“SOCAR-da islahatlar gözlənilən və qaçılmaz idi”backend
İqtisadiyyat
2622

“SOCAR-da islahatlar gözlənilən və qaçılmaz idi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vüqar Oruc: “Digər qurumlarda və sahələrdə də islahatlar aparılmalı, şəffaflıq təmin edilməlidir”

Prezident İlham Əliyevin sərəncamı ilə Rövşən Nəcəf Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti təyin edilib. Prezidentin digər sərəncamı ilə Dövlət Neft Şirkətinin prezidenti vəzifəsinin icrası ona həvalə edilib.

Xatırladaq ki, R.Nəcəf buna qədər İqtisadiyyat nazirinin müavini vəzifəsində çalışıb. Bir ay öncə isə İqtisadiyyat nazirinin birinci müavini təyin edilib. Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev isə İqtisadiyyat nazirinin müavini vəzifəsinə təyinat alıb. Bundan bir müddət qabaq isə SOCAR-da Müşahidə Şurası təsisatı yaradılıb və Mikayıl Cabbarov Şuranın sədri təyin edilib.

“VECON CONSULTING” qiymətləndirmə şirkətinin direktoru, iqtisadçı-ekspert Vüqar Oruc ARDNŞ-də aparılan islahatların vacib olduğunu diqqətə çatdırıb: “Bilirsiniz ki, 2018-ci ilin prezident seçkilərindən sonra inaqurasiya çıxışı zamanı Prezident İlham Əliyev bildirdi ki, Azərbaycanda köklü islahatlar həyata keçiriləcək və bu islahatlar bütün sahələri əhatə edəcə. Mərkəzi İcra Hakimiyyətində, regional idarəetmə orqanlarında, qanunverici hakimiyyətdə, məhkəmə sahəsində islahatlar aydın şəkildə ortaya qoydu ki, hökumət köhnə idarəetmə metodlarından imtina edir və instusional islahatların mahiyyətində müasir və çevik idarəetmə modelini yaratmaq niyyəti dayanır. Elə bir sahə yoxdur ki, bu islahatlar prosesindən kənarda qalsın. Hətta hakim Yeni Azərbaycan Partiyasında belə islahatlara başlanıldı. Düzdür, bəzi strukturlarda islahatlar hələki effekt verməyib. Çünki bu qurumlarda ilərdir oturuşmuş sistem mövcuddur və proses mərhələli aparılmalıdır. Yəni, bu bir zaman məsələsidir. Bu əsnada Prezident İlham Əliyevin təmkinli siyasəti xüsusilə təqdir olunmalıdır. Lakin bütün hallarda bu islahatların davam etdirilməsi labüddür”.

Ekspertin sözlərinə görə, SOCAR ölkənin aparıcı müəssisələrindən biridir və xüsusi yanaşma tələb edən qurumdur: “Dövlət Neft Şirkəti sürətlə böyüyür və dünyanın müxtəlif dövlətlərində strukturları yaranır. Bu xüsusda mütləqdir ki, bu dövlət şirkəti öz fəaliyyətini müasir dövrün tələbləri ilə uyğunlaşdırsın. Bilirsiniz ki, bir müddət öncə ARDNŞ-də Müşahidə Şurası təsis olundu və iqtisadi blokda təmsil olunan peşəkar məmurlar bu qurumda yer aldılar. ARDNŞ-ə iki yeni vitse-prezident təyin edildi və onlar da müasir dünyagörüşə malik menecerlərdir. Prezidentin son sərəncamı ilə SOCAR-ın rəhbərliyində dəyişiklik edilməsi, Rövnəq Abdullayevin vəzifədən azad olunması, İqtisadiyyat Nazirliyində, Prezident Adminstrasiyasında mütərəqqi fəaliyyəti ilə rəğbət qazanmış Rövşən Nəcəfin rəhbərliyə gətirilməsi müsbət məqamdır. Hesab edirəm ki, bu təyinat Dövlət Neft Şirkətinin qarşısında yeni imkanlar açacaq və onun rəhbərliyi altında SOCAR keyfiyyətcə yeni mərhələyə qədəm qoyacaq” – Vüqar Oruc söyləyib.

O əlavə edib ki, digər qurumlarda da islahatların davam etdirilməsi gözlənilir: “Xüsusən gömrük əməliyyatları, dövlət satınalmaları zamanı, eyni zamanda yerli icra strukturlarında ciddi islahatlar aparılmalı, şəffaflıq təmin edilməli və bu qurumların da fəaliyyəti müasir dövrün tələbləri ilə uyğunlaşdırılmalıdır. Bütün hallarda cəmiyyətin islahat gözləntisi çox böyükdür” – iqtisadçı ekspert fikrini yekunlaşdırıb.

Apress.az