Bakıda iki piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
“Apress.az” xəbər verir ki, hadisələrdən biri ötən gün saat 05 radələrində Xəzər rayonu Qala-Pirallahı yolunda qeydə alınıb.
Belə ki, Ənvər Əliyev idarə etdiyi “Chevrolet” markalı avtomobillə İlhamə Əliyar qızı Ağayevanı vurub. Ağır xəsarətlər alan qadın vəfat edib.
Oxşar hadisə dünən saat 12 radələrində Xəzər rayonu Buzovna qəsəbəsi Zuğulba şosesində qeydə alınıb.
Samid İslamov idarə etdiyi “Kia Sorento” markalı avtomobillə İsmayılova Zöhrə Faiq qızını vurub. Piyada hadisə yerində vəfat edib.
Hər iki faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
***
Teleqraf.com-un məlumatına görə, vəfat edən Zöhrə İsmayılova “İşğaldan azad edilmiş ərazilərdə Tarix və mədəniyyət abidələrini müdafiə təşkilatı” İctimai Birliyinin sədri Faiq İsmayılovun qızıdır. O, 4 nömrəli xüsusi internat məktəbində müəllim işləyirmiş.
Hadisə Z.İsmayılova işə getmək üçün avtobus dayanacağına keçmək istəyərkən baş verib.
Mərhumun 3 övladı qalıb.
Fotoda Zöhrə İsmayılova
Fotoda Faiq İsmayılov