Şəriətə görə ölünü üzü qibləyə, iyi-qoxusu bayıra çıxmayacaq dərəcədə dərinliyə dəfn etmək lazımdır. Lakin burada Qiyamət gününün dirilişinə aid olan bir məsələ vardır ki, islam aləminin müxtəlif məmləkətlərində, hətta ölkəmizin bəzi bölgələrində qadının qəbri boğazına qədər, kişinin qəbri qurşağına qədər qazılır. Hətta keçmiş zamanda bu ölçünü qamışla edərmişlər. Həm kəfən parçasını, həm də qəbrin boyunu müəyyən etmək üçün. Hətta bölgələrimizdə bir qarğış növü də var: “Boyuna qəmiş ölçüm” deyə. Bu dərinlik fərqini indi müxtəlif cür izah etməyə çalışırlar. Bəziləri tibbi cəhətdən, bəziləri dəfn zamanı qadının görünməsinin naməhrəm olduğunu əsas gətirirlər. Lakin qeyd edim ki, bu dərinlik fərqi şəriətdə vacib deyil, tövsiyyə olunan məsələdir. Vacib olan ölünün dərinliyə dəfn olunmasıdır.