambisiyalarını təmin etmək üçün “siyasi texnologiyalar”dan məharətlə istifadə edənlər yararlanırlar. Heç şübhəsiz onları nə Polad Həşimovun qəhrəman anası, nə də Bəxtiyar Hacıyev maraqlandırmır. Məqsəd bəllidir – bunu siyasi şouya çevirmək, siyasi divident qazanmaq, hakimiyyəti ittiham etmək üçün fürsətə çevirmək…
Müəllif: Azər Niftiyev