Məzkəzi Bank özəl pensiya fondlarının yaradılması prosesi ilə bağlı bir sıra detalları açıqlayıb.
Apress.az-ın məlumatına görə, qurumdan bildirilib ki, Azərbaycan Prezidentinin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiqlənmiş “2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində pensiya təminatı sisteminin təkmilləşdirilməsi əsas prioritetlərdən biri kimi müəyyən edilib.
Nəzərdə tutulan tədbir çərçivəsində əsas icraçı qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, digər icraçılar sırasında isə Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Mərkəzi Bank və Ədliyyə Nazirliyi qeyd edilib.
Qeyd olunub ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən beynəlxalq təcrübələr, o cümlədən Rumıniya, Polşa, Fransa, Xorvatiya, Türkiyə və bir sıra digər ölkələrin təcrübəsi öyrənilmiş və bunun əsasında pensiya fondlarının fəaliyyətinə dair ilkin qanunvericilik layihələri hazırlanıb: “Hazırda qanun layihələrinin təkmilləşdirilməsi və müzakirəsi məqsədilə dövlət qurumları, Mərkəzi Bank və Azərbaycan Sığortaçılar Assosiasiyası birgə fəaliyyət göstərirlər. Mərkəzi Bankın da iştirakı ilə qurumlararası müzakirələr davam etdirilir və ilkin təkliflər işlənib hazırlanır”.
Açıqlamada deyilir ki, özəl pensiya fondlarının yaradılmasında həyat sığortası şirkətlərinin rolu əhəmiyyətlidir. Bu şirkətlər beynəlxalq təcrübələrin öyrənilməsində və fondların idarə edilməsi üzrə təkliflərin hazırlanmasında yaxından iştirak edirlər.
Sığortaçılar tərəfindən özəl pensiya fondlarının tətbiq olunduğu beynəlxalq təcrübənin öyrənilməsi, o cümlədən pensiya fondlarının fəaliyyətində sığortaçıların rolu, işlərin təşkili və digər effektiv mexanizmlərlə bağlı təhlillər aparırlar. Ümumiyyətlə Mərkəzi Bank sığorta sektorunun inkişaf etdirilməsi, sektorun maliyyə sabitliyinin təmin edilməsi istiqamətində bir çox işlər icra etməkdədir.
Eyni zamanda, sığorta sektorunun inkişafı üçün Mərkəzi Bank və Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) ilə əməkdaşlıq çərçivəsində yeni təşəbbüslər həyata keçirilir.
“Bütün qeyd olunan islahat tədbirlərində beynəlxalq təcrübənin dərindən öyrənilməsi prioritetlər daxilindədir. Yaxın zamanlarda kredit götürən şəxslərin həyatının sığortalanması ilə bağlı qaydalara edilən dəyişikliklər də bu inkişaf addımlarının nümunəsidir. Bu istiqamətdə təkmilləşdirmə işləri aparılarkən yenə də beynəlxalq təcrübənin o cümlədən Türkiyə və digər ölkələrin təcrübələrinin yaxından öyrənilməsinin konsepsiyanın formalaşmasında əhəmiyyətli təsirləri olub”, – Mərkəzi Bank qeyd edib.
Qurum bildirib ki, özəl pensiya fondlarının uğurlu fəaliyyət göstərməsi üçün bir sıra effektiv idarəetmə və tənzimləmə mexanizmləri nəzərdə tutulur:
“Şəffaflıq və maliyyə sabitliyinin təmin etmək üçün fondların fəaliyyətində şəffaflığın təmin edilməsi və maliyyə sabitliyinin qorunması əsas prioritetlərdəndir. İnvestisiyaların qorunması üçün vətəndaşların fondlara yatırdığı vəsaitlərin qorunması üçün qanunvericilik bazasının təkmilləşdirilməsi və risklərin azaldılması istiqamətində tədbirlər görüləcək. Diqər məsələ isə vətəndaşların maarifləndirilməsidir. Fondların fəaliyyətinə marağın artırılması və pensiya yığımlarının əhəmiyyəti barədə məlumatlandırma kampaniyalarının təşkili planlaşdırılır”.