Rəhbər vəzifədə çalışan şəxslər haqqında məlumatlar hər zaman maraq obyektində olub. Xüsusilə onların idarəçilikdəki peşəkarlıq səviyyəsini müəyyənləşdirən əsas amillərdən biri təhsilləridir.
Apress.az Sfera.az-a istinadən Prezident Administrasiyasında rəhbər vəzifədə çalışan şəxslərin bitirdiyi universitetlərin siyahısını təqdim edir:
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev – 1991-ci ildə Azərbaycan Texniki Universitetinə daxil olub. 1996-cı ildə həmin universitetin mühəndis biznesi və menecment fakültəsini mühəndis-iqtisadçı ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 2003–2005-ci illərdə təhsilini ABŞ-nin Dyuk Universitetində davam etdirərək Beynəlxalq İnkişaf Siyasəti üzrə magistr dərəcəsini əldə edib.
Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin rəisi Altay Həsənov – 1978-ci ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olunub. 1980-ci ildə təhsilini M. V. Lomonosov adına Moskva Dövlət Universitetində davam etdirib. 1983-cü ildə həmin universitetin filologiya fakültəsini bitirib.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov – 1998-ci ildə Bakıda Qərb Universitetinin Beynəlxalq menecment ixtisası üzrə bakalavr pilləsini bitirib. 2001-ci ildə Bakıda Qərb Universitetinin Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə magistr dərəcəsinə yiyələnib.
Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov – 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini Maliyyə və kredit ixtisası üzrə magistr dərəcəsi ilə bitirib. 2012-ci ildə İspaniyanın Instituto de Empresa (IE) biznes məktəbində Biznesin idarə edilməsi, 2019-cu ildə Böyük Britaniyanın London İqtisadiyyat Məktəbində (LSE) Dövlət inzibatçılığı üzrə magistr dərəcəsi alıb.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənov – 1986-cı ildə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olub. 1992-ci ildə isə Azərbaycan Dövlət İqtisad İnstitutunu (Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu) fərqlənmə diplomu ilə bitirərək iqtisadçı ixtisasına yiyələnib.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev – 1979-cu ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini başa vurub. 1994-cü ilin fevralında Moskva Gənclər İnstitutunun doktoranturasına daxil olub. 1992-ci ildə tarix elmləri namizədi, 2000-ci ildə isə tarix elmləri doktoru alimlik dərəcəsi alıb.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Hərbi-texniki təminat məsələləri şöbəsinin müdiri Andrey Sipilin – 1995-1999-cu illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında, 2000-2002-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində, 2000-2004-cü illərdə isə Bakı Dövlət Universitetində təhsil alıb. Bakı Dövlət Universitetində hüquq, Azərbaycan Dövlət İqtisad Universitetində isə biznes idarəetməsi və audit ixtisası üzrə təhsil alıb.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov – 1981-ci ildə Azərbaycan Dövlət Universitetininin hüquq fakültəsini bitirib.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev – Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq fakültəsinin bakalavr və magistr pillələrini bitirib. NATO-nun Müdafiə kolleci, Təhlükəsizlik məsələlərinin tədqiqi üzrə Corc Marşal mərkəzi və Belçikanın ULB universitetinin magistr pilləsinin məzunudur.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov – 1990-cı ildən 1995-ci ilədək Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq İqtisadi Əlaqələr fakültəsində bakalavr, 2003–2004-cü illərdə Harvard Universitetinin Con Kennedi adına Hökumət Məktəbində Dövlət İdarəçiliyi üzrə magistr təhsili alıb.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov – 1990-cı ildə N.A.Voznesenskiy adına Leninqrad Maliyyə-İqtisad İnstitutunu iqtisadçı ixtisası, 1998-ci ildə isə Elmi-Təhsil Mərkəzi Təfəkkür Universitetini hüquqşünas ixtisası ilə bitirib.
Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi Azər Qasımov – Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunu, Bakı Dövlət Universitetini və Çenq Du Universitetini (Çin) bitirib.
Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi Arif Səmədov – Moskva Dövlət Universitetinin diplomatiya fakültəsinin məzunudur.
Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri Tələt Məcidov – Azərbaycan Dövlət Universitetində təhsil alıb, iqtisad elmləri namizədidir.
Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev – 1995-ci ildə Səbail rayon 134 nömrəli orta məktəbi bitirdikdən sonra Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun Dövlət və Bələdiyyə idarəetməsi fakültəsinə qəbul olunub. 1999-cu ildə qeyd olunan institutda bakalavr dərəcəsini aldıqdan sonra Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsilini davam etdirib. 2001-ci ildə Akademiyanın İnzibati idarəetmə fakültəsini Dövlət və bələdiyyə idarəetmə ixtisası üzrə fərqlənmə diplomu ilə bitirərək magistr dərəcəsi alıb.
Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva – 1984-cü ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Həmin ildən bu ali məktəbdə çalışıb, dərs deyib, Bakı Musiqi Akademiyasının elmi katibi, ixtisasartırma fakültəsinin dekanı olub. 1986–1991-ci illərdə aspiranturada oxuyub. 1994-cü ildə sənətşünaslıq namizədi elmi dərəcəsi alıb. 1995-ci ildən dosent, 2005-ci ildən professor adına layiq görülüb. 2008-ci ildə isə sənətşünaslıq üzrə elmlər doktoru elmi dərəcəsini alıb.
Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov – 1994-cü ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinə daxil olub. 1998-ci ildə bakalavr təhsil pilləsini, 2000-ci ildə isə magistratura təhsil pilləsini fərlqlənmə diplomu ilə bitirib. 2002-ci ildə Amerika Birləşmiş Ştatlarının İndiana Universitetinin hüquq fakültəsinin magistraturasını bitirib. 2003–2006-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun aspirantı olub.
Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev – 1977-ci ildə Azərbaycan Dövlət Universitetinə daxil olub və filologiya ixtisası üzrə bitirib.
Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov – Simferopol şəhərində ali təhsil alıb. Daha sonra Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib.
Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov – 1992-ci ildə Azərbaycan Dillər Universitetinin ingilis-fransız tərcüməçilik fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1993-cü ildə o, Fransada Paris Beynəlxalq Dövlət İdarəçiliyi İnstitutunda diplomatik təhsilini alıb. Daha sonra 1994-cü ildə Almaniyanın Oberammerqau şəhərində NATO Məktəbində (NATO School) və İtaliyanın Roma şəhərində NATO-nun Müdafiə Kollecində (NATO Defense College) xüsusi təlimlər keçib. 2000-ci ildə o, ABŞ-də Harvard Universitetinin Kennedy adına İdarəçilik Məktəbində (John F. Kennedy School of Government) beynəlxalq və milli təhlükəsizlik üzrə xüsusi kursu bitirib.
Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov – 1977–1982 Kiyev Dövlət Universitetində Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinin Beynəlxalq hüquq ixtisası üzrə, 1990–1991-ci ildə isə SSRİ Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında təhsil alıb.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli – Bakı Dövlət Universitetini Beynəlxalq münasibətlər ixtisası üzrə bitirib.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov – 1996-cı ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu Kommersiya fakültəsinin Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bitirib. 1998-ci ildə ABŞ-nin Florida Ştatı Universitetində iqtisad üzrə magistr dərəcəsini, 2009-cu ildə isə ABŞ-nin Harvard Kennedi Məktəbində dövlət idarəçiliyi üzrə ikinci magistr dərəcəsini alıb. Emin Hüseynova 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov – 1996-cı ildə Azərbaycan Xalq Təsərrüfatını İdarəetmə İnstitutunu İdarəetmənin təşkilatçısı ixtisası üzrə, 1998-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu kredit iqtisadçı ixtisası üzrə bitirib.
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev – 2003-cü ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsində bakalavr, 2005-ci ildə isə həmin universitetdə Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər üzrə magistr təhsilini alıb. Daha sonra 2019-cu ildə İngiltərənin Koventri şəhərində yerləşən Vorvik Universitetində Biznesin İdarə Edilməsi ixtisası üzrə magistr dərəcəsinə yiyələnib.
Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov – 1982-ci ildə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunda təhsil alıb, oranı bitirdikdən sonra institutun aspiranturasına qəbul edilib. 1989–1991-ci illərdə İnstitutun məlumat-ölçmə və hesablama texnikası kafedrasının mühəndisi olub. 2006-cı ildə isə Paris Sorbon Universitetində siyasi elmlər üzrə magistr dərəcəsini alıb.
Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev – 2000-ci ildə Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinin bakalavr, 2004-cü ildə həmin universitetin Dilşünaslıq fakültəsinin magistr pillələrini bitirib. 2007-ci ildə isə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsindən məzun olub.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi Cəmilə Abbasova və Hərbi məsələlər şöbəsinin müdiri Fərid Seyidov, Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimovun təhsili haqqında informasiya yoxdur. Eyni zamanda, sənəd dövriyyəsi şöbəsi və qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinə təyinat olmayıb.
Fotoda: Fərid Seyidov
Fotoda: Aydın Kərimov