“3 təşkilat Mediasiya təşkilatları reyestrinə daxil edilib”
Bunu Apress.az-a açıqlamasında Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov bildirib.
O qeyd edib ki, regionlarda mediasiya təşkilatlarının yaradılması və formalaşdırılması mediasiya islahatlarında çox mühüm rol oynayır. Qeyd edilən təşkilatlar Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi tərəfindən şəffaf əsaslar və çevik formada dövlət qeydiyyatına alındıqdan sonra bu təşkilatların legitim mediasiya xidmətləri göstərməsi üçün onlar Mediasiya Şurasının üzvlüyünə qəbul edilir və mediasiya təşkilatlarının reyestrinə daxil edilirlər. Mediasiya Şurası olaraq biz də bu prosesləri çevik və şəffaf şəkildə həyata keçiririk. Mediasiya təşkilatlarının tələblərə uyğunluğu monitorinq edilir və onların fəaliyyətinə Şuraya üzv olduqdan sonra da nəzarət edilir. N. Adilov qeyd edib ki, dövlət qeydiyyatına alınaraq mediasiya xidmətləri göstərən bütün mediasiya təşkilatlarının qarşısında duran bir nömrəli vəzifə keyfiyyətli mediasiya xidmətlərinin həyata keçirilməsidir. Əlbəttə ki, təcrübə yenidir, müəyyən icra problemləri olur və biz bu problemləri anındaca həll edirik. Amma mediasiya təşkilatları rəhbərlərinin də diqətinə hər zaman çatdırmışıq ki, keyfiyyətli mediasiya xidməti göstərə bilməyən, bilərəkdən qanun pozuntusuna yol vermək niyyətinə düşən, Şuranın qərarlarının icrasından yayınmaq istəyən istənilən mediasiya təşkilatı barədə ən sərt və ciddi ölçü götürüləcək. Bizim heç bir qanunsuzluğa göz yummaq fikrimiz yoxdur. Mediasiya islahatdır və bizə həvalə edilmiş bu işin icraçısı kimi üzərimizə düşən bu şərəfli işi layiqincə yerinə yetirməliyik.
N. Adilovun sözlərinə görə, Qusar, Salyan və Samux rayonu üzrə dövlət qeydiyyatına alınmış 3 mediasiya təşkilatının “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş tələblərə uyğunluqlarının müəyyən edilməsi ilə bağlı yaradılmış Xüsusi Komissiyanın rəyi Mediasiya Şurasının İdarə Heyətinə təqdim edilib.
Rəyə İdarə Heyətinin iclasında baxılıb. İdarə Heyətinin üzvlərinin fikirləri, Xüsusi Komissiyanın rəyi nəzərə alınaraq İdarə Heyətinin 17 noyabr tarixli qərarı ilə Qusar 1 saylı, Salyan 1 saylı və Samux 1 saylı mediasiya təşkilatının Şuranın üzvlüyünə qəbul edilməsi və onlar barədə məlumatların mediasiya təşkilatları reyestrinə daxil edilməsi qərarı verilib.
Beləliklə, Mediasiya Şurası İdarə Heyətinin 17 noyabr 2022-ci tarixli qərarı ilə 18 noyabr 2022-ci il tarixindən etibarən vətəndaşlar Quba, Qusar, Xızı, Siyəzən, Şabran, Xaçmaz rayonu üzrə müraciətlərdə Quba 1 saylı, Salyan, Neftçala, Biləsuvar və Cəlilabad rayonu üzrə müraciətlərdə Salyan 1 saylı, Samux, Şəmkir və Goranboy rayonu üzrə müraciətlərdə isə Samux 1 saylı mediasiya təşkilatına müraciət edə bilərlər.
Təşkilatların əlaqə vasitələri aşağıda qeyd olunur:
Qusar 1 saylı mediasiya təşkilatının əlaqə vasitələri:
Təşkilat rəhbəri – Kazımov Radik Ənvər oğlu
Ünvan: Qusar şəhəri, H. Əliyev prospekti 140A
Email: [email protected]
Tel: +994703578717; +994233852525
Salyan 1 saylı mediasiya təşkilatının əlaqə vasitələri:
Təşkilat rəhbəri – Səmədova Aybəniz Kamal qızı
Ünvan: Salyan şəhəri, H. Əliyev küçəsi 109/2
Email: [email protected]
Tel: +994212555115; +994107251983