“Rusiya sülhməramlıları bundan nəticə çıxarmalı, təyinatına uyğun fəaliyyət göstərməlidir”backend
Banner
1050

“Rusiya sülhməramlıları bundan nəticə çıxarmalı, təyinatına uyğun fəaliyyət göstərməlidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şuşa ərazisində Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan yolun bir hissəsində azərbaycanlı fəallar və qeyri-hökumət təşkilatları fəalları Qarabağda ekoloji terrora son qoyulması tələbilə etiraz aksiyası keçirib. Xankəndi-Şuşa yolunda azərbaycanlı ekofəalların qarşısını kəsən Rusiya sülhməramlıları etirazçıların tələbi qarşısında iriçaplı silahları yığışdırıb, pulemyotlar sülhməramlı hərbçilərin üzərindən götürülüb. Qeyd edək ki, Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin tərkibində milliyyətcə erməni olanların xidmət etməsi, bu iddiaların bir daha bugün keçirilən aksiyada öz təsdiqini tapması, aksiyanı işıqlandıran mətbuat nümayəndələrinə qarşı zorakılıq edilməsi, onları müşaiyət edən avtomobillərə ziyan vurulması Rusiya sülhməramlı kontingentinin təyinatından kənar fəaliyyət göstərdiyinin əyani təzahürüdür. 

Azərbaycanlıların etiraz aksiyasını Demokrat.az-a şərh edən politoloq Azər Niftiyevin sözlərinə görə, rəsmi Bakı dəfələrlə Rusiya sülhməramlılarına xəbərdarlıq edib:

“Lakin onlar bu xəbərdarlıqdan nəticə çıxarmırdılar. Dəfələrlə Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatlarında Azərbaycan ərazilərinin adları uydurma erməni toponimləri ilə qeyd olunur, bununla ölkəmizin ərazi bütövlüyünə xələl gətirən informasiyalar tirajlanırdı. Eyni zamanda, onlar “Dağlıq Qarabağ ərazisi” ifadəsini işlədirdilər ki, bu termin artıq mövcud deyil. 2021-ci ildə “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Prezident İlham Əliyevin fərmanı ilə Qarabağ iqtisadi rayonu yaradılıb”.

A.Niftiyev qeyd edir ki, bu təxribatlar məqsədli və davamlı şəkildə həyata keçirilir:

“Dekabrın 9-da Qarabağ iqtisadi rayonunda yerləşən və hələ də işğalçı Ermənistanın şirkətləri tərəfindən qanunsuz şəkildə istismar olunan faydalı qazıntı mədənlərində rəsmi Bakının göndərdiyi nümayəndələrin monitorinq aparmasına ərazilərimizdə müvəqqəti yerləşmiş Rusiya Sülhməramlı Kontingenti tərəfindən maneə törədilməsi, eyni zamanda rus sülhməramlı kontingentinin dəstəyilə Xankəndidə keçirilən son aksiya bunun bariz nümunəsidir. Azərbaycanlı ekofəalların keçirdiyi son aksiya onlara ciddi mesajdır və nəhayət, Rusiya sülhməramlıları bundan nəticə çıxarmalı, öz mandatına və təyinatına uyğun fəaliyyət göstərməlidirlər”.

Siyasi şərhçinin fikrincə, bütün təxribatlar Rusiyanın regionu qarışdırmaq niyyətindən qaynaqlanır: 

“Rusiyanın fevralın 24-dən başladığı və bu günə qədər davam Ukrayna təcavüzü nəticəsiz qalır. Rusiya nəinki öz məqsədinə nail olmayıb, əksinə, son dövrlər üstünlük Ukraynanın tərəfinə keçməkdədir. ABŞ və Qərbin Rusiyaya qarşı çoxvektorlu embarqoları, prezident Vladimir Putinin qismən səfərbərlik qərarından sonra əhalinin kütləvi şəkildə ölkəni tərk etməsi, daxili narazılıqlar və bütün bunların fonunda hakim elitanı gözləyən təhlükələr Moskvanı hərəkətə keçməyə təhrik edir. İmperialist maraqlarını qoruyan Kreml hər vəchlə qonşu dövlətlərin ərazi bütövlüyünə xələl gətirməyə, onları təhdid etməyə başlayıb. Xüsusən, Azərbaycanın müstəqil və balanslaşdırılmış xarici siyasət kursu postsovet ittifaqını öz nəzarətində görmək istəyən Moskva üçün arzuolunan deyil. Bu məqsədlə davamlı olaraq Azərbaycana təzyiq göstərirlər. Lakin görəndə ki, ölkəmiz bu təhdidlərə boyun əymək niyyətində deyil və Rusiya sülhməramlı kontingentindən mandatına və təyinatına uyğun fəaliyyət tələb edir, geri çəkiləcəklər. Bu mənada bu gün keçirilən aksiyanın əhəmiyyəti böyükdür”.