“Azərbaycan ərazisində pandemiya dövrünün təşkili üzrə qaydalar müəyyənləşib və bu qaydalar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilib. Bu mənada Səhiyyə Nazirliyinin mövzu ilə bağlı tövsiyyə verməsini anlayışla qarşılayırıq. Amma bu hüquqi sənəd deyil”.
Bunu APress.az-a açılamasında Səhiyyə Nazirliyinin təsdiqlədiyi müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus infeksiyasına dair metodiki göstərişlərdə fərdi tədris və repetitor xidmətləri zamanı onlayn tədrisə üstünlük verilməsinin öz əksini tapmasına münasibət bildirərkən, təhsil eksperti Kamran Əsədov deyib:
“Nazirliyin bu qərarı ziddiyyətlidir. Sabah polis bunu əsas gətirərək, həmin özəl təşkilatları cərimələyə bilər. Səhiyyə Nazirliyi bununla bağlı qərar qəbul edə bilməz. Qərar qəbul edən orqan Operativ Qərargahdır.
Orta məktəblərdə 1,6 milyon şagird oxuyur. 16-30 iyun arası hətta yay məktəbləri fəaliyyət göstərir. Bu zaman onlar qapalı məkanda olsalar da qoruyucu maskadan istifadə etmir, amma özəl kurs və repetitor fəaliyyəti zamanı maskadan istifadə məcburidir. Orta məktəbdə müəllimin yanında azı 15 nəfər olur, amma repetitorun yanında cəmi 5 nəfər. Belədə hansı daha təhlükəlidir? Deməli, nazirliyin verdiyi bu qərar ziddiyyətlidir”.
Bununla yanaşı, ekspert bildirdi ki, nazirlik qərarda yer alan otaqların havalandırılması və kurslar arasında 15 dəqiqəlik ara məsafənin olması tələbində isə haqlıdır: “Ancaq bu tövsiyyədir. Qərar deyil”.
Repetitorluğun onlayn keçirilməsinə gəldikdə, K. Əsədov bir daha vurğuladı ki, texniki və təbiət fənlərinin onlayn tədrisi keyfiyyətli deyil: “Yalnız humanitar fənləri onlayn keçirmək olar. Bunu dekabrdakı milli qiymətləndirmə və apreldəki buraxılış imtahanları zamanı da gördük. Təbiət və texniki fənlərdən keyfiyyətli nəticə almaq üçün bu fənlər mütləq auditoriyalarda keçirilməlidir”.
Həmsöhbətimiz Səhiyyə Nazirliyinə sual da ünvanladı: “Harada və hansı tədqiqatlara əsasən prosesin belə olmasını tövsiyyə ediblər? Bu nəyin təlaşıdır? Yenidən qapanmaların siqnalıdırmı?”