“Stadiondakı ota bakteriya düşüb” – “QARABAĞ”dan rəsmi AÇIQLAMAbackend
İdman
482

“Stadiondakı ota bakteriya düşüb” – “QARABAĞ”dan rəsmi AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gündür ki, “Qarabağ” klubunun UEFA Konfrans Liqası çərçivəsində ev oyunlarını keçirdiyi Tofiq Bəhramov adına Respublika Stadionu ot örtüyünün bərbad vəziyyətdə olmasına görə tənqid olunur. Sosial şəbəkə istifadəçiləri tərəfindən əkin sahəsinə bənzədilən ölkənin bir nömrəli arenası komandaların oyun nəticələrinə də dolayısı ilə təsir edir.

 

“Qarabağ”ın sonuncu qarşılaşmasını keçirdiyi Şotlandiyanın “Aberdin” komandasının baş məşqçisi Stiven Qlass da stadionun ot örtüyünü tənqid edərək “rüsvayçılıq” adlandırıb. Baş məşqçi həmçinin oyunda Endryu Konsidaynın zədələnməsini də stadionun vəziyyəti ilə əlaqələndirib.

 

İstər “Qarabağ” klubunun rəhbərliyi, istər də rəqib komandanın baş məşqçisi stadionun ot örtüyünün vəziyyətindən narahatlıqlarını açıqlasalar da, hələ də buna görə məsul şəxslərin kim olduğu bilinmir. Stadionun direktoru Şamil Quliyev açıqlamasında məsuliyyəti “Qarabağ” klubunun üzərinə atıb. Bildirib ki, 2015-ci ilin yanvar ayında Tofiq Bəhramov Stadionu ilə “Qarabağ” arasında imzalanan müqaviləyə görə stadionun ot örtüyü ilə təmin olunması və saxlanılması “Qarabağ”ın məsuliyyətindədir.

 

Problemlə bağlı adıçəkilən klubla da əlaqə saxlanılıb. “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə stadionun ot örtüyünün vəziyyətini ota bakteriyanın düşməsi ilə əlaqələndirib: “Biz stadionun vəziyyətindən xəbərdarıq. “Qarabağ” icarə əsasında Tofiq Bəhramov adına Respublika Stadionunda oynayır. Klub icarədardır, buna görə təkcə klub məsuliyyət daşımır. Otun yerləşdiyi yer əlverişsizdir. Ötən gün “Qarabağ”ın “Səbail”lə matçı “Azersun Arena”da keçirildi. Ot örtüyünə baxan mütəxəssislər hər iki stadionda eyni insanlardır. Necə olur ki, eyni yerdə stadion xalça kimidir və heç bir problem yoxdur?! Qısası, ota bakteriya düşüb”.

 

Abbaszadə əlavə edib ki, artıq o stadionda böyük fasilə yaranıb və növbəti oyunadək problem həllini tapacaq: “Növbəti oyun, qismət olarsa, “Qarabağ” qrupa vəsiqə qazanacağı təqdirdə sentyabrın 16-da baş tuta bilər. O zaman ot örtüyü ideal vəziyyətdə olacaq. Buna əminik, söz veririk”.

 

Qeyd edək ki, Tofiq Bərhramov adına Respublika Stadionunun ot örtüyü ilə bağlı problem bundan əvvəl də dəfələrlə gündəmə gəlib. Ölkənin bir nömrəli arenasında 2012-ci ildə əsaslı təmir və yenidənqurma işləri aparılıb. Stadionun ot örtüklü futbol meydançası UEFA standartlarına tam uyğun şəkildə yenidən qurulsa da, sonradan yenə bu vəziyyətə düşüb.

 

(Qafqazinfo)