Samirə Əfəndi “Avroviziya” barədə: “Yeddi il bu qapıları döydüm” – MÜSAHİBƏbackend
Müsahibə
481

Samirə Əfəndi “Avroviziya” barədə: “Yeddi il bu qapıları döydüm” – MÜSAHİBƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xaricdən kövrək və zərif, daxildən isə güclü və məqsədyönlü. Azərbaycanı yeddi ildir ən məşhur mahnı yarışmalarında təmsil etmək arzusunda olan “Avroviziya-2021” təmsilçimiz Əfəndi (Samirə Əfəndi) özünü belə hesab edir.

“Yeddi ildir bu qapıları döyürəm və budur, son iki ildə onlar mənim üçün açıqdır”, – deyə yarışmacı etiraf edib.

Caliber.Az müvəffəqiyyətinin sirrini, “Avroviziya” üçün çıxışını və müsabiqənin yeni qaydalarını izah edən Əfəndi ilə söhbət edib.

– Samirə, tezliklə 30 illik yubileyinizi qeyd edəcəksiniz…

– Bəli, haqlısınız, aprelin 17-də. Təəssüf ki, pandemiya səbəbiylə, böyük bir ziyafət təşkil etmək mümkün olmayacaq, baxmayaraq ki, çox istərdim. Ailə dairəsində qeyd edəcəyik. Bu əlamətdar gündə məni təbrik etmək istəyən hər kəslə onlayn əlaqə saxlayacağam. Pandemiyada başqa yol yoxdur (gülümsəyir).

– Artıq ikinci ildir ki, böyük beynəlxalq mahnı müsabiqəsi üçün belə deyək, xoş çətinliklər çəkirsiniz. “Avroviziya” həyatınızı dəyişməyə imkan tapıb?

– Əlbəttə! “Avroviziya” həyatı həddindən artıq dəyişdirir. Bir tərəfdən çox xoş anlar var, demək olar ki, bütün Avropada məni tanıyırlar və dinləyirlər. Təsəvvür edin, böyük bir fan-qruplar yaradılır (gülür). Ancaq digər tərəfdən bu geniş miqyaslı yarışa hazırlaşmaq böyük və ağır bir işdir. Studiyadakı sonsuz qeydlər, çəkilişlər, məşqlər… Praktik olaraq şəxsi vaxtdan məhrum olursunuz.

Ancaq şikayət etmirəm, özüm bunu çox istəyirdim, buna doğru gəlirdim və hələ ki, yoluma davam edirəm. Bu böyük təcrübədir, yəqin ki, hər sənətkar möhkəmlənmək üçün bundan keçməlidir. Bu sıx iş qrafiki sayəsində çox səbirli, dözümlü və daha az emosional olmuşam.

– Təsəvvür edirəm, çünki xəyalınıza gedən yol üçün düz bir il gözləməli oldunuz…

– Bəli, müsabiqənin ləğv edildiyini eşidəndə özümü necə hiss etdiyimi bilmirsiniz. Necə ağlayırdım… Mənə elə gəldi ki, bütün həyatımın xəyalı elə bu saniyələrdə çökdü. Komandamdakı uşaqlar məni düz iki saat sakitləşdirməyə çalışdılar. Artıq bir müddət sonra 2021-ci ildə Azərbaycanı təmsil edəcəyimi bildim. Xoşbəxtliyimin və sevincimin həddi-hüdudu yox idi. Siz sadəcə həmin vaxt məni görmədiniz (gülür). Bir sözlə, uzun müddət kədərlənməli olmadıq, dərhal intensiv məşqlərə başladıq.

– Hər iki mahnınız dövrünün güclü və məşhur qadınları haqqındadır. Bəstələrin qəhrəmanları ilə aranızda ortaq bir şey varmı?

– Bəli, əlbəttə, çox oxşarlıqlar tapıram. Ancaq ən əsası, onlar kimi mən də özümü çox güclü və inamlı hiss edirəm, zahiri incəliyə və kövrəkliyə baxmayaraq heç vaxt heç nəyə təslim olmuram (gülümsəyir). Əgər özümə bir məqsəd qoymuşamsa, o zaman hədəfə çatana qədər davam edirəm. Yeddi il “Avroviziya”nın qapılarını döydüm və son iki ildə onlar mənim üçün açıqdır.

– Mahnınız üçün video müsabiqənin rəsmi “YouTube” kanalında mart ayı üçün ən çox baxılan 10 videoya daxil olub. Necə düşünürsünüz, izləyicini necə bağlaya bildiniz? Sizi fərqləndirən nədir?

– Düşünürəm ki, məhz milli koloritlə tamaşaçıların qəlbinə toxuna bildik. Axı biz milli və çağdaş musiqini birləşdirməyə çalışdıq. Kompozisiyamda Azərbaycan musiqi alətləri – zurna və nağara, eləcə də Azərbaycanın xalq rəqsi “Yallı”nın melodiyasına əsaslanan etnik motivləri eşidə bilərsiniz. Mənə elə gəlir ki, belə parlaq bir zurna səsinə heç kim laqeyd qalmayacaq, bəlkə də dünyanın hər yerindən gələn dinləyiciləri belə bağladıq. Bundan əlavə, kompozisiyada Azərbaycan dilində “Yalan da mən, yanan da mən, yaman da mən” ifadəsi var. Yeri gəlmişkən, bu müsabiqə iştirak tariximizdə ilk dəfədir.

– Belə musiqi simbiozunun təşəbbüskarı kim oldu?

– Ötən ildən bəri mahnıda ana dilində sözlər eşitmək çox istəyirdim. 2020-ci ildə bu alınmadı, baxmayaraq ki, kompozisiyada Azərbaycan milli musiqi alətləri – tar, balaban və ud istifadə olunmuşdu. Bu il komanda məni dəstəklədi və mahnıda doğma Azərbaycan dilini eşitmək olar.

– Həqiqətən, çox parlaq bir kompozisiyamız var. Ancaq ədalət naminə, bu il müsabiqədə kifayət qədər güclü iştirakçı var. Hansı ölkələrin nümayəndələrini əsas rəqibləriniz hesab edirsiniz?

– Haqlısınız, “Avroviziya-2021” çox sayda güclü səslə yadda qalacaq. İştirakçıları rəqib kimi qəbul etməməyə çalışıram, ancaq favoritlərimi sizə səsləndirə bilərəm. Bu, Rusiyanı təmsil edəcək “Russian women” mahnısı ilə müğənni Manija, İslandiyadan “Daði & Gagnamagnið” qrupu (“10 years”), Finlandiyadan “Blind Channel” (“Dark Side”) və əlbətdə Britaniyadan Ceyms Nyumandır (“Embers”). Çıxış edəcəyim yarımfinalda ümumiyyətlə ən güclü rəqiblər toplaşıb.

– Bəs qazanma şansınızı necə qiymətləndirirsiniz?

– Hazırda nəsə demək çətindi. Hər şey son təqdimatdan, hər bir iştirakçıya verilən üç dəqiqədən asılı olacaq. Avropa ictimaiyyətini fəth etmək və təəccübləndirmək üçün əlimdən gələni edəcəyəmi deyə bilərəm. Əlbətdə gizlətməyəcəyəm, həqiqətən qazanmaq istəyirəm, amma eyni zamanda əvvəlcədən bir şey düşünmək istəmirəm. Yalnız bunu deyə bilərəm ki, ölkəni ləyaqətlə təmsil etmək üçün çox çalışırıq.

– Bu illər ərzində Azərbaycan “Avroviziya” Mahnı Müsabiqəsi üçün iştirakçıların seçiminə çox məsuliyyətlə yanaşıb. Bəs bizim təmsilçilər arasında favoritləriniz varmı?

– Düz deyirsiniz, ölkəmiz həmişə yarışa çox ciddi hazırlaşır. Mənim favoritlərim arasında “Day After Day” mahnısı ilə Elnur və Samir var, Aysel və Araşın, eləcə də Safura Əlizadənin ifalarını çox bəyəndim, mahnılarını xatırlayıram. Ümumiyyətlə, həmişə parlaq və yaddaqalan çıxışlarımız olur.

– Bəs “Avroviziya-2021” səhnəsində necə görünəcəksiniz?

– Planlaşdırdığımız möhtəşəm bir çıxış var. İndi təəssüf ki, bütün detalları sizə açıqlaya bilmərəm, amma ümumiyyətlə klip kimi görünməyəcəyini deyə bilərəm. Rəqsdə artıq bəzi dəyişikliklər etdik, çox parlaq kostyumlarımız olacaq, nə qədər təvazökar səslənməsə də, sözün həqiqi mənasında parlayacağam.

– Bildiyim qədər, pandemiya səbəbi ilə Rotterdama böyük bir komanda ilə gedə bilməyəcəksiniz?

– Bəli, haqlısınız. İki qrupa bölünməli olduq. Bir qrup mənimlə gedəcək, digəri isə Bakıda qalacaq. Təsəvvür edin, onlardan biri mənim vokal ustamdır. Buna görə, hər bir halda, daim onlarla əlaqə saxlayacağam. Ailəmin və dostlarımın yanımda olmayacağına görə çox üzüldüm.

– Rotterdamda yanınızda kimləri görmək istərdiniz?

– Anamı və bacımı, onlar mənim əsas dayağımdır. Onlar yanımda olanda, mən həmişə daha sakit oluram. İndi heç olmasa mənim ifamda iştirak etmək üçün ora getməyə yol axtarırlar, amma hələ bilmirik ki, alınacaq, ya yox…

– Çox həyəcanlısınız?

– Yox! Qalib gəlmək əzmindəyəm, çox hazırlaşmışam və buna davam edirəm. Əlbətdə ki, bir az həyəcan var, bu, tamaşadan bir az əvvəl yaranır. Bunun hətta yaxşı olduğunu düşünürəm, bütün ifaçılarda bu olur.

– Bir qədər də yarışın yeni qaydaları haqqında danışın.

– Pandemiya səbəbindən hər şey bir az fərqli olacaq. Çıxışı canlı ifa ilə birləşdirmək üçün əvvəlcədən bek-vokalları fonoqramda yazmalı idik. Bundan əlavə, iştirakçıların və komanda üzvlərinin mütəmadi olaraq koronavirus testləri verəcəkləri deyilib, sosial məsafəni qorumağımız, maska ​​taxmağımız və ehtiyac olmadığı təqdirdə hotelimizin ərazisini tərk etməməyimiz barədə xəbərdar olunmuşuq. Söhbət, məsələn, konsert salonundakı məşqlər və çıxışlardan gedir. Əks təqdirdə, hər kəsi böyük cərimə gözləyir.

– Ciddi tədbirlər… Hələ Avroviziyada olmadığınız müddətdə deyin, hansı musiqini dinləməyi üstün tutursunuz? Kumirləriniz varmı?

– Kumir deməzdim, amma bir qayda olaraq, mahnı seçimi çox vaxt əhval-ruhiyyəmdən asılıdır. Bəzən Kristina Aqileranı dinləyirəm, bəzən də günlərlə “Queen” qrupuna qulaq asıram. Robbi Uillyams, Beyons, Uitni Hyustonu çox sevirəm. Hər kompozisiyada özümə məxsus, ruhuma düşən bir şey tapıram və artıq bu mahnını sevməyə bilmirəm.

– Bildiyim qədər aktyor olmağa hələ də biganə deyilsiniz. Özünüzü film sənayesində sınamağı planlaşdırırsınız?

– “Qış nağılı” filmində iştirak etmişəm. Haqlısınız, bu sahəni çox sevirəm. Bir yaradıcı insan kimi bütün bu proses məni valeh edir. Məsələn, məmnuniyyətlə tarixi bir filmdə rol alardım.

– Kleopatra və ya Mata Hari rolunu oynayardınız…

– Bəli, böyük məmnuniyyətlə (gülür). Onların çox maraqlı bir həyatı olub, düşünürəm ki, bacarardım.

– Seçməli olsanız: müğənni karyerası, yoxsa aktrisalıq?

– Birmənalı olaraq müğənnilik. Musiqiyə xüsusi münasibətim var, bunu heç nəyə dəyişmərəm! Bu, ilk notlardan başlayan və ömürlük sevgidir.