“Ölkəmizdə mediasiya proseslərinin inkişafına ciddi təkan verilib”backend
Gündəm
716

“Ölkəmizdə mediasiya proseslərinin inkişafına ciddi təkan verilib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mediasiya Şurasının sədri Nadir Adilov Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının iclasında Mediasiya institutunun fəaliyyətə başlaması ilə bağlı yüksək səviyyəli fikirlərinə görə hörmətli Azərbaycan Respublikası Ədliyyə Naziri, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının sədri, cənab Fikrət Məmmədova Mediasiya Şurası və bütün mediatorlar adından təşəkkür edib.

Apress.az xəbər verir ki, “Fikrət müəllim hər zaman yeni və kövrək addımlarını atan mediasiya institutunun inkişafına xüsusi diqqət və dəstək göstərib”- deyən N.Adilov fikirlərini belə ifadə edib:
“Bəzi məsələləri Mediasiya Şurası İdarə Heyətinin sədri olaraq qeyd etmək mənəvi borcumdur.
Yeni yaranmış mediasiya institutunun fəaliyyəti əlbəttə ki, problemlərsiz, qayğılarsız, müdaxilələrsiz olmayıb. Hətta fəaliyyətimizdə süni və təbii baş verən minlərlə maneələrlə qarşılaşmışıq.
Amma bunu Şura sədri kimi demək mənəvi borcumdur ki, qeyd etdiyim problemlərin həllində dövlətimizin, dövlət xadimlərimizin, xüsusən də cənab nazir Fikrət Məmmədov kimi hüquq xadimimizin hər zaman xüsusi dəstəyini hiss etmişik.
Bu dəstək nəticəsində isə ölkəmizdə mediasiya proseslərinin inkişafına ciddi təkan verilib. Bu gün Mediasiya Şurası, mediasiya təşkilatları, mediatorlar yeni bir keyfiyyət mərhələsinə qədəm qoyub.
Mediatorların, mediasiya təşkilatlarının il yarımlıq fəaliyyəti müddətində kifayət qədər təcrübələri yaranıb.
Ən sevindirici hal isə ondan ibarətdir ki, artan barışıq sazişləri ilə yanaşı, münaqişədə olan tərəflərin problemlərinin mediasiya yolu ilə həlli hüquq mədəniyyətinin inkişafına ciddi bir təkan verib.
Məhkəmədən öncə mediasiyaya müraciət edən tərəflərin iştirak etdiyi istər ilkin mediasiya sessiyaları, istərsə də tam mediasiya sessiyaları vətəndaşın öz müqəddəratını özünün həll etməsinə yaratdığı imkanla bərabər, vətəndaş və məhkəmələr müstəvisində də yanaşmada yeni müsbət dəyərlər sistemi yaradıb.
Hətta sevindirici hallardan biri də odur ki, mediasiyaya müraciət edən şəxslər mediasiyanın üstünlüyünü hiss etdikdən sonra aralarındakı mübahisəni heç bir inzibati iştirak olmadan, heç bir məmur müdaxiləsi olmadan mediatorun iştirakı ilə özləri öz aralarında həll edib.
Bu işlərin isə uğurlu alınmasında əlbəttə ki, bizim məhkəmələrlə olan çox yüksək səviyyəli münasibətlərimiz, məhkəmələrin bizim fəaliyyətimizə göstərdiyi diqqət xüsusi rol oynayıb.
Artıq barışıq sazişlərimizin sayında çox ciddi yüksəliş var. Mediasiya yolu ilə əldə edilən barışıq sazişləri məhkəmə təcrübəsinin mediasiya praktikası bucağından öyrənilməsi üçün yeni üfüqlər açır.
Və beynəlxalq eskpertlərlə olan görüşlərim zamanı, demək olar ki, bütün ekspertlər ölkəmizdə icbari mediasiyanın dövlət təşviqi dəstəyi yolu ilə inkişafının müsbət nəticələrini qeyd edirlər.
Bu mütərəqqi təcrübə hətta beynəlxalq ekspertlər tərəfindən ölkəmizin mütərəqqi təcrübəsi kimi digər mediasiya islahatları aparmaq istəyən ölkələrə də tövsiyyə edilir. Bütün bunları görmək əlbəttə ki, qürurvericidir.
İctimai rəydə mediator peşəsinə ciddi maraq var. Mediator peşəsi mövcud nüfuzlu peşələr sırasına daxil olur. Məhz bu səbəbdəndir ki, yüzlərlə şəxs bu gün mediator olmaq üçün kurslara müraciət edib.
AR Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası ilə birgə onlarla təlimlər təşkil etmişik, bu gün əhaliyə keyfiyyətli mediasiya xidmətləri göstərən mediatorlar bazasını bərabər formlaşdırmışıq.
Artıq mediasiya üzrə milli təlimçilərimiz yetişib, formalaşıb. Əvvəllər beynəlxalq ekspertlərin təlimçi qismində cəlb edildikləri təlimləri hal – hazırda milli təlimçilərimiz yüksək səviyyədə aparır.
Mediasiya Şurası, mediasiya təşkilatları peşəkar əsaslarla idarə olunan bir təşkilata çevrilib. Bunlar hamsı çox qısa bir zamanda və gərgin əmək nəticəsində baş verib.
Bunları deməkdə məqsədim ondan ibarətdir ki, biz mediatorlar fəaliyyətimizə dəstək olan hər kəsə təşəkkür etməyi bacaran, bunu deyən bir toplumuq.
Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının iclasında fəaliyyətimizə verdiyi yüksək dəyər üçün hörmətli Fikrət müəllimə bir daha hər birimizin adından dərin təşəkkürlərimizi bildirirəm.
Yola saldığımız 2022-ci il də daxil olmaqla, bu il hörmətli Aynur Sabitova xanımla birgə regionları da əhatə edən onlarla tədbiri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin də yaxından iştirakı və dəstəyi ilə həyata keçirmişik. Bu görüşlər, tədbirlər və maarifləndirci tədbirlər əlbəttə ki, göstərilən dəstəyin ictimai ifadəsi kimi ictimai rəydə də çox gözəl qarşılanıb.
Bir daha təşəkkürlər.”