Səhiyyə Nazirliyinin təşəbbüsü, Azərbaycan Tibb Universiteti (ATU) və Azərbaycan Pediatrlar Assosiasiyasının birgə təşkilatçılığı ilə Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə iyunun 1-də uşaqlar üçün kompleks müayinə aksiyası başlayıb.
APress.az xəbər verir ki, ATU-nun Tədris Cərrahiyyə və Tədris Terapevtik klinikalarında keçirilən aksiyada müxtəlif sahələr üzrə
ixtisaslaşmış peşəkar həkim heyəti tərəfindən müayinə və ambulator müalicə-profilaktik xidmətlər göstərilir.
Tədris Cərrahiyyə Klinikasının baş həkimi Fariz Camalovun sözlərinə görə, şəhid və qazi övladları üçün təşkil olunan aksiya üç gün davam edəcək. Aksiyanın məqsədi uşaqlarda xəstəliklərin vaxtında aşkarlanması, düzgün müalicə edilməsi, hətta lazım gələrsə, cərrahi əməliyyatların keçirilməsidir.
Tədris Terapevtik Klinikanın direktoru Fərid Eyvazov bildirib ki, aksiyaya klinikanın 25 əməkdaşı cəlb olunub. Gün ərzində 150-200 qazi və şəhid övladına ödənişsiz tibbi xidmət göstərilməsi nəzərdə tutulub.
O, hər ay klinikada “Açıq qapı” günlərinin keçiriləcəyini və uşaqların ödənişsiz müayinə olunacağını da diqqətə çatdırıb.