Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli Azərbaycan Biznes Partnyorları Klubunun (BPC) üzvləri ilə növbəti görüşünü keçirib. Səfirliyin mənzil-qərargahında baş tutan görüşdə BPC üzvləri üçün ziyafət verilib. Görüşdə 20-dən artıq iş adamı və diplomatik korpusun rəsmiləri iştirak ediblər.
Azərbaycan və Səudiyyə Ərəbistanı arasında ticarət dövriyyəsinin və loqistika imkanlarının artırılmasına həsr olunan görüşdə qonaqları salamlayan diplomat İssam bin Saleh əl-Cuteyl BPC üzvləri ilə yenidən bir araya gəlməkdən məmnunluğunu ifadə edib. Səfir Azərbaycanla iqtisadi əlaqələrinin gücləndirilməsi və qarşılıqlı ticarət dövriyyəsinin artırılmasında ölkəsinin maraqlı olduğunu qeyd edib: “Səudiyyə Ərəbistanı Kralllığı Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir və ölkələr arasında münasibətlər çox yüksək səviyyədədir. Qürurverici məqamdır ki, Səudiyyə Ərəbistanı və Azərbaycandan olan iş adamları arasında da təmaslar yüksələn xətlə inkişaf edir. Azərbaycan Biznes Partnyorları Klubunun (BPC) üzvləri ilə yenidən bir araya gəlməkdən şadam. İrəli sürəcəyiniz təklifləri dinləməyə və qarşılıqlı ticari əlaqələrin artırılmasına öz töhfəmizi verməyə hazırıq” – səfir vurğulayıb.
Azərbaycan Biznes Partnyorları Klubunun (BPC) sədri Gülpəri Bayramova bildirib ki, rəhbəri olduğu qurumun əsas məqsədlərindən biri xarici bazarlara çıxışın təmin edilməsi, yerli istehsalın artırılması və “Made in Azerbaijan” brendinin təşviqidir. Sədr BPC-nin Azərbaycanla Səudiyyə Ərəbistanı arasında ticarət əlaqələrinin inkişafına verdiyi dəstəyi qeyd edib və bundan sonra da analoji fəaliyyətin davam etdiriləcəyini bildirib. İki ölkə arasında ticarət mübadiləsi üçün loqistika imkanlarının artırılmasının vacibliyini önə çəkən G.Bayramova bugünkü görüşün də məhz bu məqsədlə keçirildiyini diqqətə çatdırıb.
Görüşdə iştirak edən iş adamları Əli Abbasov, Radji Qulamirov, Nahid Həsənov, Tural Həsənov, Rövşən Xudiyev, Fatimə Əsgərova, Nahidə Quliyeva, Aysel Mehdiyeva, Nigar Babayeva, Zeynəb Şahverdiyeva, Şəmistan Əlizadə, Nahid Aslansoy, Namiq Məmmədov, Hikmət Əliyev, Yusif Ağayev, Mansur Axundov, Maya Səbzəliyeva, Aynur Babayeva, Saina Hacıyeva, Aybəniz Hüseynova və Hikmət Hacıyev təmsil olunduqları sahələrdə qarşılıqlı əməkdaşlığa dair fikirlərini səsləndiriblər.
Qarşılıqlı və faydalı dialoq formatında keçən görüşdə təmasların bundan sonra da davam etdirilməsi qərara alınıb. BPC sədri Gülpəri Bayramova rəhbəri olduğu qurumun fəaliyyətinə göstərdiyi diqqətə görə, Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteylə təşəkkürünü bildirib.