“Möhtəşəm seçki kampaniyası apardıq, qarşıda görəcəyimiz işlər isə…” – Gülpəri Bayramovabackend
Gündəm
526

“Möhtəşəm seçki kampaniyası apardıq, qarşıda görəcəyimiz işlər isə…” – Gülpəri Bayramova

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

VII çağırış Azərbaycan Parlamentinə növbədənkənar seçkilər başa çatdı. Seçkilərdə fəal təbliğat aparan namizədlərdən biri də 16 saylı Yasamal ikinci seçki dairəsindən deputatlığa namizəd, Azərbaycan Biznes Partnyorları Klubunun (BPC) İdarə Heyətinin sədri, “Agromix” şirkətinin  təsisçisi Gülpəri Bayramova idi.

Demokrat.az-a müsahibəsində BPC sədri seçkilərin yekunları, gələcək fəaliyyət istiqamətləri və digər mövzular ətrafında təəssüratlarını bölüşüb.

– Gülpəri xanım, növbədənkənar parlament seçkiləri başa çatdı. Seçkilərdə fəal təbliğat aparan namizədlərdən biri də siz oldunuz. Seçkilərin yekunları ilə bağlı təəssüratlarınızı eşitmək maraqlı olardı.

– Növbədənkənar parlament seçkiləri çox maraqlı və eyni zamanda gərgin rəqabət şəraitində keçdi. Seçki kampaniyamız boyu gördüyümüz işlər, seçicilərlə görüşlər, təbliğat kampaniyası mənim üçün dəyərli bir təcrübə oldu. Seçkilərin yekunlarına gəlincə, nəticələr bir çoxları üçün gözlənilməz oldu. Bu barədə daha geniş danışmaq, təfərrüatlara varmaq istəmirəm. Mən bu prosesdən çox şey öyrəndim və hər bir seçicimə mənə göstərdikləri etimad üçün minnətdaram. Seçkilərin nəticələri hər bir namizəd üçün bir dərsdir və gələcək fəaliyyətimdə bu təcrübədən istifadə edəcəyəm.

Qeyd edim ki, “Sağlam gənclik, sağlam düşüncə, sağlam gələcək” şüarı ilə qatıldığımız kampaniya çərçivəsində seçicilərlə ayrı-ayrılıqda 45 görüşümüz keçirildi. Bütün sosial qrupları əhatə etməyə çalışdıq. Ümumi görüşümüzə isə yüzlərlə seçici qatıldı. Bunun üçün ayrılmış xüsusi zalda görüş keçirən yeganə deputatlığa namizəd mən oldum. Seçicilərlə yanaşı, mətbuatda, sosial mediada da fəal təbliğat apardıq. Ölkəmizin nüfuzlu ziyalıları, məşhur simaları, dəyərli seçicilərimizin adından çağırışlar oldu. Çox qürurverici məqamdır ki, onlar mənə dəstək olduqlarını bəyan etdilər. Ən mühüm məqam isə o idi ki, bütün məntəqələrdən yüksək nəticələr qazandıq.

Seçki kampaniyamızın gedişində əsas məqsədim təkcə deputat seçilmək deyil, həm də cəmiyyətimizə daha faydalı olmaq, onların problemlərini işıqlandırmaq və həll yollarını tapmağa çalışmaq idi. Bu istiqamətdə fəaliyyətim davam edəcək. Xalqıma, dövlətimə xidmətimizi davam etdirəcəyik.

– Gələcəkdə yenidən seçkilərdə iştirak etmək niyyətiniz varmı? Bu gün parlamentdə təmsil olunan xeyli deputat var ki, əvvəllər seçki marafonunda qələbə qazanmayıblar. Hətta bəziləri var ki, dəfələrlə məğlub olsalar da, yekunda deputat seçiliblər.

– lk növbədə onu qeyd edim ki, deputat seçilsəydim, Azərbaycan Parlamentində ən gənc millət vəkili olacaqdım. 29 yaş üçün bu nəticəni yüksək qiymətləndirənlər az deyil. Digər yandan da ilk dəfə idi seçkilərdə namizəd kimi iştirak edirdim. Bir daha bildirirəm ki, bu, mənim üçün böyük təcrübə oldu. Gələcəkdə seçkilərdə iştirak qərarıma gəldikdə isə, bu barədə danışmaz hələ tezdir. Növbədənkənar parlament seçkiləri yeni başa çatıb. Rəsmi nəticələr hələ təsdiq edilməyib. Növbəti seçkilər vaxtından keçirilsə, 2008-ci ilin noyabrında olacaq. Ona qədər isə zamanımız çoxdur.

Sözsüz ki, seçkilərdə uğur qazanmaq təkcə ilk cəhddən mümkün olmaya bilər. Lakin bu, insanın gələcəkdə hədəflərinə çatmaqdan imtina etməsi anlamına gəlmir. Əksinə, bu cür təcrübələr insanı daha da gücləndirir və məqsədlərinə daha inamla addımlamaq üçün bir stimul yaradır. Mən uğura yalnız qələbə ilə deyil, davamlı və təmkinli strategiya ilə nail olacağıma inanıram. Bu baxımdan gələcəkdə, yenidən seçkilərdə iştirak etməyi istisna etmirəm. Cəmiyyətə və ölkəmizə faydalı olmaq mənim əsas məqsədimdir və bu yolda atılacaq hər bir addım mənim üçün qiymətlidir. Seçicilərimin dəstəyi və etimadı məni hər zaman daha yaxşı işləməyə ruhlandırır.

– Biznes ictimaiyyəti sizi Azərbaycan Biznes Partnyorları Klubunun (BPC) sədri kimi tanıyır. Bu qurumun fəaliyyəti hazırda nə yerdədir və gələcək fəaliyyət istiqamətləriniz nədən ibarət olacaq?

– Azərbaycan Biznes Partnyorlarıı Klubu (BPC) iki ilə yaxındır ki, fəaliyyət göstərir və ölkəmizin aparıcı iş adamlarının təşəbbüsü ilə ərsəyə gəlib. İdarə Heyəti üzvlərinin qərarı ilə quruma rəhbərlik edirəm. Əsas fəaliyyət istiqamətimiz sahibkarlar arasında işgüzar, faydalı və qarşılıqlı münasibətlərə nail olmaq, dövlət qurumları ilə özəl sektor, habelə müxtəlif təsisatlar arasında münasibətləri inkişaf etdirmək, biznes subyektləri arasında həmrəyliyin təmin etmək, habelə “Made in Azerbijan” brendini təşviqi və xarici bazarlara çıxışın təmin olunmasıdır. Hazırda 100-dən artıq biznes subyekti kollektiv şəkildə BPC-də təmsil olunur. Təvazökarlıqdan uzaq olsa da, söyləməliyəm ki, qeyd olunan məqsədlərin təmin olunması aspektində mühüm addımlar atmışıq.

Üzv şirkətlərin təmsilçilərinin Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Küveyt, Qətər, Çin və digər ölkələrə səfərlərini təşkil edərək, biznes tərəfdaşları ilə anlaşma müqavilələri imzalamasına nail olmuşuq. Eyni zamanda Səudiyyə Ərəbistanının, Küveytin, İordaniyanın, Meksikanın,  İraqın və Qətərin Azərbaycandakı diplomatik korpuslarında səfirlərlə azərbaycanlı sahibkarların görüşünü təşkil etmişik. Azərbaycanın dövlət qurumları, vətəndaş cəmiyyəti insitutları, biznes təşkilatları və kütləvi informasiya vasitələri ilə fəal əməkdaşlıq edirik. Sevindirci məqamdır ki, BPC-nin fəaliyyətinə maraq hər gün daha da artır və yeni şirkətlər kollektiv şəkildə sıralarımıza qoşulurlar. Təbii ki, qarşıda görəcəyimiz işlər çoxdur və ictimai hesabatlı qurum olaraq bu barədə kütləvi informasiya vasitələrinə məlumatlar təqdim edəcəyik.

– Ölkəmiz mühüm bir tədbirə ev sahibliyi edəcək. Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP) 29-cu sessiyası Bakıda baş tutacaq. Biznes assosiasiyası olaraq bu tədbirə necə hazırlaşırsınız?

– Haşiyəyə çıxaraq bildirim ki, istər BPC sədri, istərsə də “Agromix”in təsisçisi olaraq biznes fəaliyyətinə təkcə gəlir mənbəyi kimi yox, həm də cəmiyyətə xidmət vasitəsi kimi yanaşmışam. Laçın-Xankəndi yolundakı aksiyanın Nyu-Yorkun mərkəzi meydanında işıqlandırılması, şəhid və qazi ailələrinə dəstək, çoxsaylı xeyriyyə aksiyaları tərəfimdən hıyata keçirilib. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən 2022-ci ildə “İlin uğurlu sahibkarı” nominasiyası üzrə təltif edilmişəm. Mükafat mərasimində İqtisadiyyat naziri Mikayıl Cabbarov və digər yüksək rütbəli dövlət rəsmiləri iştirak ediblər. “Made in Azerbaijan” brendinin təşviqindəki xidmətlərinə görə, müxtəlif beynəlxalq mükafatlara layiq görülmüşəm. Kənd təsərrüfatı eksperti olaraq aqrar sektorun inkişafı ilə bağlı mətbuatda yüzlərlə məqaləm dərc olunub. Kənd təsərrüfatı naziri və nazirlik rəsmiləri ilə görüşündə səmərələşdirici təkliflərini təqdim etmişəm.

Şübhəsiz ki, COP29 qlobal iqlim dəyişikliklərinə qarşı mübarizədə əhəmiyyətli beynəlxalq tədbirdir. Qlobal iqlim siyasətinin formalaşması, innovasiya və texnologiyaların inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edir. Məhz elə buna görə də, tədbirə beynəlxalq maraq çox yüksəkdir. Tədbir çərçivəsində 70 min qonağın ölkəmizə təşrif buyurması, dövlət və hökumət başçılarının səfərləri Azərbaycan beynəlxalq miqyasda artan rolunu daha da gücləndirəcək. Şübhəsiz ki, BPC olaraq biz də bu prosesə fəal şəkildə hazırlaşırıq. Çünki əsas fəaliyyət istiqamətlərimizdən biri beynəlxalq ticari əlaqələrdir. Tədbir çərçivəsində mənim də panel çıxışım nəzərdə tutulub.

Bununla yanaşı, tədbirdə iştirak edən beynəlxalq tərəfdaşlarla əlaqələrimizi möhkəmləndirmək, iqlim dəyişikliyi ilə mübarizə sahəsində Azərbaycanın gördüyü işləri beynəlxalq ictimaiyyətin diqqətinə təqdim etmək üçün strategiyalar hazırlayırıq. Assosiasiyamızın üzv şirkətləri də öz davamlı inkişaf layihələrini təqdim edirlər. Eyni zamanda, biz yerli və beynəlxalq media ilə sıx əməkdaşlıq edərək, tədbirin əhəmiyyəti barədə geniş ictimaiyyətə məlumat vermək və iqlim dəyişikliyi mövzusunda maarifləndirmə işləri aparırıq. Bu tədbir Azərbaycanın qlobal iqlim gündəminə töhfə verməsi üçün böyük bir imkan olduğuna inanırıq və bu istiqamətdə fəal iştirak etməyi nəzərdə tuturuq.