“Rəsmi Bakı COP29-a ən yüksək səviyyədə hazırlaşıb”backend
264

“Rəsmi Bakı COP29-a ən yüksək səviyyədə hazırlaşıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəşəriyyət bu gün üç əsas ekoloji böhran – iqlim dəyişikliyi, təbiətin dağılması və məhvi, havanın, suyun və torpağın çirkləndirilməsi ilə qarşı-qarşıyadır. Bu ekoloji fəlakətləri önləmək və “yaşıl enerji”yə keçidi təyin etmək üçün dünya dövlətləri noyabrın 11-də Bakıda işinə başlayacaq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) toplaşacaq.

Konfrans ekoloji fəlakətlərin qarşısını almaq üçün gələcək addımları, yeni hədəf və mexanizmləri müəyyən etməlidir.

Bu kontekstdə COP29 sammiti 1997-ci ildə COP3 zamanı tullantıların azaldılması üzrə könüllü öhdəliklər məsələsini qaldıran və istixana qazları emissiyalarının məhdudlaşdırılmasını nəzərdə tutan Kioto Protokolu və 2015-ci ildə COP21 zamanı iqlim böhranının qarşısını almaq üçün qlobal orta səth temperaturunun artımını 2 dərəcə ilə məhdudlaşdırmaq və mümkünsə 1,5 dərəcədən aşağı saxlamaq hədəfini müəyyənləşdirən Paris İqlim Sazişi ilə müqayisədə daha ambisiyalı nəticələr verə bilər. Çünki həmin sazişlərin bəzi bəndləri indiyədək ümumiyyətlə icra olunmayıb, digərlərinin isə yenilənməsinə ehtiyac var.

Məsələn, 2009-cu ildə Kopenhagen şəhərində keçirilən COP15 zamanı həmin vaxt ABŞ dövlət katibi postunu tutan Hillari Klinton inkişaf etmiş ölkələrin 2020-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə iqlim adaptasiyası üçün 100 milyard dollar ayıracağını vəd etmişdi. Lakin bu məqsədə yalnız 2023-cü ildə böyük çətinliklə çatmaq mümkün oldu.

İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin (IPCC) son hesabatında qeyd olunur ki, inkişaf etməkdə olan ölkələrə iqlimlə bağlı sərmayələr indidən 2030-cu ilə qədər 4-8 dəfə artırılmalı və ildə təqribən 2-3 trilyon dollara çatmalıdır. Digər yandan, BMT inkişaf etməkdə olan ölkələrə iqlim adaptasiyası və “yaşıl enerji”yə keçiddə kömək üçün 2030-cu ilə qədər 6 trilyon dollara qədər vəsait tələb olunduğunu bildirib.

Lakin problem ondan ibarətdir ki, qlobal iqlim dəyişikliyində əsas pay sahibi olan inkişaf etmiş ölkələr bu məsuliyyəti digər ölkələrlə bərabər bölüşməyə, baş verənlərdən əziyyət çəkən ölkələrə dəstəyi maksimum azaltmağa çalışır. Halbuki, inkişaf etmiş ölkələrin sakinləri az inkişaf etmiş ölkə sakinlərdən 6 dəfə daha çox material istifadə edir və iqlimə 10 dəfə çox təsir göstərir. İnkişaf etmiş ölkələrin sənaye inqilabından sonra ağır sənayesi vasitəsilə atmosferi çirkləndirməsi, təbii sərvətləri istismar etməsi və tullantıları təbiətə atması faktına qarşılıq heç bir istehsal sənayesi olmayan ölkələrlə iqlim dəyişikliyin fəsadlarını birlikdə bölüşmək cəhdi bu baxımdan absurd sayılmalıdır.

İnkişaf etmiş ölkələr hesab edir ki, bütün ölkələr iqlim dəyişikliyi ilə mübarizəyə eyni həcmdə vəsait ayırmalıdır. Lakin bu, ədalətli yanaşma sayıla bilməz. Çünki sənayesi inkişaf etmiş ölkələr bunun sayəsində külli miqdarda vəsait qazanır, təbii olaraq atmosferi daha çox çirkləndirirlər. Sənayesi olmayan və ya inkişaf etməyən ölkələr bu sahədən qazanc əldə etmir, ətraf mühiti də çirkləndirmir. Belə olan halda maliyyə yükünü atmosferi eyni həcmdə çirkləndirməyən ölkələr arasında bərabər bölmək doğru sayıla bilməz. Hansı ölkə sənayesini inkişaf etdirib, daha çox qazanc əldə edərək ətraf mühiti daha çox çirkləndiribsə, problemin aradan qaldırılması üçün də daha çox vəsait ayırmalıdır.

Bu absurd yanaşmanın bariz nümunəsi Bakıda keçiriləcək COP29 sammitinə qatılmaqdan imtina edən Norveç kimi ölkələrdir. Norveç dünyada ən çox neft və qaz hasil edən, bununla da, ekologiyaya zərbə vuran, Avropa kontinentini çirkləndirən ölkədir. Milyardlarla vəsait qazanır, amma ekologiya, iqlim dəyişikliyi probleminə etinasız yanaşır. Norveç və digər bu kimi ölkələr niyə bu hədəfdən yayınır, vəsait ayırmaq istəmir? Halbuki onlar sənaye inqilabında iştirak etmiş əsas ölkələrdir, ətraf mühitin çirklənməsində, iqlim dəyişikliyində kifayət qədər rolları var. Neft-qaz sənayesindən milyardlarla vəsait qazansalar da, iqlimin təmizlənməsi, problemin aradan qaldırılması üçün vəsait xərcləmək, maliyyə hədəflərinə töhfə vermək istəmirlər.

Analoji məyusluq 2023-cü ildə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində keçirilən COP28 sammitində də yaşanmışdı. Düzdü, həmin sammitdə qazıntı yanacağından 2050-ci ilə qədər mərhələli şəkildə imtina olunması barədə tarixi razılaşma əldə olunsa da, konfransın əsas uğursuzluğu temperaturun XXI əsrin sonuna qədər 1,5 dərəcədən aşağı saxlanılması üçün görüləcək tədbirlərin konkret planının olmaması və qlobal iqlim dəyişikliyindən ən çox əziyyət çəkən inkişaf etməkdə olan ölkələrə konkret dəstəyin nədən ibarət olmasının göstərilməməsi idi. İqlim dəyişikliyinə adaptasiya ilə bağlı yekun razılaşmanın əldə olunmaması da Afrika, Karib hövzəsi ölkələri və Cənubi Amerikada ciddi məyusluq hissi doğurdu.

Əvvəlki COP sammitlərində yaşanan uğursuzluqları, icra olunmayan sazişləri nəzərə alaraq, rəsmi Bakı COP29-a ən yüksək səviyyədə hazırlaşıb, cəsarətli təşəbbüslər və bütün tərəflərin maraqlarını nəzərə alan konsensus variantlar hazırlayıb.

Bu konsensuslar arasında, qazıntı yanacağı hasil edən ölkə və şirkətlərin könüllü ianələri ilə kapitallaşdırılan və inkişaf etməkdə olan ölkələrdə təbii fəlakətlərin nəticələrini qısa zamanda aradan qaldırmaq məqsədi ilə yüksək güzəştli və qrant əsaslı maliyyələşdirmə üçün xüsusi imkanlara malik olacaq İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun (CFAF) yaradılması var. Bundan başqa, yaradılacaq İqlim maliyyəsi, investisiya və ticarət üzrə Bakı Təşəbbüsü (BICFIT) “yaşıl enerji”yə sərmayəni təşviq edəcək yeni platforma olacaq.

Göründüyü kimi, rəsmi Bakı COP29-a konkret iqlim gündəliyi hazırlayıb, iqlim maliyyələşməsi, qlobal istiliyin fəsadlarından daha çox əziyyət çəkən kiçik ada dövlətləri və inkişaf etməkdə olan ölkələrə maliyyə dəstəyinin yol xəritəsini tərtib edib, dövlət və beynəlxalq institutlarla yanaşı, özəl sektorun maliyyə mənbələrinin də iqlim dəyişikliyi ilə mübarizəyə cəlb olunmasına, həmin vəsaitlərin kasıb ölkələrə daha güzəştli şərtlərlə təqdim olunmasını təklif edir.

Eyni zamanda, Bakı inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında bütün spektrlər üzrə konsensusun əldə olunmasını, Paris İqlim Sazişin bünövrəsi üzərində dünya birliyinin iqlim dəyişikliyi və “yaşıl enerji”yə keçidlə bağlı daha aydın və effektiv tədbirlər görməsini gözləyir.

Artıq qeyd olunduğu kimi, COP29-da növbəti maliyyə hədəfi müəyyən olunmalıdır. Təbii ki, Azərbaycanın istəyi ondan ibarətdir ki, COP29-da müzakirə olunacaq əsas məsələlərdən biri və birincisi iqlim dəyişikliyi və “yaşıl enerji”yə keçid üçün yeni maliyyə hədəfinin müəyyən edilməsi olsun. Yeni maliyyə hədəfinin Bakıda keçirilən iqlim konfransında müəyyən olunub, bunun yekun Bəyannaməndə əksini tapması ilə ölkəmiz tarixə keçəcək.

Burada əsas “Bakıda keçiriləcək COP29-da yeni maliyyə hədəfləri necə müəyyən olunmalıdır” sualına cavab tapılmasıdır. COP29-da iqlim dəyişikliyi ilə mübarizə və “yaşıl enerji”yə keçid üçün yeni maliyyə hədəfi müəyyən olunacaqmı? COP29-un əldə edəcəyi əsas nəticə budur. COP iştirakçısı olan ölkələr tədbirə bu amalla qatılmalı, konkret təklif və qərarla gəlməli, yeni maliyyə hədəfinin müəyyənləşməsinə öz töhfəsini verməlidir.

Təbii ki, maliyyə fondları və donorlar da bu məsələdə aktiv olmalıdırlar.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev də bu günlərdə APA-ya müsahibəsində COP29-da iştirak edəcək ölkələr arasında maliyyələşmə məsələləri ilə bağlı razılaşmaların əldə olunmasının Azərbaycanın marağında olduğunu deyib. O, COP29-un yekununda ölkələr arasında xüsusən gündəliyin əsasını təşkil edən maliyyə məsələlərində konsensusa nail olunmasının hədəfləndiyini, əsas mövzulardan birinin yeni maliyyə hədəfi olan Yeni Kollektiv Kəmiyyət Məqsədi (YKKM) olacağını bildirib.

Beləliklə, rəsmi Bakının COP29-un iqlim maliyyələşməsi və gələcək fəaliyyət planı ilə bağlı bütün tərəflərdə aydın təsəvvürün olmasını istədiyi, bu əlaqələndirici missiyanı üzərinə götürdüyünü söyləmək olar.

Yuxarıda qeyd olunan amillərlə birlikdə, bəşəriyyəti iqlimlə bağlı gözləyən fəlakəti önləmək üçün yaxın onilliklərin həlledici olacağını nəzərə alsaq, COP29 konfransının tarixdə ən effektiv qlobal iqlim sammiti olacağına ümidlər böyükdür.

APA Analytic