“Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)” yubiley medalı hazırlanacaq. Bununla bağlı qanun layihəsi Milli Məclisə daxil olub.
Apress.az xəbər verir ki tanınmış jurnalistlər qanun layihəsi barədə Modern.az saytına danışıblar.
Əməkdar jurnalist, AzərTAc-ın İdarə Heyətinin sədr müavini, Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının sədri Dağbəyi İsmayılov:
“Milli Mətbuatın 150 illik yubileyi ilə bağlı tədbirlər keçirilə, fəaliyyətində fərqlənən jurnalistlərə fəxri adlar verilə bilər. Güman edirəm ki, bu addım atılacaq. Yubiley medalının hazırlanması da uğurlu təşəbbüsdür. O da yəqin ki, əməyində, fəaliyyətində fərqlənən jurnalistlərə təqdim ediləcək”.
Əməkdar jurnalist, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı:
“Yubiley medalının təsis edilməsi barədə xəbərdən çox məmnun oldum. Yubiley medalının təsis edilməsi o deməkdir ki, milli mətbuatımızın 150 illiyilə bağlı dövlət səviyyəsində əvvəlcədən planlar cızılıb. Belə bir medalın təsis edilməsi təqdirəlayiq addımdır. Çünki Azərbaycan xalqının milli oyanışında, cəmiyyət quruculuğu prosesində milli mətbuatın həmişə rolu çox böyük olub. Cümhuriyyət qurucularımızın da əksəriyyəti publisistlərimiz, jurnalistlərimizdir. Azərbaycan müstəqilliyini bərpa edəndə də ön sıralarda mübarizə aparan, cəmiyyəti fəallaşdıran, onu maarifləndirən də jurnalistlərimiz olub. Ona görə də dövlət tərəfindən jurnalistlərə bu cür diqqətin göstərilməsini müsbət hadisə hesab edirəm. Biz 150 ilə çox ciddi hazırlaşmalıyıq”.
“Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev:
“Milli mətbuatın 150 illiyi ilə bağlı medalın hazırlanması gözlənilən addım idi. Bu, Azərbaycanda mətbuatın inkişafına dövlət və ictimai dəstəyin zirvəsi sayıla biləcək qərardır. Əgər Milli Məclis qanun layihəsini təsdiqləyərsə, bu, bütün media nümayəndələrinin ürəyincə olacaq. Yəqin ki, məsələ Milli Məclisin müzakirəsinə çıxarılıbsa, məqbul qərar veriləcək. Azərbaycan mətbuatının 150 illik medalı mətbuatımızın 150 ildə inkişafına dövlətin ən mühüm töhfəsi olacaq.
Yəqin ki, Azərbaycan jurnalistlərinin hamısının bu medalı almaq arzusu baş qaldıracaq. Bunu jurnalistlərin xoşbəxtliyi saymaq olar”.
“Report” İnfiormasiya Agentliyinin baş redaktoru Murad Əliyev:
“Milli mətbuatımızın 150 illik yubileyinin təsis olunması biz media təmsilçiləri üçün olduqca əlamətdar hadisədir. Bir əsr yarımlıq tarix ərzində Azərbaycan mətbuatı çox keşməkeşli və qürurlu yol keçib, biz də o yolun bir hissəsini addımlamaq şərəfinə nail olmuşuq. Hesab edirəm ki, Azərbaycan mətbuatının 150 illiyilə bağlı yubiley medalının təsis edilməsi medianın cəfasını çəkənlərə verilən dəyərin göstəricisidir. Ümumiyyətlə, bu il istər paytaxtda, istər ölkənin regionlarında milli mətbuatın 150 illiyinin qeyd edilməsi ilə bağlı genişmiqyaslı tədbirlərin keçirilməsini zəruri hesab edirəm. Azərbaycan jurnalistləri həm dövlət, həm özəl sektor, həm də vətəndaş cəmiyyəti nümayəndələri ilə məhsuldar əməkdaşlıq edirlər və bunu nəzərə alaraq yubiley tədbirlərinin bütün səviyyələrdə geniş təşkilini gözləyirəm. Xüsusən də bir çox sosial media fenomlenlərinin zərərli kontentinin yayıldığı bir dövrdə peşəkar jurnalistlərin fəaliyyətinin nə qədər vacibliyinin şahidi oluruq. Məncə, bu fəaliyyətin cəmiyyətdə daha da təşviq edilməsi üçün 150 illik yubiley bir gözəl imkan ola bilər”.