NATO Əfqanıstanda vəziyyəti sabitləşdirə bilərmi? – Açıqlamabackend
397

NATO Əfqanıstanda vəziyyəti sabitləşdirə bilərmi? – Açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın dövlət katibi Entoni Blinken və NATO-nun baş katibiYens Stoltenberq telefon danışığında Əfqanıstanı müzakirə edib. Tərəflər NATO-nun Əfqanıstanla bağlı koordinasiyalı fəaliyyətin vacib olduğunu vurğulayıblar.

 

Maraqlıdır, ABŞ və NATO-nun gələcəkdə Əfqanıstandakı proseslərə təsir etmək gücü varmı? Ümumiyyətlə, Əfqanıstanda NATO qüvvələrinin nəzarətinin tam təmin edilməsi real görünür?

 

Məsələ ilə bağlı Sfera.az-a danışan politoloq Natiq Miri bəzi ölkələrin ABŞ-la münasibətlərdə ehtiyatlı davrandığını deyib:

 

“ABŞ-ın Əfqanıstan siyasəti böyük mənada uğursuzluğa düçar oldu və beynəlxalq müstəvidə nüfuzuna zərər dəydi. Artıq ABŞ-la müttəfiqlik yönündə danışıqlar aparan və bu məsələdə maraqlı olan dövlətlər ABŞ-la münasibətlərdə ehtiyatlı davranmağa üstünlük verir. Bu kontekstdə Ukraynanın keçmiş xarici işlər nazirinin açıqlaması var ki, ABŞ-ın Əfqanıstanı tərk etməsindən sonra ABŞ-la münasibətlərdə bir çox suallar yaranıb, yəni bu çox biabırçı bir vəziyyətdir”.

 

Ekspert NATO qüvvələrinin də iyirmi il ərzində Əfqanıstanda ciddi itkilər verdiyini vurğulayıb:

 

“ABŞ-ın bundan sonra istər özünün ipini çəkdiyi NATO ilə, istərsə də təkbaşına və yaxud da ki, digər regional müttəfiq qüvvələrlə Əfqanıstanda stabilləşdirici hansısa addımı ata biləcəyi ehtimalını danışmaq yersiz olduğu qədər, həm də inandırıcı deyil. Çünki iyirmi ilə bunu edə bilməyən ABŞ bundan sonra da guya NATO-nu prosesə cəlb etməklə sabitləşdirici vəziyyət yaratmaq istəyir. Bu gülüncüdür və mümkün deyil. Çünki bu iyirmi il müddətində ABŞ ordusu NATO ilə birgə Əfqanıstanda hərbi varlığını sürdürürdü. Minlərlə itki təkcə ABŞ əsgərlərinin içərisində deyil, həm də NATO əsgərləri səviyyəsindədir. Buna görə açığı, artıq və ABŞ hətta NATO ilə birgə Əfqanıstanda vəziyyətə nəzarət etmək istəsə belə əfqan cəmiyyəti bunu qəbul etməyəcək”.

 

Politoloq bir sıra ölkələrin Əfqanıstandakı vəziyyətlə maraqlandığını bildirərək, ABŞ-ın NATO ilə birgə cəhdlərinin bu səbəbdən alınmayacağını deyib:

“Ayrıca buna regional dövlətlər və regionda geosiyasi maraqları olan ölkələr də imkan verməyəcək. Fikir verirsinizsə, bu prosesə stabilləşdirici olaraq daha çox müdaxilə etmək istəyən ölkələr var. Bu ölkələr həlledici səsə malik ölkələr ola bilər. Onların içərisində qardaş Türkiyə, Pakistan da var. Eyni zamanda Rusiya, qlobal güc olan Çin də Əfqanıstandakı proseslərdə maraqlıdır. Onlar hərbi güc olaraq yox, yumuşaq güc olaraq vəziyyəti tənzimləməyə çalışırlar. Bu cür məsələlər varkən ABŞ-ın belə fikirlər səsləndirməsi boğazda yuxarıdır”.