AQC rəhbərliyinin səlahiyyətləri daha bir il müddətinə uzadıldı.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin onlayn iclası keçirilib. AQC-nin sədr müavini, VECON CONSULTING” şirkətinin direktoru Vüqar Orucun verdiyi məlumata görə, iclasda cəmiyyətin gələcək fəaliyyət istiqamətləri müzakirə olunub, təşkilati məsələlərə baxılıb.
Onun sözlərinə görə, koronavirus pandemiyası toplaşma məhdudiyyəti yaratdığı üçün AQC sədrinin və digər rəhbər strukturların səlahiyyət müddəti AQC İdarə Heyətinin qərarı ilə daha bir il uzadılıb.
İclasda çıxış edən AQC-nin sədri Nüsrət İbrahimov, sədr müavinləri Vüqar Oruc və Zamin Hüseynov, İdarə Heyətinin üzvləri Elnur Əsədov, Ramil Osmanlı, Fərid Rüstəmov, Məhəmməd Yusifov cəmiyyətin gələcək fəaliyyət istiqamətləri ilə bağlı təkliflərini irəli sürüblər.
Vüqar Oruc Hokm.az-a bildirir ki, yekunda AQC-nin Direktorlar Şurasının iclasını çağırmaq qərara alınıb. İclasın gündəliyi müəyyən olunub. Qərara alınıb ki, Direktorlar Şurasının gündəliyinə tender və kotirovka qaydaları, bu istiqamətdə baş verən qanunsuzluqlar, AQC-nin maddi-texniki bazasını gücləndirmək, Mediasiya Şurası ilə əməkdaşlıq imkanları, fəxri ad və ünvanların təsis edilməsi və Ədliyyə Nazirliyinin qiymətləndirmə şirkətlərinin böyük narazılığına səbəb olmuş Məhkəmə Ekspertizası ilə bağlı qərarına münasibət barədə məsələlər salınsın.