Partiya sədri: “Təhsil İnsitutunun rəhbərliyi istefa verməlidir”backend
Təhsil
634

Partiya sədri: “Təhsil İnsitutunun rəhbərliyi istefa verməlidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial mediada MİQ (müəllimlərin işə qəbulu) müsabiqəsinin imtahan mərhələsində riyaziyyat fənni üzrə test tapşırıqlarının maddi maraq qarşılığında əvvəlcədən ötürülməsinə dair məlumatlar tirajlanıb. Test bankına daxil edilməsi üçün təqdim olunan orijinal sualların məxfiliyinin qorunmasına, üçüncü tərəflə paylaşılmamasına zəmanət verilməsinə baxmayaraq, bu məlumatların yayılması ciddi etirazlara səbəb olub. Vətəndaş cəmiyyəti insitutlarının nümayəndələri, müstəqil ekspertlər təcili olaraq MİQ imtahanlarının ləğv edilməsini, yenidən keçirilməsini və Təhsil İnsitutu rəhbərliyinin istefa göndərilməsini tələb edirlər.

Videogörüntülər yayılan zaman məsuliyyəti boynundan atmağa çalışan Təhsil Nazirliyi və tabeliyindəki Təhsil İnsitutu sonradan rəsmi açıqlama ilə çıxış edib. İmtahan suallarını tərtib edən mütəxəssislərdən birini ittiham etməklə işini bitmiş sayan nazirlik rəsmilərindən isə ictimaiyyət konkret izah tələb edir. Daha bir iddia isə imtahan suallarının tərtibatı zamanı səhvlərə yol verilməsi, məqsədli şəkildə sualların çətinləşdirilməsi ilə bağlıdır.

Aydınlar Partiyasının sədri, Milli Məclisin sabiq deputatı, professor Qulamhüseyn Əlibəyli Hokm.az-a açıqlamasında bildirib ki, baş verənlər dövlətə qarşı ağır cinayətdir: “Bu dövlətin mənəvi dayaqlarını sarsıdır. Buna yol verənlər barəsində mütləq ölçü götürülməlidir. Məsələyə məsul qurumun rəhbərliyi hüquqi məsuliyyətə cəlb edilməlidir. Təhsil İnsitutunun rəhbərliyi istefaya göndərilməlidir. Yox əgər buna getməsələr, deməli, özləri maraqlıdırlar ki, bu cür hallar davam etsin. Təhsil millətin gələcəyidir. Müəllimlik peşəsi ən nəcib və müqəddəs peşədir. Övladlarımıza təhsil verəcək pedaqoqları əyri yollarla işə qəbul etməyin bir adı var – biabırçılıq.

Müsahibimiz qeyd edir ki, MİQ imtahanlarının nəticələri ləğv olunmalıdır: “Sualların tərtibatı zamanı səhvlər var, buna göz yumuruq. Çətin suallar təqdim edirlər, buna da göz yumuruq. Düşünürük ki, burada cinayət əməli yoxdur. Texniki xəta və təşkilati baxımdan yaxşı hazırlaşmamaq deyib üzərindən keçirik. İmtahanların məxfilik prinsiplərini pozmaq isə bağışlanmaz əməldir. Buna görə, mütləq cəza tədbirləri görülməlidir. Əks halda gələcəkdə də bu cür hallar davam edəcək – deyə Əlibəyli fikrini yekunlaşdırır.

Mikayıl Mirzəzadə

Hokm.az