Mülki Məcəlləyə dəyişiklik edilir.
“Apress.az” xəbər verir ki, bununla bağlı qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilib.
Layihəyə əsasən, üzərinə həbs qoyulmuş əmlakın qanunla müəyyən edilmiş hallarda və qaydada idarə edilməsi ilə əlaqədar tədbirlər görülə bilər.
Bu Qanun üzərinə həbs qoyulmuş əmlakın yaxşılaşdırılması, satılması, icarəyə və ya idarəetməyə verilməsi qaydaları ilə eyni gündə qüvvəyə minir.
Qeyd edilib ki, adıçəkilən qanunla üzərinə həbs qoyulmuş əmlakın saxlanılması, əmlaka qulluqla əlaqədar tədbirlərin görülməsi, eləcə də həmin əmlakın idarə edilməsinin (əmlakın yaxşılaşdırılması, satılması, icarəyə və ya idarəetməyə verilməsi) hüquqi bazasının təkmilləşdirilməsi həyata keçirilib.
Eyni zamanda üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsinin halları və qaydasını nəzərdə tutan Cinayət-Prosessual Məcəlləsinə yeni 253-1-ci maddə əlavə edilib. Həmçinin bu məsələlərin ətraflı tənzimlənməsi zərurətini nəzərə alaraq, üzərinə həbs qoyulmuş əmlakın yaxşılaşdırılması, satılması, icarəyə və ya idarəetməyə verilməsi qaydaları da Nazirlər Kabineti tərəfindən təsdiq ediləcək.
Bu dəyişikliklər mülki iddianın və xüsusi müsadirənin təmin edilməsi üçün görülən tədbirlərin səmərəliliyini artırmaqla yanaşı, eyni zamanda üzərinə həbs qoyulmuş əmlakın dəyərinin itirilməsinin qarşısını almağa, son nəticədə əmlak mülkiyyətçisinin mülkiyyət hüquqlarının qorunmasına xidmət edir.
Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi ilə əlaqədar tədbirlər mülkiyyət hüququnun məzmunu ilə bağlı olduğundan Mülki Məcəlləyə müvafiq dəyişiklik təklif olunur.
Qanun layihəsinin Nazirlər Kabineti tərəfindən müvafiq qaydaların müəyyən edildiyi gündən qüvvəyə minməsi nəzərdə tutulur.